Məktəb ansamblı… Nə qədər doğrulan və doğrulmayan ümidlər, qəbul edilmiş və edilməmiş istedadlı uşaqlar, onların işinə nə qədər qiymət verən müəllimlər olur bu zaman! İlk alqışlar, ilk səhnə uğurları və müvəffəqiyyətsizlik də olur… Buna baxmayaraq, Musiqi məktəblərindəki ansamblların iştirakçıları arasında sonralar çoxlu sayda məşhur musiqiçilər yetişir və yetişəcək.
Məktəb ansambllarında gələcək istedadlar, musiqiçilər ilə birlikdə gələcək tamaşaçılar da yetişir. Məktəb səviyyəli ansambllarda iştirak edən uşaqlar arasında hamı “isdedadlar” sırasına qatılmır. Lakin, əsl, ağıllı tamaşaçı kimi çoxları yetişir. Bu ansamblların üzvləri sonradan həvəsini ali musiqi təhsil ocaqlarına yönəldir, gələcəyin məşhur musiqiçiləri və musiqişünaslarına çevrilirlər.
Könüllü, lakin bacarıqlı uşaqlardan ibarət belə ansamblların rəhbərlərinin işi böyükdür. Bir sözlə, “böyük ansambllar”dakı işdən heç də az deyil. Axı rəhbər uşaqlarda “emosiyaları” söndürə və bu emosiyaları böyük bacarığa da çevirə bilər.
Keçirilən məşqlər və səhnədəki ifalar zamanı uşaqlarda səhnə mədəniyyəti inkişaf edir, onları bir növ səhnəyə və tamaşaçıya öyrəşdirir. Uşaqlar tədris otaqlarında öyrəndikləri musiqi əsərlərini canlı səhnədə ifa edirlər, onların məharəti artır, öyrəndikləri uşaq beyinlərinə hopur, dərin iz salır.
Uşaqları təlimin bu istiqamətinə yönəltmək – məktəblərdə fəaliyyət göstərən ansamblların rəhbərlərinin əsas vəzifələrindən biridir. Çünki uşaqlar bu zaman musiqi əsərlərinə əsl peşəkar maraq göstərir və səhnə vərdişləri əldə edirlər.
Musiqi tədrisinin bütün sahələri məktəb ansamblında real təcrübədə tez-tez kəsişir. Bu ansamblı yaratmaq ideyasının özü məktəbdə təhsilin keyfiyyətinin yüksəldilməsi yolunda böyük və yaradıcı təşəbbüsdür. Müəyyən repertuarı olan ansambl yaratmağa olan cəhdin özü ansamblın rəhbərinə məktəbdəki bütün tədris-təlim işinin perspektivlərini dolğun təsəvvür etməyə və tədrisin qarşıya qoyduğu vəzifələrin nəticələrinin daha məqsədyönlü və uğurlu olmasına kömək edir.
Məşhur musiqi əsərlərinin ifasının məşqləri zamanı əldə olunan təcrübə uşaqların musiqi qabiliyyətini artırır, onların qarşısında əsərin “səhnə sirlərini” açır və incəsənətin şərti xarakteri haqqında onların təsəvvürlərini böyüdür.
Hazırlanmış musiqi əsərinin və ya onların ayrı-ayrı hissələrinin səhnədə ifa edilməsinin həm ifaçı uşaqlar üçün, həm də onların tamaşaçıları – məktəblilər üçün böyük əhəmiyyəti vardır. Tamaşaçılar qarşısında edilən ifalar məktəblilərdə öz işinə olan məsuliyyəti artırır, kollektivçilik hisslərini möhkəmləndirir.
Musiqi əsərlərinin kollektiv şəkildə hazırlanması nəinki, sadəcə bir iş, həmçinin razılaşdırılmış, yaxşı düşünülmüş kollektiv işdir.
Ona görə də təsadüfi deyildir ki, məktəblilər ilə sistematik iş görən musiqişünas-pedaqoqlar bu işin əsl kollektivçilik tərbiyəsində əhəmiyyətinə böyük qiymət verirlər. Bu, əsl dostluq və yoldaşlıq hissləridir və çox zaman bu hisslər uzun illər qorunub saxlanılır.
Ansamblda kollektiv şəkildə hazırlanmış musiqi əsərlərinin ifasından sonra bu, ansambl üzvlərini gələcəkdə öz bacarıqlarının inkişaf etdirilməsinə, bilik və bacarıq səviyyəsini artırmağa, musiqiçi olmaq arzusu ilə yüksəkliklərə çatmağa inam ilə ansambl üzvlərinin tərbiyəsində yeni imkanları yaradır.
Buna görə də ansambl rəhbərləri məşqlərin təşkil olunmasının bütün sistemini və konsert proqramı ilə səhnədə çıxışın özünü bayram və məsuliyyətli iş kimi uşaqlara təlqin etməkdə səhv etmirlər. Bu, səhnədə özünü istedadlı şagird kimi göstərməyə can atan bütün şagirdlər üçün həqiqətən də bayram və məsuliyyət tələb edən bir işdir.
Aida Əmrahovanın Gəncə şəhər, 1 saylı Uşaq Musiqi Məktəbinə rəhbərlik etdiyi bu dövrlərdə təhsil ocağında hər bir ixtisas üzrə ansamblların yaradılması işinə böyük diqqət yetirilmişdir. Bu növ fəaliyyətin musiqi təhsili alan uşaqların bacarıq və qabiliyyətinin daha da inkişaf etdirilməsində rolunu əsas tutaraq, məktəbin kollektivi bu sahədə böyük işlər aparıb və aparır.
Hal-hazırda məktəbdə təşkil olunmuş ansambllar məktəbdaxili, eləcə də şəhər səviyyəli tədbirlərdə uğurla çıxış edir. Bayram və əlamətdar günlərdə tez-tez tamaşaçılar qarşısında rəngarəng konsert proqramı ilə öz bacarığını göstərən şagirdlər üçün bu, möhtəşəm tədbirlər sayılır. Axı, onlar burada püxtələşir, musiqiçi bacarığını inkişaf etdirirlər.
Bu səbəbdən Aida müəllimənin ansambllarla bağlı məktəbdə gördüyü işlər bu təhsil ocağındakı təlim-tədris işində əvəzsiz sayılmalıdır. Çünki, təcrübə onu da sübut edir ki, hansısa musiqi əsərini kollektiv şəkildə ifa edərkən uşaqlar şəxsi bədii-yaradıcı təşəbbüsü daha dolğun şəkildə göstərir, onların qarşısında qoyulmuş yaradıcı vəzifə və tapşırıqların öhdəsindən daha şüurlu surətdə gəlirlər.
Bu da təbii haldır ki, burada çox şeyi ansamblların bədii rəhbərlərinin bu işə olan şəxsi münasibəti də həll edir. Uşaqlar üçün nəticədə nəyin lazım, maraqlı və vacib olduğu iş prosesində özünü göstərir. Əgər pedaqoq və rəhbər uşaqların həvəsini lazımi istiqamətə yönəldə bilirsə, bu zaman o artıq öz bacarığını sübut edə bilmişdir.
Gəncə şəhər 1 saylı Uşaq Musiqi Məktəbinin kollektivini tez-tez bayram tədbirlərində görmək olar. Məktəbin ifaçılıq qabiliyyəti ilə seçilən uşaq ansamblları bu tədbirləri, sözün əsl mənasında, ifa etdikləri mahnılarla bəzəmiş, tamaşaçıların ürəkdən gələn alqışlarını qazanmışlar. Məktəbdə fəaliyyət göstərən gənc ifaçılardan ibarət ansambllar Gəncə şəhərinin ərazisindəki hərbi hissələrdə hər il bayram münasibəti ilə konsert proqramları təşkil etmiş, onlara bayram sovqatları çatdırmışlar. Təqdim olunan musiqi nömrələri hərbi qulluqçulara xoş ovqat bəxş etmiş, hərbi hissə komandanlığı bayramı onlarla birgə qeyd etdiklərinə görə həmişə gənc musiqiçilərə minnətdarlığını bildirmişlər. Məktəbin musiqi ansamblları bayram tədbirlərində xalq və bəstəkar mahnıları, aşıq havaları, hərbi-vətənpərvərlik mövzusunda mahnılar ifa ediblər. Əsgərlər qonaqlarla birgə rəqs edib, şənləniblər. Bu konsertlər adətən əsgər və zabitlər tərəfindən alqışlarla qarşılanıb. Əsgərlər, zabitlər, eləcə də tədbiri izləyən qonaqlar gənc musiqiçilərin ifa etdikləri bu gözəl və maraqlı konsert proqramlarını rəğbətlə qarşılamışlar.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə, eyni zamanda Novruz bayramı münasibətilə hərbi hissələrdə keçirilən bayram tədbirlərində fəal iştirak etdiyinə görə məktəbin ansambı üzvləri dəfələrlə fəxri fərmanlarla təltif olunublar.
1 saylı Uşaq Musiqi Məktəbi Gəncə şəhərində keçirilən müxtəlif məzmunlu tədbirlərə də həmişə həvəslə qatılıb. Məktəbin musiqiçiləri həmişə bu tədbirlərə rəng qatır, öz çıxışları ilə bu tədbirləri daha da maraqlı və məzmunlu ediblər. Adətən tədbirə ev sahibliyi edən qurumlar məktəbi təltifnamə və fəxri fərmanlarla təltif edib, onlara öz dərin minnətdarlığını bildiriblər. Bu təltiflərin arasında ”N” saylı hərbi hissələrin komandanlıqları, tədbirlərində iştirak etdiyi təhsil ocaqlarının rəhbərliyi, Gəncə şəhər rəhbərliyinin, eləcə də, Gəncə regional Mədəniyyət İdarəsinin, Gəncə şəhər Gənclər və Baş İdman İdarəsinin və s. idarə və qurumlərın rəhbərliyinin verdiyi təltiflər də vardır. Bu tədbirlər adətən, müxtəlif əlamətdar günlərə və bayramlara həsr olunub. Məktəbin musiqi kollektivləri bu dəvətlərə həmişə hörmətlə yanaşmış və bu tədbirlərin bir hissəsi və iştirakçısı olmağı özlərinə mənəvi borc saymışlar.