İncəsənət insan fəaliyyətinin obrazlı təzahürüdür. Bir çox insanlar bu yolla özünün mənəvi aləmini büruzə verir. Dekorativ-tətbiqi sənət nümunələrində bu təzahür daha qabarıq şəkildə ortaya qoyulur.
Dekorativ-tətbiqi sənət də bədii yaradıcılığın növlərindən biridir. Onda insanın gerçəklik, zaman və mühitə olan estetik münasibətin qanunauyğunluqları öz təzahürünü tapır. Bu, heykəltaraşlıqda, rəssamlıqda, arxitekturada da öz əksini tapa bilər.
İncəsənət ictimai şüurun formalarından biri olmaqla, insanın mənəvi aləminin, onun həyata bədii-estetik münasibətinin əksidir. Onun müxtəlif növləri mövcuddur. Bunların arasında boyakarlıq, qrafika, heykəltaraşlıq və dekorativ- tətbiqi sənət təsviri sənətə aid edilir.
Dekorativ-tətbiqi sənət nümunələri ecazkar bir dünyadır. Bizlər ömrü boyu bu sənət əsərlərinin əhatəsindəyik. O, xalq sənətinin yaradıcılıq mənbəyidir. Bu sənət müxtəlif dövrlərdə və cəmiyyətlərdə həmişə öz mahiyyətini qoruyub saxlaya bilmişdir. Müasir dövrdə də bu sənət yaşamaqdadır. Yaradılan sənət əsərləri müasirliklə uyğunlaşaraq, öz dəyərli yerini tutmaqdadır. Hal-hazırda bu xalq sənəti çoxəsrlik ənənələri və milli-mədəni irsimizi qoruyur, inkişaf etdirir, nəsildən-nəslə ötürərək, yaşadır. O, xalq yaradıcılığında gözəlliyin əsas ifadə vasitəsidir, təbiəti tərənnüm edən forma, naxış və ornamentlərlə dolu bir gözəllik dünyasıdır. Bu gözəllik dünyasını bizlərə bəxş edən insanlar bu gün də vardır. Biz onların əl işlərinə böyük zövqlə baxırıq, sevinirik, həyatımıza rəng qatan, onu gözəlləşdirən insanları çox vaxt yaxından tanımadan belə, onlarla fəxr edirik. Sevinirik ki, bizdə də bu sənəti yaşadanlar, belə sənətkarlar vardır, onların əl işləri ölkəmizdə və ölkəmizdən kənarda sərgiləri bəzəyir.
Bu gözəlliyi yaradanlar öz qabiliyyəti ilə xalqımızın milli-mənəvi sərvəti olan bu sənət nümunələri ilə xalq sənətini hələ də yaşadırlar, onu sevdirirlər. Belə insanlardan biri də Gəncə Dövlət Rəsm Qalereyasının fond müdiri, dekorativ-tətbiqi sənət ustası, Azərbaycan Rəssamlar İttifaqının üzvü Məhbubə Zaman qızı Həsənovadır.
Onu istənilən zaman iş başında görmək olar. Daim çalışır, boş vaxtı, demək olar ki, yoxdur. Yaradıcılıq onun həyatına hakim kəsilmişdir. Yaratdığı sənət əsərləri həmişə tədbirləri, sərgiləri bəzəyir. Bu əsərlər heç vaxt bir-birini təkrarlamaz, özünəməxsusluğu ilə seçilər. Məhbubə xanımda bu qabiliyyət allahın ona bəxş etdiyi bir vergidir.
Şəkildə: Qədim Gəncə. Ağac üzərində oyma. M.Həsənovanın əl işi.
Şəkildə: Qarışıq texnika. M.Həsənovanın əl işləri.
Məhbubə xanım öz üzərində çalışmaqla dekorativ – tətbiqi sənətin sirlərinə yiyələnmişdir. Sahəsi üzrə ali təhsil almaq ona qismət olmasa da, o, ruhdan düşməyib, sənətdə, bəlkə də heç kimin edə bilmədiyini, bacarmadığını etməyə müvəffəq olub. Çox illik gərgin zəhmət, əmək, öyrənmək və yaratmaq həvəsi, həyatda ona bütün çətinliklərə sinə gərməyə, sənətdə yüksəlməyə, yaradıcılıq qabiliyyətinin ən yüksək pilləsinə çatmağa – sənətkar adını qazanmağa kömək edib.
İndi o, Respublikamızda tanınmış dekorativ – tətbiqi sənət ustalarından biridir. Öz peşəsinə vurğunluq Məhbubə Həsənovanı əsl sənət ustası kimi tanıtdırmışdır. O, ümumşəhər, eyni zamanda respublika səviyyəli tədbirlərdə və sərgilərdə, yaratdığı müxtəlif növ sənət əsərləri ilə şəhərimizi və ölkəmizi layiqincə təmsil edir.
Yaradıcılıq insan daxilində insanın mənəvi aləmini daha da gözəlləşdirir. Məhbubə xanım, bu gözəlliyi öz əməyi ilə digər insanlarla bölüşür. İstənilən sənət əsərində yaradıcı insanın daxili aləmi, düşüncələri, fikirləri əks olunur. Sadəcə, onu duymaq, bu aləmə diqqətlə nəzər yetirmək yetər ki, bu əsərləri yaradan insanların mənəvi aləminə baş vura biləsən.
Bu sənətdə zaman və məkan münasibətlərinə özünəməxsus baxış bucağı vardır. Bu aləmdə insanın ətraf mühitə, zamana və məkana xüsusi estetik yanaşması mövcuddur. Bu təzahür özünü arxitekturada, rəngkarlıqda, heykəltəraşlıqda, rəssamlıqda da göstərə bilər. Hər şeydən əvvəl bu, gözəllik adlanan aləmin təzahürü və qanunauyğunluğudur. Eyni zamanda da, insanın insanlara ünvanladığı bir zəhmətin və əməyin təzahürü, onlarla bölüşdüyü gözəlliyin bir parçasıdır.
Məhbubə xanım, bu sənəti, milli-mənəvi dəyərlərimizi yaşadan və bu dəyərləri yaratdığı əsərlərdə insanlara aşılayan sənətkardır. Onun gərgin əməyi həmişə qiymətləndirilmişdir. Onun əl işləri çoxsaylı tamaşaçı kütləsi tərəfindən rəğbətlə və maraqla qarşılanmışdır.
Məhbubə Həsənova ümumşəhər tədbirlərində müxtəlif sənət əsərləri ilə sərgilərdə iştirak etmiş, incəsənət sahəsində səmərəli fəaliyyətinə görə dəfələrlə Mədəniyyət və Turizm İdarəsinin, Gəncə şəhər İcra hakimiyyətinin fəxri fərmanları ilə təltif olunmuşdur. Məhbubə Həsənova respublikamızın paytaxtı Bakı şəhərində keçirilən Novruz el şənliklərində sevə-sevə yaratdığı tətbiqi sənət əsərləri ilə müntəzəm iştirak edir. Onun səmərəli fəaliyyəti daim dövrü mətbuatda qiymətləndirilir, kütləvi informasiya vasitələrində onun yaradıcılığına çoxlu sayda yazılar həsr olunur.
Məhbubə Həsənova öz sənətini gənc nəslin nümayəndələrinə əsl sənət ustası kimi öyrədir.
Son dövrlər təhsil sistemində şagirdlərin bədii-estetik tərbiyəsinə böyük üstünlük verilir. Bunlar, uşaqların harmonik mənəvi aləminin daha da zənginləşdirilməsi, onlarda olan bacarıq və qabiliyyətin daha da inkişaf etdirilməsi məqsədi ilə edilir. Əlbəttə ki, uşaqların emosional duyğularının yüksək səviyyədə inkişaf etdirilməsi onların təhsilində daha böyük uğurlar qazanmasına səbəb olur. Bilik, bacarıq, praktiki təcrübə bu zaman şagirdin yaşadığı sosial mühitdə daha da inkişaf etdirilməklə bu prosesin nəticələrini daha da uğurlu edir.
Məhbubə müəllimənin təcrübəsindən yararlanmaq istəyən uşaqlar onun yanına tək maraq xatirinə gəlmir. O, yaradıcılıq qabiliyyətini bu uşaqlarla könüllü bölüşür, öz sənətini onlara öyrədir, onlara yaradıcılıq qabiliyyətini daha da inkişaf etdirmək, bacarıqlarını təkmilləşdirmək üçün yeni-yeni informasiyalar verir. Bu, yaradıcı insanın xalqımızın milli-mənəvi dəyərlərinə vətənpərvər yanaşmasıdır.
Bu sənət uşaqlarda mənəvi-əxlaqi, vətənpərvərlik keyfiyyətləri formalaşdırır, milli-mənəvi dəyərlərə məhəbbət yaradır, onlara xalqımızın mədəni irsini mənimsəməyə yol açır. Onları saflaşdırır, bəşəriyyətin mənəvi təcrübəsindən yararlanmağa kömək edir. Bacarıqlı uşaqların əksəriyyəti həyat yolu axtarışında məhz bu sənəti seçir, gələcəkdə həyatını bu sənətə həsr etməyə can atır. Uşaqlar işləyərkən bir daha insanlaşır. Onlarda yaratmağa və əməyə xüsusi bir həvəs və maraq oyanır. Dekorativ-tətbiqi sənət uşaqları düşünməyə, daha gözəl əl işləri yaratmağa sövq edir. Bu onlarda bir tələbat-gözəllik yaratmaq tələbatı yaradır. Məhbubə xanım öz gözəllik dünyasını gizlətmir, onu öz əsərlərinə köçürür, insanlarla bölüşür, onları bu gözəlliyi duymağa, sevməyə, bu gözəlliyi həyatının bir parçasına çevirməyə səsləyir.
Şəkildə: Arşın mal alan. Toy səhnəsi. Yappa heykəltaraşlıq. M.Həsənovanın əl işi.
Bildiyimizə görə bu neçə illər ərzində onun çoxlu sayda bacarıqlı tələbələri olmuşdur və heç də təsadüfi deyildir ki, onların əksəriyyəti bu sənəti davam etdirir və hal-hazırda nüfuzlu ali məktəblərdə təhsillərini davam etdirirlər.
Ruhulla Zahidov, yazıçı-jurnalist.
Məhbubə xanım həm çox gözəl insan , həm də gözəl incəsənət işçisidir
Hörmətli Ruhulla müəllim . Sizin Məhbubə xanım haqqında yazdığınız məqalə hamımızın çox xoşuna gəldi. Yazdığınız xoş sözlərə görə sizə öz minnətdarlığımızı bildirir və gələcək işlərinizdə uğurlar arzulayırıq.
Çox sağolun