Mədəniyyət Nazirliyinin sistemində yeni təyinat

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.11.2018-ci il tarixli, 487 nömrəli qərarı ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz və Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi ləğv edilərək, onların əsasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi yaradılmışdır.

Yeni təsis olunan müəssisəyə siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev direktor təyin olunmuşdur.

A.Usubəliyev bu günədək 500-dən çox elmi-analitik və publisistik məqalənin müəllifi olmuşdur. Bir çox yerli və beynəlxalq tədbirlərdə məruzəçi, təşkilat komitəsi və moderator kimi iştirak etmişdir.

AMEA-nın Fəlsəfə İnstitutunun nəzdində fəaliyyət göstərən Siyasi Elmlər üzrə Müdafiə Şurasının üzvüdür. Eyni zamanda, Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəzlərin Rəhbərləri Beynəlxalq Şurasının sədri, habelə bir çox elmi tədqiqat xarakterli yerli və beynəlxalq işçi qruplarının rəhbəri və üzvüdür.

Mərkəzə 3 il ərzində rəhbərlik etdiyi müddətdə 64 regionun 56-da 700-dək yerli və beynəlxalq, o cümlədən təlim, seminar, festival, müsabiqə, debat, ustad dərsi, konfrans, forum və digər tədbirlər həyata keçirilmişdir. Bu dövrdə 11-i yerli, 8-i beynəlxalq olmaqla ümumilikdə 19 mədəniyyət, elm və təhsil müəssisəsi ilə əməkdaşlıq memorandumu imzalanmış, birgə müxtəlif səpkili fəaliyyət istiqaməti müəyyən edilərək icra olunmuşdur. Son 3 ildə Mərkəzdə mədəniyyət sahəsinin bütün istiqamətləri üzrə 78 metodiki vəsait hazırlanaraq, mədəniyyət müəssisələrinə təqdim edilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.