Bu gün təhsil sahəsində bizi narahat edən əsas məsələlər təhsil ictimaiyyəti ilə müzakirə olunur.
Etmtv. news Tehsil-press.az-a istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.
Onun sözlərinə görə, bu müzakirələrin içərisində şagirdlərin dərsə davamiyyəti də diqqətçəkən aktual məsələlərdəndir: “Bu dərs ilindən etibarən Təhsil Nazirliyi tərəfindən elektron şagird yerdəyişməsi sistemi fəaliyyətə başlayıb və həmin sistemdə bu gün oxuduğu məktəbdən asılı olmayaraq başqa məktəbə keçid edən şagird haqqında məlumatı görürük. Təbii ki, ucqar məktəblərdə təhsil alan şagirdlərin dərsə davamiyyətinə yerli təhsil idarəetmə orqanı nəzarət edir”.
Nazir müavini deyib ki, bununla bağlı Təhsil Nazirliyi tərəfindən yerli təhsil idarəetmə orqanlarına, təhsil şöbələrinin müdirlərinə, o cümlədən məktəb rəhbərlərinə ciddi şəkildə tapşırıq verilib ki, şagirdlərin dərsə davamiyyəti məsələsi xüsusi nəzarətə götürülsün: “Şagirdlər və valideynlərlə bu barədə söhbətlər aparılsın. Təhsil Nazirliyi şagirdlərin dərsə davamiyyəti zəif olan məktəblərdə məsuliyyətsiz direktorlar və təhsil şöbələrinin müdirləri barədə ciddi addımlar atacaq”.