Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsini icra edən, cənab Rövşən Məmmədova
Hörmətli Rövşən müəllim !
Uzun illərdir ki, ana televiziyamız olan Azərbaycan Televiziyasında sözün əsl mənasında maraqlı sənət taleyi yaşamış qocaman korifeylərimiz haqqında dolğun məlumatlara malik sənədli televiziya filmlərinin nümayişinin izlənilməsini demək olar ki, yadırğamışdıq. Bu dövrlərdə isə adətən təqdim olunan sənədli filimlərin əksəriyyəti də çox zaman şablon xarakterli və həddən ziyadə darıxdırıcı olurdu. Bu günlərdə respublikanın xalq artisti, prezident təqaüdcüsü, mərhum anam Sədayə xanım Mustafayeva haqqında “Azərbaycantelefilm” yaradıcılıq birliyinin “Kino və dublyaj” redaksiyasının ərsəyə gətirdiyi “Ətirli bir çiçəkdim” sənədli televiziya filmini maraqla izlədim. İlk öncə deyim ki, 30 dəqiqəlik sənədli televiziya filminin ssenarisi Salar Aslanov tərəfindən çox dəqiqliklə və əhatəli olaraq işlənilmiş, demək olar ki, aktrisanın 78 illik həyatının 60 illik səhnə və kino fəaliyyətinin əsas məqamları önə çəkilmişdir. Ssenari müəllifi çox böyük həssaslıqla bu anları qələmə almış, dolğun xarakter cizgilərinin yaranmasına nail ola bilmişdir. Həmçinin rejissor Sənan Sultanov tərəfindən maraqla işlənilən və aktrisanın həyatını özündə ehtiva edən səhnələrdə ssenarinin daha da maraqla izlənilməsinə müvəffəq ola bilinmişdir. Sənədli televiziya filminin redaktoru olan Etibar Babayev isə bu anların catdırılması üçün var qüvvəsi ilə ssenari müəllifi və rejissorla birgə böyük zəhmət sərf etmişdir.
İcazə verin bu zəhmət və əziyyət üçün Sizin simanızda rəhbərlik etdiyiniz doğma televiziyamıza, həmçinin “Azərbaycantelefilim” yaradıcılıq birliyinin “Kino və dublyaj” redaksiyasının rəhbərliyinə və qeyd olunan əməkdaşlarına öz adımdan və Burcəliyevlər ailəsi adından dərin təşəkkürümü, minnətdarlığımı bildirim. Bu kimi sənədli televiziya filmlərinin hazırlanması bir tərəfdən böyük sənət fədailərimizin sənət məktəbini yaşatmaqla yanaşı, həmçinin onların yaradıcılıq yollarının gənc nəslə tanıdılması baxımından daha dəyərlidir.
Fürsətdən istifadə edib həmçinin diqqətinizə vacib məsələlərdən olan bir təklifi də catdırmaq istərdim. Vaxtı ilə Azərbaycan Televiziyasının çox gözəl bir ənənəsi vardı ki, region teatrlarının müasir ruhlu bir sıra tamaşaları lentə alınmaqla qızıl fonda daxil edilirdi və mütəmadi olaraq ictimaiyyətə təqdim olunurdu. Təəssüf hissi ilə bildirmək istəyirəm ki, artıq bu kimi ənənə halı almış və mədəniyyətimizin təbliği istiqamətində görülən bu kimi addımlar ötən rəhbərliyin fəaliyyəti dövründə ya atılmayıb, ya da ki, ancaq paytaxt teatrları üçün icra edilib. Yaxşı olmazmı ki, bu gün respublikamızda fəaliyyət göstərən, ömürlərini Azərbaycan mədəniyyətinin inkişafına həsr edən Gəncə, Mingəçevir, Şəki, Ağdam və Qazax Dövlət Dram Teatrlarının maraqlı tamaşaları ildə bir və ya iki dəfə tam formatda cəkilməklə ictimaiyyətə təqdim olunsun? Ümid edirəm ki, doğma ana televiziyamızın bu ənənəsini bərpa etməklə həm müasir Azərbaycan teatrlarının inkişaf mərhələlərini göstərmiş olacıq, həm də gənc nəsilə bu sənət fəadilərinin geniş yaradıcılıq yollarını təqdim edə biləcik. Ümid edirəm ki, bu məsələ ilə bağlı Siz də mənimlə həmfikir olacaqsınız.
Bir daha Sizə və rəhbərlik etdiyiniz mənim doğma televiziyamın əməkdaşlarına (vaxtı ilə mən də bu televiziyada “Gənclik” sonradan isə “Xəbərlər” departamentlərində calışmışam-1992-1996-cı illər) uğurlar arzu edir, hər birinizə dərin təşəkkürümü, minnətdarlığımı bildirirəm.
Hörmətlə, Anar Məhəmməd oğlu Burcəliyev, Teatrşünas-tənqidçi.
Gəncə, 12.03.2019-cu il.