“MƏN MÜƏLLİM ADINDAN YÜKSƏK AD TANIMIRAM!” -H.Əliyev.
Ulu öndərin bu kəlamı necə də yerində və əsaslı olaraq deyilmişdir. Həqiqətən də, yer üzündə müəllim adından yüksək ad yoxdur. Bu gün söhbət açacağım insan Göygöl rayonu Elzam Bayramov adına Topal Həsənli kənd orta məktəbinin yeni təyin olunmuş direktoru Yeganə İsgəndərovadır. Onun qısa müddətdə şagirdlər və müəllimlər tərəfindən sevilməsinin başlıca səbəbi gördüyü məqsədyönlü addımlarının bəhrəsidir. “31 Mart Azərbaycanlıların Soyqırımı Günü” münasibəti ilə şagirdləri Quba rayonuda 31 Mart şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarətə aparması, onları soyqırım qurbanları haqqında məlumatlandırması, erməni vəhşiliklərinin 20-ci əsrin əvvəllərində azərbaycanlılara qarşı törətdiklərii bu etnik təmizləmə siyasətini bu gün də davam etdirdiklərini çatdırması ilk uğurlu addımı idi Yeganə müəllimənin. Dünən 09-04-2019- cu il tarixində o, daha uğurlu bir addım ataraq şair və yazıçılarla şagirdlərin görüşünü təşkil etdi. AYB Gəncə bölməsinin sədri Xəzangül Hüseynova başda olmaqla, Azərbaycanımızın böyük yazıçısı Qərib Mehdi, gənc yazarlardan- Gülnarə Sadiq, Eltun Türkel ilə baş tutmuş tədbiri giriş sözü ilə Göygöl rayon Təhsil Şöbəsinin məsul işçisi Afət Ələkbərova açdı. O, kitabların insan həyatı üçün əhəmiyyətindən danışaraq şagirdlərin kitaba olan həvəslərini, hansı müasir Azərbaycan və dünya ədəbiyyatı ilə maraqlanıb oxuduqlarını soruşdu. Şagirdlər də öz növbəsində verilən suallara qənaətbəxş cavablar verərək, hansı yazıçıların əsərlərini oxuyub və o əsərdən əldə etdikləri müsbət cəhətlərdən danışdılar. Sonra məktəbin direktoru Yeganə xanım çıxış edərək ədəbiyyatın incəliklərindən, klassik və müasir ədəbiyyatın gənc nəslin düzgün yetişməsində, vətən sevgisini, torpaq sevgisini, cəmiyyət içərisində özünə layiqli yer tutmasında böyük rolu olduğunu bildirdi. İxtisasca Azərbaycan dili və ədəbiyyatı müəlliməsi olan Yeganə İsgəndərovanın çıxışı böyük maraqla qarşılandı. Daha sonra AYB Gəncə bölməsinin sədri Xəzangül xanım Hüseynovaya söz verildi. Xəzangül xanım da uşaqlara bədii ədəbiyyatın faydalarından, mütaliənin insan həyatında oynadığı rolundan danışdı. Şagirdlərə öz tövsiyələrini verdi, poeziya haqqında, publisistika haqqında ətraflı məlumat çatdırdı. Sonra çıxış üçün söz böyük yazıçı Qərib Mehdiyə verildi. Qərib müəllim şagirdlərlə gözəl ünsiyyət yaradaraq, onlara kitab haqqında dahilərdən kəlamlar sitatlar çəkdi. Müəllifi olduğu kitablarda nəşr olunmuş roman, povest, esseləri haqqında məlumat verdi. Tədbir gənc şairlər Gülnarə, Sadiq və Eltun Türkelin bir-birindən maraqlı şeirləri ilə davam etdi. Sonra məktəbin direktoru Yeganə İsgəndərova bildirdi ki, bu görüş “22 aprel Ümumdünya kitab və müəlliflik hüququ günü” üçün düzənlənəcək tədbirin ilkin mərhələsidir. Sonda yazarlar öz kitablarını şagirdlərə hədiyyə edərək, xatirə şəkli çəkdirdilər. AYB Gəncə bölməsinin sədri və digər qələm əhli bu təşəbbüsə görə Yeganə müəlliməni təbrik edərək, bu təqdirdə layiqli addımlarında uğurlar arzulayıb, xoş təəssürat hissi ilə məktəbdən ayrıldılar. P.S. Ümidvarıq bu təşəbbüsü ənənə halına salaraq yazarlarla şagirdlərin görüşünü hər bir kənd məktəbləri təşkil ediləcək.
Eltun Türkel