ADAU-nun Aqrobiznes və İdarəetmə fakültəsinin Menecment ixtisasının 3- cü kurs tələbəsi Ruslan Vəliyev özünün facebook səhifəsində təhsil aldığı universitet ilə bağlı maraqlı paylaşım etmiş və ETMTV.news saytının email poçtuna göndərmişdir. Yazı tələbələrin öz doğma universitetləri ilə fəxr etdiklərinə bir daha əyani sübutdur. Yazını olduğu kimi oxuculara təqdim edirik.
Mən Azərbaycan Dövlət Aqrar Universiteti tələbəsi olduğum üçün fəxr edirəm! Bunu tək mənnən yox, bunu Universitetimizdə, ADAU-da təhsil alan hər bir tələbədən eşitmək olar!
Azərbaycan Dövlət Aqrar Universiteti hər keçən gün daha da inkişaf edir.
Azərbaycan Dövlət Aqrar Universiteti Əsas Binası, Aqrar İqtisadiyyat, Aqrotexnologiya, Mühəndislik, Aqronomluq, Baytarlıq təbabəti və Zoomühəndislik fakultələrindən ibarətdir. Həmin tədris korpuslarında kənd təsərrüfatının bütün sahələrinə aid müasir laboratoriya, tədqiqat mərkəzləri qurulub, auditoriya və tədris otaqları yaradılıb, laboratoriyalar müasir avadanlıq və cihazlarla təchiz edilib. Tələbələrin nəzəri bilikləri ilə yanaşı, praktik bacarıqlarının da artırılması üçün universitetdə müasir heyvandarlıq və istixana kompleksi, atçılıq, quşçuluq, arıçılıq mərkəzləri, bildirçin və balıqyetişdirmə təsərrüfatları, bitki və heyvan klinikaları yaradılıb. Universitetin müxtəlif təyinatlı kənd təsərrüfatı texnikaları – traktor, kombayn və digər qoşqu vasitələri ilə təchiz edilmiş müasir maşın parkı tələbələrin istifadəsinə verilib. Azərbaycan Dövlət Aqrar Universitetində hər biri 500 nəfərlik yataq yeri olan iki yataqxana korpusu fəaliyyət göstərir. Bunlarla yanaşı, universitetin müasir laboratoriya və tədris otaqları, müxtəlif ölkələrin aqrar ixtisaslı universitetlərinin kitabxanalarına çıxışı olan elektron kitabxanası var. Müasir kənd təsərrüfatı texnikası və avadanlıqları ilə təchiz olunması tədris prosesinin yüksək keyfiyyətini təmin edir. Universitetin beynəlxalq əlaqələrinin inkişafı nəticəsində tələbələr dünyanın bir sıra aqrar universitetlərində təhsillərini və tədqiqatlarını davam etdirə bilirlər.
Son illərdə dövlətimizin başçısı İlham Əliyev cənabları tərəfindən ölkə iqtisadiyyatının şaxələndirilməsinə, onun neft və qaz amilindən asılılığının azaldılmasına, başlıca olaraq qeyri-neft sektorunun, xüsusən kənd təsərrüfatının ənənəvi və qeyri-ənənəvi sahələrinin inkişafına göstərilən diqqət və qayğını xüsusi qeyd etmək lazımdır.
Son vaxtlar kənd təsərrüfatında ixtisaslı kadrlara tələbatın yüksəlməsi sayəsində Universitet məzunlarının işlə təmin olunması xeyli asanlaşıb. Universitetin məzunlarından ibarət CV bazasına müxtəlif şirkətlərdən mütəmadi müraciətlər olunur, hər il Kənd Təsərrüfatı Nazirliyi ilə Azərbaycan Dövlət Aqrar Universitetin birgə təşkil etdiyi əmək yarmarkalarına respublikanın kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən onlarla təşkilat, şirkət və fermer təsərrüfatları yüzlərlə vakant iş yeri çıxarır, məzunlara işləmək imkanı verirlər.
Aqrar sektorun ali təhsilli kadrlara olan ehtiyacını təmin etmək üçün bu universitetə göstərilən hərtərəfli dövlət dəstəyi Azərbaycan Dövlət Aqrar Universitetini hazırda nəinki respublikamızın, eləcə də Qafqaz regionunun, MDB və Şərqi Avropa ölkələrinin bu profil üzrə fəaliyyət göstərən ən mükəmməl elm-təhsil komplekslərindən birinə çevirib.