Məlumat əldə etmək hüququ və informasiya azadlığının təmin edilməsi məsələləri barədə

Etmtv. news bu yazını təhsil  sahəsində çalışan rəhbər işçilərə, xüsusən də, Gəncə şəhərində fəaliyyət göstərən orta təhsil ocaqlarının direktorlarına həsr edir.

                                    I YAZI

Bu gün media işçilərinin yerlərdə məlumat almaq hüquqları kobud şəkildə pozulur. Buna səbəb nədir? Nə üçün rəhbər işçilər media nümayəndələri ilə əlaqə saxlamaqdan çəkinir, bunu, sadəcə, özləri üçün artıq iş sayırlar?

Səbəbi hər iki tərəfdə axtarmaq lazımdır: jurnalistlərin əksəriyyətinin peşəkarlıq səviyyəsi media qanunlarının tələblərinə cavab vermir, rəhbər işçilərin əksəriyyəti isə sadə dillə desək, korrupsiya girdabında batmışlar. Digər səbəblərdən biri də, insanların (xüsusilə də təhsil işçilərinin) bu sahədə ümumi savad səviyyəsinin aşağı olmasıdır.

Məsələ ilə bağlı bəzi mülahizələrimiz var…

Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu

Bu Qanun Azərbaycan Respublikasında kütləvi informasiyanın axtarılması, əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını, habelə mətbuatın, informasiya agentliklərinin, televiziya və radio təşkilatlarının, vətəndaşların tam, doğru-dürüst və operativ informasiya almaq hüququnun həyata keçirilməsinə yönəldilmiş fəaliyyətinin təşkilatı, hüquqi və iqtisadi əsaslarını müəyyən edir. Bu qanun 7 dekabr 1999-cu ildə qəbul edilmiş, 23 noyabr 2001-ci il, 28 dekabr 2001-ci il və 30 aprel 2002-ci il tarixdə əlavə və dəyişikliklər edilmişdir.

Qanunun Kütləvi informasiya vasitələrinin məlumat almaq hüququnu özündə əks etdirən 8-ci maddəsində deyilir:

– Kütləvi informasiya vasitələri cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər. Bu hüquq Azərbaycan Respublikasının qanunvericiliyində göstərilən hallardan başqa, məhdudlaşdırıla bilməz.

İnformasiya almaq üçün sorğu yazılı və şifahi ola bilər. Tələb olunan informasiyanı adları çəkilən orqan, təşkilat və ictimai birliklərin rəhbərləri, onların müavinləri, mətbuat xidmətinin işçiləri, yaxud digər səlahiyyətli şəxslər verə bilərlər.

Məlumatın əldə edilməsi barədə yazılı sorğuya Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada və müddətdə baxılır. Qanunda göstərilən müddətdə həmin məlumat öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verilməlidir.

Kütləvi informasiya vasitəsinin nümayəndəsi məlumatı verməkdən imtina edən dövlət orqanlarından, bələdiyyələrdən, idarə, müəssisə və təşkilatlardan, ictimai birliklərdən, siyasi partiyalardan və ya vəzifəli şəxslərdən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə şikayət etmək hüququna malikdir.

İnformasiya azadlığı – insan hüquqlarının təminatçısı olan cəmiyyətin mühüm xüsusiyyətidir. İnformasiya sahibinin vəzifəsi bu məlumatları vətəndaşlara çatdırmaq, ictimaiyyətin hüququ bu məlumat və ideyaları almaq, medianın işi isə bunları yaymaqdır.

 Hər bir fərdin informasiya almaq hüququ var

Hazırda bütün dünyada, o cümlədən ölkəmizdə ictimai həyatda məlumatlandırmanın xüsusi çəkisinin yüksəlməsi, informasiya cəmiyyəti qurulması prioritet istiqamətlərdən biridir. Son illər respublikamızda bu sahədə həyata keçirilən ardıcıl tədbirlər informasiya texnologiyalarının cəmiyyət həyatındakı rolunu xeyli artırmışdır.

Bu gün kütləvi informasiya vasitələri cəmiyyətdə demokratik mühitin, aşkarlığın, sərbəst və fərqli düşüncənin etibarlı tribunası kimi özünü təsdiq etmişdir. Ölkəmizin dövlət müstəqilliyi qazanması KİV-i azad və demokratik məkana çıxarmış, onun cəmiyyətin aynası, obyektiv ictimai rəy vasitəsi olmaq rolunu getdikcə gücləndirmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 50-ci maddisinə görə, “Hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı var”. Məlumat mübadiləsi olmadan insanlar ətrafda baş verənlər, başqalarInın gördüyü işlər, onların düşüncə və məramları, cəmiyyətİn yaşaması üçün önəmli olan digər məsələlər barədə bilgi ala bilməzlər.

Qeyd olunmalıdır ki, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsİnə görə, “Hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir”.

Əlbəttə, çoxmənalı anlayış olsa da, burada informasiya dedikdə toplum və dövlətlə, təbİətlə, insanların maraq dairəsində olan başqa məsələlərlə bağlı olaylar, proseslər, faktlar və şəxslər haqqında fərqli qaynaqlardan alınmış və fərqli formalarda çatdIrılan məlumatlar nəzərdə tutulur.

 Məlumat əldə etmək hüququ informasiya azadlığını təmin edir

 İnformasiya azadlığı insan hüquqlarının təminatçısı olan cəmiyyətin mühüm xüsusiyyətidir. Cəmiyyətdə baş verən proseslərdən xəbər tutmaq vətəndaşların ilkin ehtiyacıdır. İctimai mühitə təsir göstərən, insanlar üçün maraqlı və əhəmiyyətli olan bütün hadisələr, faktlar barədə hər bir fərdin informasiya almaq hüququ vardır və bu hüquq vətəndaşların fikir azadlığının tərkib hissəsidir.

Vətəndaşlara, o cümlədən jurnalistlərə onları maraqlandıran məlumatları sərbəst şəkildə əldə etmək, toplamaq və yaymaq üçün normal şərait yaradılarkən, adı çəkilən hüquq gerçəkləşmiş olur. Bu hüquq imkan verir ki, vətəndaş özünün digər hüquqları barədə də məlumatlı olsun, onlardan istifadə etməyi və onları qorumağı bacarsın.

Dövlət və yerli özünüidarə orqanlarının fəaliyyəti, bu qurumların ölkənin prioritet, taleyüklü məsələləri üzrə gördüyü işləri izləsin və bütün bunlar barədə məlumat almaq imkanlarına malik olsun. Başqa sözlə, hər bir kəs hüquqları ilə yanaşı, azadlığının hüdudlarını da təsəvvür etməli, hər hansı davranışının nə ilə nəticələnəcəyi barədə məlumatlı olmalıdır».

Vətəndaş birbaşa ona aidiyyəti olan hər hansı məsələ ilə də əlaqədar məlumat almaq, ictimai olaylardan xəbər tutmaq hüququna malikdir.

Məhz bu ictimai nüanslara görə vətəndaşın informasiya almaq azadlığı məhdudlaşdırıla bilməz. Hətta informasiyanın açıqlanmasının (dövlət sirri sayılan məlumatlar istisna olmaqla) qanuni məqsədlərə ziyan vuracağı aşkarlansa belə, onun ictimai maraqları təmin etmək baxımından gətirəcəyi xeyir bu ziyanı üstələyərsə, həmin informasiya açıqlanmalıdır.

 Vətəndaş hüquqlarının pozulmasına yol verməmək üçün bütün bunları bilməlidir. Burada məsuliyyət hissi də mühüm əhəmiyyət kəsb edir.

Bəs informasiya sahibləri hansı məsuliyyəti daşıyırlar? Necə etmək lazımdır ki, informasiyaya çatım ən qısa zamanda və ən münasib üsulla təmin edilsin?

İnformasiya sahiblərinin əsas vəzifəsi qanunla müəyyən edilmiş qaydalara uyğun olaraq, vətəndaşların sorğularına çevik cavab verməkdir.

Onlar informasiya xidmətləri göstərmək işinin təşkili ilə bağlı adı çəkilən qanuna və bu qanun üzrə qəbul edilmiş digər normativ-hüquqi aktlara müvafiq surətdə daxili icraat qaydaları hazırlayıb gerçəkləşdirmək üçün məsuliyyət daşıyırlar.

İnformasiya sahibləri məlumat açıqlığının qanunun 6-cı maddəsində göstərilən prinsiplərini əsas tutaraq, məlumat almağa çatımın açıq olmasına, informasiya sorğularına çevik və ədalətli baxılmasına, müraciətlərin maksimum təminatına imkan verə biləcək yollarla icra edilməsinə çalışmalıdırlarƏn başlıcası, informasiya almaq üçün müraciət etmiş vətəndaşlar və media qurumları arasında fərq qoyulmamalıdır. Bu zaman yalnız bilgi verilməlidir, ideoloji təbliğatla məşğul olmaq yolverilməzdir. Həm də məlumat açıqlanarkən, ilk növbədə, vətəndaşların, cəmiyyətin və dövlətin təhlükəsizliyi qorunmalıdır. İctimai maraq kəsb edən digər məsələlər barədə məlumat və ideyaları yaymaq funksiyası, həmişə olduğu kimi, medianın üzərinə düşür.

Başqa sözlə, informasiya sahibinin vəzifəsi bu məlumatları vətəndaşlara çatdırmaq, ictimaiyyətin hüququ bu məlumat və ideyaları almaq, medianın işi isə bunları yaymaqdır.

 İnformasiya cəmiyyətində həqiqəti əks etdirən obyektiv xəbərlər bu gün ən qiymətli resursa çevrilib.

Bu gün mətbuatda, kütləvi informasiya vasitələrində ölkəmizdə demokratiyanın inkişafına, vətəndaş cəmiyyətinin təşəkkülünə və bərqərar olmasına xidmət edən yazılara, real gerçəkliyimizi əks etdirən həqiqi sözə, qərəzsiz, obyektiv, balanslaşdırılmış informasiyaya böyük ehtiyac vardır. Bu missiyanın həyata keçirilməsində media nümayəndələrinin, o cümlədən insan hüquqları mövzusunda yazan, araşdırmalar aparan jurnalistlərin fəal iştirakı böyük əhəmiyyət kəsb edir.

Ölkəmizin müstəqillik qazandığı, suveren, demokratik dövlət quruculuğu prosesini yaşadığı müasir dövrdə KİV-in, o cümlədən mətbuatın qarşısında yeni vəzifələr durur, respublikamızda həyata keçirilən dinamik proseslərin cəmiyyətə çatdırılmasında, dolğun işıqlandırılmasında jurnalistlərin əməyi hər zaman qeyd olunur. İnformasiya cəmiyyətində həqiqəti əks etdirən obyektiv xəbərin bu gün ən qiymətli resursa çevrildiyi, ölkə vətəndaşlarının informasiyaya olan tələbatında köklü dəyişikliklərin baş verdiyi diqqətə çatdırılır.

Dövlət orqanlarının informasiya və ictimaiyyətlə əlaqələr üzrə fəaliyyət göstərən bölmələri ilə kütləvi informasiya vasitələri arasında münasibətlərin daha sivil formada qurulması mətbuat xidməti institutları və KİV-lərin qarşılıqlı əməkdaşlığının təkmilləşdirilməsinə xidmət etməklə yanaşı, həm də ölkəmizdə informasiya cəmiyyətinin formalaşmasına, hüquqi dövlətin inkişafı prosesinə təkan verir Bu əlaqələri qurmadan hər hansı bir fəaliyyətdə uğur əldə etmək mümkün deyildir. İnformasiya mübadiləsi aparılmasında mətbuat xidmətləri və media nümayəndələrinin qarşılıqlı əlaqələri önəm kəsb edir, ictimai fikri öyrənməyə yönəlmiş “piar”ı formalaşdırmaq və informasiya sorğularını operativ cavablandırmaq bu gün dövlət qurumlarının mətbuat xidmətlərinin əsas vəzifəsinə çevrilməlidir.

P.S. Növbəti yazı uzun illər ərzində analitik yazıların, əsərlərin və filmlərin ərsəyə gətirilməsinə maneəçilik törədən amillərə və insanlara həsr olunacaqdır…

Ruhulla Zahidov, yazıçı-jurnalist.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.