Məktəbin səmərəli fəaliyyətinin daha da yaxşılaşdırılması qayğısına qalacağıq-Məktəb direktorundan açıqlama

Ölkəmizdə təhsilin inkişafı üzrə həyata keçirilən  köklü islahatlar bu sahədə böyük uğurların qazanılmasına yol açmışdır. Ən yüksək standartlara cavab verən məktəb binaları tədrisin və təhsilin yüksək səviyyədə inkişafına şərait yaradır. Bu binalar təhsilin müasir standartlar səviyyəsində təşkili üçün hər cür şəraitə malikdir. Belə təhsil ocaqlarından biri də Gəncə şəhər Mehdi Mehdizadə adına 4 nömrəli xarici dillər təmayüllü məktəb-liseydir.

Məktəb Gəncə şəhərində uzun illər ərzində ən qabaqcıl təhsil ocağı kimi tanınıb. Məktəbin fəaliyyət göstərdiyi bu illər ərzində təhsilin inkişafının formalaşdırılması, məktəb işinin düzgün qurulması haqqında Təhsil Nazirliyi tərəfindən hazırlanmış tapşırıq və göstərişlərə, normativ sənədlərə, təlimatlara və mövcud təhsil sisteminin qarşıya qoyduğu vəzifələrə layiqincə əməl etmiş pedaqoji kollektiv ayrı-ayrı illərdə əldə etdiyi uğurlarla daim şəhərin məktəbləri arasında seçilmişdir. Bu təhsil ocağı uzun illər ərzində “Rahat məktəb” modelinin unikal nümunəsi kimi tanınıb.

Təhsilimiz pandemiya dövründə də tələb olunan bilik və bacarıqların aşılanması və vətəndaşın gələcək həyata və cəmiyyətə inteqrasiyasına hərtərəfli hazırlığı kimi vəzifələri də yerinə yetirir. Bəs bu işlər orta təhsil müəssisələrində hansı səviyyədə həyata keçirilir? Tərbiyə olunma sisteminin təkmilləşdirilməsi işi müasir şəraitdə təcrübədə hansı formalarda öz təzahürünü tapacaq?

Müsahibimiz Gəncə şəhəri, Mehdi Mehdizadə adına 4 nömrəli xarici dillər təmayüllü məktəb-liseyin direktoru Əliağa Səfərəliyevdir.

 -Əliağa müəllim, rəhbərlik etdiyiniz məktəb-lisey yeni tədris ilinə hazırdırmı? Bu işlə bağlı hansı işlər həyata keçirilir və ya keçirilməsi nəzərdə tutulur?

-2020/2021-ci tədris ilinə məktəb-liseydə hazırlıq işləri tamamlanmaq üzrədir. Bu məqsədlə sinif otaqlarının COVİD-19 pandemiya-karantin qaydalarına riayət  edilməsi məqsədi ilə sinif otaqlarının sanitar epidemioloji qaydalara uyğun qurulması sanitar qovşaqlarında gigiyenik qaydaların gözlənilməsi (maye və quru sabun, 24 saat su təminatı,  otaqların işıqlandırılması tədbirləri həyata keçirilmişdir. Məktəbin giriş qapısında müəllim və şagirdlər üçün nəzərdə tutulmuş  dezinfeksiyaedici maddələrlə təchiz olunmuş aparat quraşdırılmışdır.

 -Ümumi təhsil fəaliyyəti əyani olaraq həftədə neçə dəfə xüsusi tədris planlarına uyğun təşkil olunacaq?

-Məktəb-lisey tədris planına uyğun olaraq tədrisin təşkili üzərində işləyir. Mövcud vəziyyət  nəzərə alınmaqla  dərslər I-IV siniflər üçün 15.09.2020-ci il tarixdən  həftədə  3 dəfə əyani, 2 dəfə distant , V-IX siniflər üçün 01 oktyabr 2020-ci il tarixdən həftədə 3 dəfə əyani, 2 dəfə distant təhsil formasında təşkil olunacaq, X-XI siniflər – distant təhsilə başlayacaqlar.

-Yeni tədris ilində də şagird sıxlığı göz qabağında olacaq. Belə halda dərslər epidomoloji vəziyyətdən və məktəbdə şagird sıxlığından asılı olaraq necə və hansı qaydada təşkil ediləcəkdir?

-Şübhəsiz, digər ümumtəhsil məktəblərindən fərqli olaraq, bu məktəbdə  şagird sıxlığı mövcuddur. Lakin bütün hallarda bütün siniflər qrupa bölünməklə 2 növbədə təhsilə əyani formada gələcəklər.

-Məktəbdə dərs məşğələlərinin siniflər üzrə və hansı formada təşkil olunması nəzərdə tutulub?

Məktəbdə dərs məşğələləri karantin müddətində Nazirlər Kabinetində Operativ Qərargahın və  Təhsil Nazirliyinin müvafiq əmr və tövsiyyələrinə uyğun olaraq fərqli formada, əyani və distant qaydada təşkilinə hazırlıq işləri aparılır.

-Dərs cədvəlinin tərtibatı işi hansı yerdədir?

Dərs cədvəli iki formada ənənəvi dövr üçün vahid və mövcud  şəraitə uyğun olaraq, sürüşkən cədvəl forması tərtib olunur.

-Valideynlər övladlarının daha çox hansı formada təhsilə cəlb olunması ilə bağlı seçim edirlər?

Valideynlərin uşaqların məktəbə gəlib-gəlməməsi məsələsinə münasibət birmənalı deyil. Lakin əksər valideynlər əyani dərslərin tərəfdarıdır.

-İbtidai siniflərin şagirdlərinin valideynləri dərslər başlamazdan öncə övladlarının əyani tədrisə cəlb olunmaları ilə bağlı məlumatları necə əldə edəcəklər?

Ümumiyyətlə büyün sinif rəhbərlərinə tövsiyyə edilmişdir ki, sinif valideyn iclaslarını onlayn formada təşkil etsin.İstisna olaraq I sinif şagirdlərinin valideynləri sosial  məsafə və gigiyenik  qaydalar  gözlənilməklə, ehtiyac olduğu  halda, az sayda, 5-10 nəfərdən çox olmaqla görüş olması tövsiyyə edilib. Bu yolla maarifləndirmə aparılacaqdır.

 -İbtidai siniflərdə şagird sıxlığı necə tənzimlənəcək? Bir sinifdə neçə şagirdin təhsilə cəlb edilməsi nəzərdə tutulub?-

-Ümumiyyətlə, ibtidai  siniflərdə şagird   sıxlığı ilə əlaqədar aralıq sinifləri ilə müqayisə bir qədər fərqlidir. Bütün hallarda siniflər növbəli şəkildə qruplara bölünməklə, dərslərə davam edəcəklər.

-Şagirdlərin virtual dərs cədvəlləri də tərtib olunubmu?

-Virtual dərslərin cədvəli hazırda işlənilir. Bu, bir qədər həssas məsələdir. Bütün müəllimlərin İKT bacarıqları  eyni səviyyədə olmadığı üçün daha səmərəli yollar axtarılmaqdadır.

– Əliağa müəllim, başçılıq etdiyiniz bu təhsil ocağı həmişə digər orta məktəblərə nümunə olub.Qarşıdan gələn tədris ilində dünyanı  bürüyən pandemiya bəlası ucbatından tədris, təlim-tərbiyə ilə bağlı bir çox çətinliklər gözlənilir. Necə düşünürsünüz,  uzun illər ərzində “Rahat məktəb” modelinin unikal forması sayılan sizin məktəb bu tədris ilində də qarşıda duran çətin vəzifələrin öhdəsindən gələ biləcəkmi?

  Bu gün dövlətimiz tərəfindən milli təhsilimizin davamlı inkişafı üçün böyük addımlar atılır. Təhsilimizin əldə etdiyi uğurları ucalıqda saxlamaq üçün edilən bütün səylər daha uğurlu nailiyyətlərin əldə edilməsinə sərf edilir. Əlbəttə ki, bu niyyətlər orta təhsil ocaqlarında çalışan pedaqoji kollektivlərdən tədris, təlim-tərbiyə işinin yüksək səviyyədə aparılmasını, pedaqoji işin düzgün qurulmasını tələb edir. Məktəblərdə çalışan pedaqoji kollektivlər şagirdlərin əsaslı və keyfiyyətli biliklər alması yolunda bundan sonra da səylə çalışacaqlar. Şagirdlərin tərbiyə olunma sisteminin daha da təkmilləşdirilməsi işi pandemiya dövründə də orta təhsil ocaqlarında vətənpərvər ruhlu, bilikli və savadlı, fəal, sağlam əhval-ruhda tərbiyə olunmuş vətəndaşların tərbiyə olunub yetişdirilməsini nəzərdə tutur. Bizim məktəb də təhsilin inkişafını daim diqqət mərkəzində saxlayacaq, məktəbin səmərəli fəaliyyətinin daha da yaxşılaşdırılması qayğısına qalacaqdır.

 Ruhulla Zahidov, yazıçı-jurnalist.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.