Məktəbdə “Kiçik Akademiya”-(Video)

Bu gün ümumtəhsil müəssisələrində “Kiçik akademiya”ların fəaliyyətinin gücləndirilməsi ilə bağlı böyük işlər görülür.Orta məktəblərdə “Kiçik akademiya”ların təşkilində əsas məqsəd yuxarı sinif şagirdlərinin elmi və yaradıcı axtarışlara sövq edilməsi, onların müasir tədqiqat metodlarına yiyələnməsidir.

Akademiyaların fəaliyyətinin və şagirdlərin layihələrinin tədqiqatyönümlü olmasının vacibliyi bu gün xüsusilə nəzərə çarpır. Orta məktəblərdə bu sahədə aparılan bütün işlər hərtərəfli inkişaf etmiş şagirdlərin  yetişdirilməsində və onların  əsl vətəndaş kimi formalaşmasında böyük əhəmiyyət daşıyır. Şagirdlərin  dünyagörüşünün, ictimai fəallığının, özfəaliyyət və təşkilatçılıq  qabiliyyətinin  və bacarığının  formalaşdırılmasında  bu şərtə  riayət  edilməsi vacib pedaqoji  üsullardan sayılır.Əgər  şagirdlərdə  bu keyfiyyətlər aşılanarsa, şübhəsiz, onlarda ictimai işə olan maraq da artacaqdır.Orta  məktəblərdə  fəaliyyət göstərən  “Kiçik akademiyalar” bütün  mövcud  imkanlardan istifadə edilərək, şagirdləri yüksək  səviyyədə  maariflənməyə  və təhsil  almağa çağırır. Gəncə şəhər 17 saylı tam orta məktəbdə “Kiçik akademiya”ın təşkili və idarə edilməsi yolunda atılan müsbət addımlar digər təhsil ocaqları üçün bir nümunə və örnək sayıla bilər.

İllər ərzində bu şagird təşkilatının fəaliyyətini izləmiş biri kimi Kiçik akademiyanın məktəbin həyatında hansı rola malik olduğuna təcrübədə şahidi olmuşam. Yarandığı ilk günlərdən əldə etdikləri uğurlardan   sevinən  şagirdlər  mövcud  problemlərin  öhdəsindən  gələ biləcəklərinə  inandılar və bu problemlərin həlli yollarını  özlərinin tapa biləcəklərinə əmin oldular. İlk uğurlardan ruhlanan şagirdlərdə gələcək fəaliyyətə güvənləri  artdı. Bundan sonra şagirdlər məktəbdə tez-tez  sorğular keçirir, sorğu  zamanı  şagirdlərin  arzu, istək və təklifləri, rəyləri  nəzərə alınirdı. Beləcə Akademiyanın  fəaliyyət  çərçivəsi  genişlənir, müxtəlif  məzmunlu  işlər həyata keçirilirdi. Şagirdlər məktəbin bütün işlərində, bu işlərin təşkilində  fəal və yaxından iştirak edirdilər. Bununla da Akademiyanın fəaliyyəti  17 nömrəli tam orta məktəbdən kənarda da səs  salmağa başladı və digər  təhsil ocaqlarında  bu yönümdə işlərin aparılması üçün bir stimul oldu.

Məktəbdə təşkil edilən tədbirlərdə şagirdlər  fəal vətəndaş kimi  formalaşır, püxtələşir, bu işə getdikcə daha  yaradıcı yanaşaraq  daha böyük işlərə  imza atmağa  səy göstəriridlər. Bu baxımdan şagird təşkilatının  atdığı addımlar, görülən ümumi işlər məktəbin  ictimai  işlərində şagirdlərin fəallığını  artırmaqla, onların psixologiyasında  silinməz  iz salırdı. Bu sahədə görülən  işlərin müsbət  nəticələri  şagirdlərdə   təhsil intizamı və məktəbin  pedaqoji  kollektivinə  dərin hörmət yaradırdı.

Kiçik akademiya eyni zamanda  yaradıcı, bacarıqlı  və fəal şagirdlərin kollektividir. Məktəbdə şagirdlərin  təşkilatçılıq qabiliyyətinin artırılması üçün burada  böyük imkanlar vardır. Məktəbin rəhbərliyi onların  bacarıq və qabiliyyətini  vaxtında aşkar  etmiş və onları məktəbin bütün kollektivinin  iştirak  etdiyi   ictimai işlərə cəlb  edə bilmişdir.

Kiçik Akademiyaların məktəbdəki şagirdlərin təlim-tərbiyəsində, onlarda bir çox bacarığın inkişaf etdirilməsi yönümündə əhəmiyyəti əvəzsizdir.  Hal-hazırda Kiçik akademiya 17 saylı tam orta məktəbdə öz fəaliyyətini  uğurla davam etdirir. Akademiyanın  işinin əsas məğzi məktəblilərdə  fəal   həyat tərzinin  formalaşdırılması,  ictimai fəallığın artırılmasıdır. Kollektiv  komanda işində  fəal olmaq istəyən  şagirdləri  bu qurumun  ətrafında  toplamağa çalışır.

Akademiyanın üzvləri xüsusi istedada malik olan şagirdlərin aşkara çıxarılmasında Uşaq birliyi rəhbərinə köməklik göstərir, məktəbdə keçirilən tədbirlərdə iştirak edir,  rəsm sərgilərinin keçirilməsinə köməklik edir, siniflərdə sorğu keçirilməsində  yaxından iştirak edir, mütəmadi olaraq siniflərdə növbətçiliyə nəzarət edirlər.  Akademiyanın üzvləri 15 sentyabr “Bilik günü” ilə əlaqədar keçirilən tədbirdə,  “ Milli Musiqi günü” və Azərbaycanın görkəmli bəstəkarları M. Maqomayev, Ü. Hacıbəyovun yubileyi ilə bağlı və bir çox möhtəşəm tədbirlərdə yaxından iştirak etmişlər. Məktəbdə akademiya  üzvlərinin iştirakı ilə azərbaycan dilinin  dövlət dili kimi elan edilməsi ilə bağlı “ Dəyirmi masa “ keçirilmiş, mütəmadi olaraq şagirdlıərin məktəbli formalarının  yoxlanılmasına və hər ay sinif otaqlarında dibcəklərin artırılmasına köməklik göstərilmişdir .

Yuxarı sinflər arasında  müxtəlif mövzularda debatlar və sorğular keçirilir, hər gün şagirdlərin məktəbli formasında gəlməsinə nəzarət edilir,  tarixi və əlamətdar günlər, bayramlar  münasibətilə rəsm sərgisi və ümumiyyətlə məktəbdə  bütün tədbirlərin hazırlanması və keçirilməsinə köməkliklər göstərilir.

Onu da bildirmək  yerinə düşərdi ki , üzvlər intizamlığı , fəallığı ilə xüsusilə  seçilirlər. Elə məktəbdaxili  həyatda da bu şagirdlər  etik davranışları ilə və təhsildə, təlim-tərbiyədə digər  şagirdlərə nümunədir. Məktəbin  rəhbərliyinin  ciddi nəzarəti  altında və müəllimlərinin yaxın  köməkliyi  ilə bu işlərin həyata keçirilməsində böyük səy göstərilir. Onlar şagirdləri  bu işlərin icrasına səfərbər edir, onlara məsləhətlər verir, onların işini düzgün  səmtə istiqamətləndirir, şagirdlərin məktəbdə il ərzində aparılan tədbirlərə  fəal surətdə qatılması üçün məqsədə müvafiq işləri həyata keçirirlər.

Nəticə isə göz  qabağındadır:-məktəbdə nizam-intizamın, şagird fəallığının,  tədrisdə, təlim-tərbiyədə əldə olunan  uğurların  səviyyəsi nəzərə çarpacaq dərəcədə  yüksəlmiş, şagirdlərin  təhsilə və ictimai işlərə  olan marağı daha da artmışdır.

Kiçik Akademiya məktəbdə  öz işini daim təkmilləşdirməyə çalışır, şagirdlərə aid olan müxtəlif məsələlər üzrə müzakirələr  aparır və qərarlar qəbul edir. Məktəbdə keçirilən  tədbirlər haqda  Kütləvi İnformasiya Vasitələrinə məlumat verir, Akademiyanın gündəlik fəaliyyətini internet vasitəsilə şagirdlərə çatdırır.

 

Ruhulla Zahidov, yazıçı – jurnalist.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.