Nazirlər Kabinetinin ölkə ərazisində koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə elan olunan karantin dövründə xüsusi iş rejimi ilə bağlı verdiyi qərara uyğun olaraq Mədəniyyət Nazirliyinin fəaliyyəti də tənzimlənir.
APA-nın məlumatına görə, bununla bağlı Mədəniyyət Nazirliyinin Aparatında məsul şəxslərin və əməkdaşların növbətçilik qrafiki üzrə iş rejimi həyata keçirilir. Eyni zamanda, Mədəniyyət Nazirliyinin Aparatında, nazirliyin Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və regional idarələrində, eləcə də aparıcı mədəniyyət müəssisələrində martın 30-dan etibarən videokonfrans rejimində fəaliyyət davam etdirilir.
Həmçinin sosial izolyasiya və karantin rejimi ilə bağlı fəaliyyətini müvəqqəti dayandırmış müəssisə və təşkilatların əməkdaşlarının evdən distant iş formasında işləməsi təmin edilib.
Ümumilikdə ölkədə koronovirus infeksiyası ilə bağlı reallaşdırılan sosial izolyasiya tədbirlərinin ilk günlərindən etibarən Mədəniyyət Nazirliyi, öz fəaliyyətini Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələri əsasında qurmaqla bərabər, eyni zamanda mədəni irsin və incəsənətin televiziya və internet üzərindən insanlara dolğun şəkildə çatdırılması üçün silsilə layihələr həyata keçirir.