Mədəniyyət naziri İsmayıllıda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, hər ay mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşlarla görüşləri keçirilir, sakinlərin problem və təklifləri dinlənilir.

2024-cü ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli yanvarın 12-də İsmayıllı şəhər Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

Qəbuldan öncə Ümummilli lider Heydər Əliyevin İsmayıllı şəhərində ucaldılmış abidəsi önünə gül dəstələri qoyularaq əziz xatirəsi ehtiramla yad olunub.

Qəbulda İsmayıllı, Ağsu, Qobustan və Şamaxı rayonlarından ümumilikdə 42 vətəndaş iştirak edib.

Vətəndaşların müraciətləri əsasən işlə təminat, fəxri adla təltif edilmə, mədəniyyət sahəsi ilə bağlı təklif və mövcud problemlərdən ibarət olub.

Hər bir vətəndaşın müraciətinə həssaslıqla yanaşılması, diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Qaldırılan məsələlərə vaxtında və obyektiv baxılması məqsədilə hər bir müraciət qeydiyyata alınaraq xüsusi nəzarətə götürülüb.

Vətəndaşlarla görüşdən sonra İsmayıllı və Şamaxıda bir sıra mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanışlıq olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.