Mədəniyyət naziri Anar Kərimov Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi ilə görüşüb

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov  Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan Batist Lömuan ilə görüşüb.

Görüş zamanı Azərbaycan və Fransa arasında mədəniyyət sahəsində əməkdaşlıq, bu əlaqələrin perspektivi, həmçinin 2020-ci ilin Vətən müharibəsi və Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunmasından sonra yaranmış vəziyyət barədə fikir mübadiləsi aparılıb.

Anar Kərimov Fransa və Azərbaycan arasında mədəni əlaqələrin mövcud vəziyyəti, iki ölkə mədəniyyətinin qarşılıqlı təbliği ilə bağlı reallaşdırılan tədbirlər, o cümlədən ölkəmizin Fransada həyata keçirdiyi layihələr barədə məlumat verib.

Vətən müharibəsi və müzəffər Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunan ərazilərdə tarixi abidələrin və mədəni infrastrukturun vəziyyəti barədə söz açan nazir qeyd edib ki, Ermənistan 30 ilə yaxın işğal altında saxladığı ərazilərdə Azərbaycanın mədəni irsinə qarşı talan və “təmizləmə” həyata keçirib. Bu ərazilərdə mədəniyyətlə bağlı bütün infrastruktur, eləcə də qəbiristanlıqlar, məscidlər, xristian abidələri və digər məkanlar erməni işğalçı qüvvələri tərəfindən məqsədli şəkildə dağıdılıb.

Dövlət katibi Jan-Batist Lömuan qəbulə görə təşəkkürünü bildirərək hazırkı səfərin məqsədinin Azərbaycan tərəfi ilə fikir mübadiləsi aparmaq, qarşılıqlı əlaqələrin inkişafı üçün zəmin yaratmaq olduğunu deyib. Qonaq eyni zamanda Azərbaycanın işğaldan azad olunan ərazilərinə UNESCO missiyasının gəlməsi ilə bağlı məsələyə toxunub.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.