Ölkəmizdə reallaşan mədəniyyət siyasətinin qarşısında duran strateji məqsədlərdən biri mədəniyyət müəssisələrində çalışan əməkdaşların hazırlıq səviyyəsinin yüksəldilməsidir. Bu məqsədlə bu ilin iyulun 26-dək Lənkəran şəhərində Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən “Şəhər (rayon) Mədəniyyət mərkəzlərinin filiallarının (mədəniyyət evlərinin, klubların) müdirləri və bədii rəhbərlərinin bilik, bacarıq və peşə səriştələrinin artırılmasının təşkili”, “Kreativ peşə səriştələri”, “Nitq mədəniyyətinin formalaşdırılması” və “Dövlət mədəniyyət müəssisələrinin fandreyzinq fəaliyyəti” mövzularında yeni tədris modulları əsasında növbəti təlimlərə start verilib.
Təlimlər Lənkəran rayon Heydər Əliyev Mərkəzində və Mədəniyyət Mərkəzində keçirilir.
İyulun 22-də baş tutan ilk təlimdə Lənkəran Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Mədəniyyət mərkəzlərinin filiallarının (mədəniyyət evlərinin, klubların) müdirləri, bədii rəhbərləri və əməkdaşları qatılıb.
“Şəhər (rayon) Mədəniyyət mərkəzlərinin filiallarının (mədəniyyət evlərinin, klubların) müdirləri və bədii rəhbərlərinin bilik, bacarıq və peşə səriştələrinin artırılmasının təşkili” mövzusunda keçirilən təlimdə dinləyicilər klub yaradılmalarının (dərnək, kurs, kollektiv, birlik və s.) təşkili qaydaları, klub işinin forma və metodları haqqında anlayış, mədəniyyət mərkəzləri (filialları ilə birlikdə), digər mədəniyyət evləri və klublarda ödənişli xidmətlərin təşkili, ödənişli kurs, dərnək və s. yaradılması, Azərbaycan folklor nümunələrinin hüquqi qorunması, mədəniyyət mərkəzlərinin filiallarında çalışan müdirlərin və bədii rəhbərlərin fəaliyyət istiqamətləri, vəzifə öhdəlikləri, mədəniyyət mərkəzləri (filialları ilə birlikdə), digər mədəniyyət evlərinin və klubların əməkdaşlarının fəaliyyətində “Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri” və UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası milli-mənəvi dəyərlərin, tarixi-mədəni irsin qorunması və təbliği ilə yanaşı, beynəlxalq səviyyədə dünya irsinin müdafiəsi və mühafizəsinə dəstək kimi bilikləri əldə ediblər. Kursları kurator Elnarə Hacıyeva və Samirə Cəlilova təqdim ediblər.
“Dövlət mədəniyyət müəssisələrinin fandreyzinq fəaliyyəti” mövzusunda keçirilən təlimdə iştirakçılar fandreyzinqin tarixi haqqında məlumatlar, mədəniyyət müəssisələrində fandreyzinqin vacibliyi mövzusunda biliklər, mədəniyyət sahəsində fandreyzinqin mərhələləri ilə tanışlıq, fandreyzinq strategiyasının inkişafı ilə bağlı məlumatlar, mədəniyyət müəssisələrinin donorlarla qarşılıqlı əlaqəsinin ümumi mexanizmi, layihələrin tərtib edilməsi metodikasını və bununla bağlı digər mövzuları öyrəniblər. Kursu, kurator Aygün Hüseynova təqdim edib.
“Kreativ peşə səriştələri” kursunda dinləyicilər kreativ vərdişlər və yaradıcı təfəkkür, kreativ sənaye; kreativ və rəqəmsal mədəniyyət; lateral düşünmə tərzi, mədəniyyət müəssisələrində innovativ layihələrin reallaşdırılması sahəsində bilikləri mənimsəyiblər. Kurs kuratoru Pərvanə Hüseynovadır, kursu Türkan Həsənova təqdim edib.
Nəzakət Rəhmanovanın kurator olduğu “Nitq mədəniyyətinin formalaşdırılması” mövzusunu əhatə edən təlimdə dinləyicilər natiqlik sənəti, dil və onun xüsusiyyətləri, Azərbaycan dilinin tarixi, nitq təsnifatı və onların xüsusiyyətləri, mətnlərinin hazırlanma qaydaları, nitq mədəniyyəti vərdişlərinin formalaşdırılması kimi biliklərə yiyələnib.
Mədəniyyət siyasətinin həyata keçirilməsini təmin etmək məqsədilə təşkil olunan təlimlərdə əsasən tətbiqi biliklərə üstünlük verməklə yanaşı, dinləyicilərin bilik və bacarıqlarının qiymətləndirilməsində də kreativ yanaşmalar tətbiq olunub.
Təlimləri bitirən dinləyicilərə beynəlxalq standartlara cavab verən sertifikatlar təqdim olunub. Sertifikatlarda qiymətlərlə yanaşı, əldə olunacaq peşə səriştələri, sosial tərəfdaşlar və digər məlumatlar öz əksini tapıb.
Qeyd edək ki, sosial tərəfdaşlar arasında Azərtac Dövlət İnformasiya Agentliyi də var.
Mərkəz tərəfindən bu günə qədər Lənkəran, Şamaxı, Bakı və Gəncə şəhərlərində 4 təlim kursu uğurla həyata keçirilib.