Vaxtilə Azərbaycanda təhsil almış laoslu tələbələr Azərbaycanı özlərinə ikinci Vətən hesab edirlər.
Bu fikri Laos-Azərbaycan Dostluq Assosiasiyasının sədri, Laosun keçmiş energetika və mədənlər nazirinin müavini Thonqfat İnthavonq paytaxtı Vyentyanda assosiasiyanın 2024-cü ilin yekunlarına dair ənənəvi illik yığıncağında deyib.
Assosiasiyanın 120-dən çox üzvünün iştirak etdiyi tədbirdə çıxış edən qurumun sədri sovet dövründə 2 minədək laoslunun Azərbaycanda müxtəlif təhsil müəssisələrində oxuduğunu, Bakıda yaşadıqları müddətdə Azərbaycan xalqı tərəfindən sanki bir ailənin üzvləri kimi məhəbbətlə və səmimi qayğı ilə əhatə olunduqlarını bildirib.
Qeyd olunub ki, Azərbaycanda təhsil alan laoslular ölkələrinin inkişafına töhfə verən yüksəkixtisaslı və bilikli insan resurslarına çevrilib, dövlət təşkilatlarında yüksək vəzifələr tutub, nüfuzlu alim, iş adamları kimi böyük uğurlar qazanıblar.
T.İnthavonq vurğulayıb ki, tədbirin əsas məqsədi Laos və Azərbaycan hökumətləri və xalqları arasında yaxşı münasibətlərin və əməkdaşlığın möhkəmlənməsinə töhfə vermək, assosiasiyanın 2024-cü ildəki fəaliyyətini nəzərdən keçirmək, eyni zamanda yeni ildə görüləcək işlərin istiqamətlərini müəyyən etmək, Bakıda təhsil almış keçmiş tələbələrin dostluq və həmrəyliyini möhkəmləndirmək, iş və həyat təcrübəsi mübadiləsi aparmaqdır.
Azərbaycanın Laosda akkreditə olunan səfiri Şövqi Mehdizadə xalqlarımız arasında münasibətlərin tarixi köklərə əsaslandığını qeyd edərək, keçmiş Sovet İttifaqı dönəmindən Azərbaycan ilə Laosun müxtəlif sahələrdə sıx əməkdaşlıq etdiyini bildirib, ikitərəfli və çoxtərəfli münasibətlərin cari vəziyyətini yüksək qiymətləndirib. O, 1986-cı ildə Ulu Öndər Heydər Əliyevin sovet nümayəndə heyətinin rəhbəri qismində Xalq İnqilabı Partiyasının 3-cü Milli Konqresində iştirak üçün Laosa səfər etdiyini yada salıb. Diplomat təhsil sahəsində hələ o dövrdən başlayan uğurlu əməkdaşlığın genişləndirilməsinin, tələbə və tədqiqatçıların mübadiləsinin davam etdirilməsinin vacibliyini vurğulayıb.
Səfir Azərbaycanda təhsil almış laoslulardan ibarət Laos-Azərbaycan Dostluq Assosiasiyasının təsis olunmasına görə Laos hökumətinə təşəkkürünü bildirərək, qurumun iki ölkə arasında münasibətlərin inkişafına töhfə verdiyini söyləyib.
Bu ilin mayında Azərbaycan Respublikası ilə Laos Xalq Demokratik Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd olunacağını bildirən səfir, ötən dövrdə dostluq münasibətlərinin və səmərəli əməkdaşlığın ikitərəfli əsasda və çoxtərəfli müstəvidə inkişafını və genişləndiyini qeyd edib. Böyük səylər sayəsində ölkə və xalqların həqiqi mənafeyi naminə bölgədə, habelə bütün dünyada sülh, sabitlik və əməkdaşlığın inkişafı məqsədilə Laos ilə Azərbaycan arasında mövcud olan əməkdaşlıq ruhundakı əlaqələrin bundan sonra da möhkəmlənərək genişlənəcəyindən əmin olduğunu bildirib.
Tədbir milli rəqs ansamblın iştirakı ilə davam edib.
Qeyd edək ki, Laos hökumətinin qərarı ilə 2019-cu ildə Laos Xalq İnqilabi Partiyası Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komitəsinin qərarı ilə təsis edilən Laos-Azərbaycan Dostluq Assosiasiyası mütəmadi toplantılar keçirir, bayram tədbirləri və “Bakılılar” (Бакинцы) adlı komanda ilə idman yarışları təşkil edir. Səfirliyin təşəbbüsü və ölkəmizin Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 2024-cü ilin mayında Laos-Azərbaycan Dostluq Assosiasiyasının sədrinin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri baş tutub. Səfər zamanı nümayəndə heyətinin Xarici İşlər və Energetika nazirlikləri ilə yanaşı, “Yeni Azərbaycan Partiyası” (YAP), SOCAR və bir neçə ali təhsil müəssisələrində görüşləri, habelə Şuşa şəhərinə tanışlıq səfəri təşkil olunub.