Könüllülük Azərbaycan cəmiyyətinin həyat tərzinə çevrilməkdədir

… Azərbaycan xalqı zəngin milli-mənəvi dəyərlərini əsrlər boyu qoruyub saxlamış və bu gün də yaşatmaqdadır. Xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək ənənələri xalqımızın ali keyfiyyətləridir. Bu dəyərlərdən olan könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu modelidir. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir.
… Könüllülük son illərdə bir çox sahələrə dərin nüfuz edərək ümummilli hərəkata çevrilmiş, ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq cəmiyyətimizin bütün təbəqələrini əhatə etməkdədir.
… Könüllülük Azərbaycan cəmiyyətinin həyat tərzinə çevrilmişdir.
Yaradıcısı Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva olan “Regional İnkişaf” İctimai Birliyi könüllülük hərəkatında ön sırada dayanaraq müxtəlif layihələrin həyata keçirilməsində örnək olubdur. Minlərlə gənci birləşdirən bu təşkilatın könüllülük missiyası Azərbaycanın ümumi dövlət siyasətinin tərkib hissəsinə çevrilmişdir. Onun vurğuladığı kimi “Bizim həyata keçirdiyimiz hər bir layihə, ilk növbədə, vətəndaşların maraqlarını qorumağa, köməyə ehtiyacı olan insanlara yardım etməyə yönəlib. “Regional İnkişaf” İctimai Birliyini təsis edərkən əsas məqsədimiz dövlət qurumları, qeyri-hökumət təşkilatları, sahibkarlar və yerli əhali arasında konstruktiv əməkdaşlıq modeli yaradaraq insanları narahat edən problemlərin aradan qaldırılmasına nail olmaq idi. Düşünürəm ki, biz bunu bacardıq”.
… Mehriban Əliyeva müasirliyin, inkişaf trendlərinin, yeni yanaşmaların və innovasiyaların geniş tətbiqində öz imzasını atmış görkəmli ictimai xadimdir. Onun yenilik və müasirlik ideyaları məhz könüllülük hərəkatında yeni mərhələnin əsasını qoymuşdur. Azərbaycanda Avroviziya Mahnı Müsabiqəsinin, I Avropa Oyunlarının, “Formula 1” yarışlarının, IV İslam Həmrəyliyi Oyunlarının və digər nüfuzlu mötəbər beynəlxalq tədbirlərin uğurla keçirilməsində Mehriban xanımın yorulmaz əvəzsiz fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Məhz Mehriban xanımın əzmkar fəaliyyəti nəticəsində yuxarıda qeyd edilən mötəbər tədbirlərdə on minlərlə könüllünün fəaliyyəti yüksək və professional səviyyədə təşkil edildi. Azərbaycan könüllüləri məhz bu cür tədbirlərdə özlərinin nümunəvi fəaliyyəti ilə cəmiyyətdə rəğbət doğuran könüllülük hərəkatının vahid platformaya çevrilməsində rol oynamışdır.
… Mehriban Əliyevanın “Qadın Könüllülər Təşkilatı” tərəfindən “İnsanlığın Simvolu” mükafatı”na layiq görülməsi isə onun dünya könüllülük hərəkatına verdiyi misilsiz xidmətlərin ifadəsidir.
… “Regional İnkişaf” İctimai Birliyinin konfransının keçirilməsi, “ASAN Könüllüləri” hərəkatının genişlənməsi könüllülərə daha geniş təcrübə mübadiləsi aparmaq üçün əlavə imkanlar yaratdı. Bu, ümummilli ideya regionlarda geniş könüllü şəbəkəsinin formalaşdırılmasına və bu ideyanın ətrafında sıx birləşən on minlərlə gənc könüllü öz kreativliyi, təşəbbüskarlığı, innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə qoşulduqları fəaliyyətə yeni nəfəs verməkdədir.
… Digər mühüm hərəkatın – “Azərbaycan Diaspor Könüllüləri” proqramının başlanması isə dünyadakı Azərbaycan diaspor hərəkatının güclənməsində vacib rol oynayacaq.
… Prezident İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban Əliyevanın təşəbbüsü ilə ötən il Azərbaycanda ilk dəfə keçirilmiş və bütün könüllüləri əhatə etmiş Könüllülük Həftəsi ölkəmizdə könüllülüyün böyük potensialını nümayiş etdirdi. 2019-cu ildə 3 minə yaxın gəncin iştirakı ilə Könüllülərinin II Həmrəylik Forumu keçirildi. 30 minə yaxın gənc müxtəlif dövlət qurumlarında könüllülük fəaliyyətinə cəlb edildi.
… Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyeva hər zaman könüllülərin fəaliyyətini yüksək qiymətləndirirlər. Mehriban xanım qeyd edir ki, Azərbaycan gəncləri dövlətin göstərdiyi yüksək diqqət və qayğıya layiqincə cavab verərək ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğunun fəal iştirakçısına çevrilib: “Qarşıda sizi yeni hədəflər, yeni vəzifələr gözləyir. Hər birinizə bu şərəfli və xeyirxah, eyni zamanda, məsuliyyətli işinizdə müvəffəqiyyətlər arzulayıram”.
… 2020-ci ilin “Könüllülər ili” elan edilməsi gənclərin fərdi inkişafına təkan vermək və onların potensialından səmərəli istifadə etmək, sosial məsuliyyətini artırmaq sahəsində yeni mərhələnin əsasını qoydu.
… Könüllülük həm də vətəndaşlarla ünsiyyət, onlara xidmət, dövlət-özəl qurumların fəaliyyətinin yaxından öyrənilməsi baxımından potensial kadrların yetişməsi deməkdir.

Vaqif Abdullayev, Siyasi elmlər doktoru, professor, YAP Siyasi Şurasının üzvü.

Vaqif Abdullayev adlı şəxsin şəkli.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.