Kobud direktor, qabiliyyətsiz mətbuat işçiləri. Kimdir günahkar?!. (Video)

KİV səhifələri çox vaxt kimə və ya nəyə ünvanlandığı  bilinməyən yazılar ilə dolu olur. Biz əvvəllər də belə mövzulara tez-tez müraciət etmişik. KİV nümayəndələrini yazıları hazırlayarkən daha diqqətli olmağa, insanlara hörmət və qayğı ilə yanaşmağa çağırmışıq. Bu dəfə AZTV.news  saytında gedən material isə diqqətimizi daha çox cəlb etdi. Əslində bu,  bir məktəbdən aparılan adi bir çəkiliş idi. Üslubuna görə onu heç bir janra bənzətmək də mümkün deyildi. Sadəcə, kortəbii surətdə aparılan və elə də saytda yerləşdirilən kadrlardı. Amma, bununla belə, orijinallığı ilə seçilirdi. Yəqin ki, kadrlarda əksini tapan hallar bunu lentə alan insanların da hiddətinə səbəb olmuşdu. Axı, əslində nə baş vermişdi ki, jurnalistlər məktəbdə gördükləri hər neqativ halı hiddətlə lentə almışdılar? Dəfələrlə məlum saytın rəhbərliyinə müraciət etsək də, nə kəndin adını, nədə ki, olayın əsl səbəbini və günahkarın adını öyrənə bilmədik. Bu kadrlar da artıq saytdan silinmişdi. Nəhayət, bu kadrları digər saytların səhifəsində tapa və bunun harada baş verdiyini öyrənə bildik. Bu əhvalat bir vaxtlar özümüzün düşdüyü vəziyyətlə haradasa eynilik təşkil etdiyindən,  bu olayın qəhrəmanları olmuş həmin ”jurnalist”lərə ürəyimdə bir az haqq da qazandırmalı oldum. Başa düşdüm ki, bu olayda da məhz direktor öz etinasızlığı ilə seçilib. Maraqlıdır, görəsən o, məktəbə təşrif buyurmuş bütün insanlarla həmişəmi belə davranır? Öyrənmək pis olmazdı.

Bir vaxtlar olayın baş verdiyi Mahir Aydınov adına Samux rayon Salahlı kənd ümumi orta məktəbdə olmuş və internet televiziya üçün çəkilişlər aparmışdıq. O dövrdə məktəbin mövcud şəraiti bizi həqiqətən də heyran etmişdi. Elə ilk andan məktəbdəki səliqə-sahman diqqətimizi cəlb etdi. Müasir tələblərə cavab verən, zövqlə hazırlanmış dərs otaqları, yüksək peşəkarlığa malik müəllimlər, kompüterlərlə təhciz edilmiş informatika otağı… Bir sözlə, ucqar bir kənddə belə bir təhsil ocağının olması bizi elə sevindirmişdi ki!

Məktəbin direktoru Zeynal Orucov elə o vaxt da kamera qarşısında durmaq həvəsini nümayiş etdirməmişdi. Gənc bir müəllim fəallıq göstərərk, onun əvəzində çalışdığı təhsil ocağı barədə bizə məlumatlar verirdi. Biz onda Zeynal müəllimin hərəkətini pis yerə yozmadıq. Düşündük ki, müəllim yəqin ki, “forma”da deyil, danışmağa həvəsi yoxdur. Gənc müəllim isə dövlətimizə bu kəndə belə bir abad məktəb tikib hədiyyə etdiyinə görə ürək dolusu sözlər söylədi. Kollektiv adından dövlətə öz təşəkkürünü bildirdi. Həmin vaxt Zeynal Orucov öz kabinetində bir həmkəndlisi ilə çay içir və kresloya yayxanaraq, şövqlə hansısa bir hadisəni nəql edirdi. Sanki, heç mətbuat işçiləri bu məktəbdə çəkiliş aparmırdılar və sanki bizim gəlişimizin ona heç bir aidiyyatı da yox idi. Gənc müəllim isə öz direktorunu sanki, vəziyyətdən çıxarmaq üçün həvəslə danışırdı:- Kəndimiz Gürcüstan respublikası ilə 17 kilometr uzunluğunda sərhəd zolağına malikdir. 700 nəfər əhalisi vardır. Məktəbimizdə 74 şagird təhsil alır. 16  müəllim onların təlim-tərbiyəsi ilə məşğuldur. Bizim məqsədimiz budur ki, dövlətimizin bizə göstərdiyi bu diqqət və qayğıya öz səmərəli işimizlə cavab verək…Tədrisin səviyyəsinin yüksəldilməsində böyük nailiyyətlər əldə etməyə çalışırıq”… – gənc müəllim bildirirdi.

Əlbəttə ki, o, fikirlərində və niyyətində dürüst idi və səmimi idi. Bizi sinif otaqlarına aparırdı, müəllimlər ilə tanış edirdi, onların işi barəsində geniş məlumat verirdi. Direktor isə hələ də həmkəndlisi ilə şirin-şirin söhbət edirdi. Çəkilişdə iştirak etmək çağırışımızı ona çatdırmaq üçün gedən həmkarımız isə hər dəfə gülə-gülə gəlib, “hələ söhbətin şirin yerindədirlər”- deyirdi.

Məktəbdən götürdüyümüz kadrlar öz orijinallığı ilə indi də insanı valeh edir. Bu kadrlar hələ də arxivimizdə qalmaqdadır. Həqiqətən də Salahlı kəndi belə abad və gözəl məktəbə malik olduğu üçün fəxr edə bilərdi. İndi də belədirmi? Yaxınlarda oradan çəkilən kadrlar isə məktəbdə hər şeyin daha ürəkaçan olmadığını sübut edir. İş o yerə çatıb ki, bu olayın həllinə hətta Təhsil Nazirliyi belə qarışmalı olub. Samux rayon Təhsil Şöbəsindən aldığımız məlumata görə Zeynal Orucov nazirliyin töhməti ilə “mükafatlandırılıb”.

Bəs ,əslində bu məktəbdə nə baş vermişdi ki, saytın əməkdaşları qəzəbini bu yolla  soyutmalı olmuşdu? Yəqin ki, kobud və hər şeyə biganə direktor, nə də ki, super saytın super əməkdaşları bu münaqişənin əsl səbəbini heç vaxt açıqlamayacaqdır. Buna tutarlı səbəbləri də vardır. Çünki, birinci tərəf mətbuatla necə davranmağın, digər tərəf isə mətbuatın işinin məhz nədən ibarət  olduğunun fərqində deyildir!  Əgər olayın əsl səbəbi nə vaxtsa açıqlansa, hər iki tərəfi yenə də hansısa qurumun “mükafat”I gözləyə bilər.

P.S. Samux rayon Təhsil Şöbəsində Zeynal Orucovdan bu olay barədə məlumat almaq istəyimiz isə, yenə də nəticəsiz qaldı. –“Əşşi, bunun nəyə xeyri var e..” deyib ildırım surətilə uzaqlaşdı. Rayon Təhsil Şöbəsinin rəhbəri Gülağa Hüseynovun onu geri qaytarmaq cəhdilə vurduğu zəng də bir nəticə vermədı. –“Artıq Gəncədəyəm” – dedi.

Yenə də məktəbin həmin səmimi gənc müəllimi yadımıza düşdü. Yanımızda olsaydı, məktəbdə tədris işinin təşkili barədə söhbətimizi yenə də davam etdirərdik.- qəlbimizdən keçdi…

Mövzuya qayıdacağıq.

Ruhulla Zahidov, yazıçı-jurnalist.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.