Bir vaxtlar Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən Samux rayon İnstitut qəsəbə tam orta məktəbin direktorunun işdən azad olunduğu haqda məlumat yayılmışdı.
Bildirilirdi ki, ümumi təhsil müəssisələrinə “Son Zəng” tədbirlərinin keçirilməsi qaydalarını tənzimləyən müvafiq təlimat öncədən göndərilib:
“Təəssüf ki, bəzi hallarda təlimatın tələblərinin pozulduğu hallar da müşahidə olunub. Həmin hallarla bağlı araşdırma aparılıb. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrinə əsasən Samux rayon İnstitut qəsəbə tam orta məktəbin direktoru ilə bağlanmış əmək müqaviləsinə xitam verilib”.
Hələ də bu məlumatın arxasında məhz nələrin gizləndiyi insanlar üçün qaranlıq olaraq qalır. Axı regional idarənin nəzdində fəaliyyət göstərən digər məktəblərin əksəriyyətində də məlum olaylar baş vermişdi və heç bir tədbir görülməmişdi. Məsələn, Gəncə şəhər 18 nömrəli tam orta məktəbdə son zənglə bağlı baş vermiş iyrənc hadisələr hətta Milli Məclisin keçirdiyi iclasların birində müzakirəyə çıxarılmışdı. Baxmayaraq ki, bunu bütün respublika əhalisi görmüşdü və eşitmişdi, korrupsiya girdabında “üzən” bu məktəbin direktoruna güldən ağır bir söz deyən də tapılmadı.
Bu gün redaksiyamızın poçtuna bir xahiş məktubu göndərilib. Məktubda bizə göndərilən məktubun saytımızda dərc olunması xahiş olunur. Düzü, əvvəlcə dərc etməkdən imtina etdik, çünki elə həmin direktora qarşı heç bir simpatiyamız olmadığını düşünürük. Lakin, bir insanın qəlbinə toxunmamaq qərarına gəldik. O direktor, o Təhsil İdarəsi-özləri ayırd etsələr yaxşıdır.
Salam Çox hörmətli Cənab Prezident.
Yazıb Sizə bildirirəm ki, mən Samux rayon İnstitut qəsəbə tam orta məktəbin direktoru kimi fəaliyyətim daim dövlətə və dövlətçiliyə sədaqətlə xidmət etmək olub.
Nəzərinizə çatdırım ki, Samux rayon İnstitut qəsəbə tam orta məktəbində 14 iyun 2024 il tarixində Son zəng tədbiri təşkil olunmuşdur. Həmən gün son zəng tədbiri bitdikdən sonra saat 12-15 radələrində 11 sinif şagirdləri məktəbin həyətində bayağı musiqiyə qulaq aşmışlar. Bunu əsas götürərək Samux rayon üzrə təhsil sektorunun müdiri Nurlana Həsənova vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə ( AR CM 308 maddə) mənim barəmdə təqdimat yazaraq Gəncə Daşkəsən regional təhsil idarəsinin müdirinin əmri ilə Əmək Məcəlləsinin 70 maddəsinin Ç bəndinə əsasən mənim İnstitut qəsəbə tam orta məktəbin direktoru kimi vəzifə səlahiyyətlərinə xitam verilməsinə qanunsuz nail olmuşdur. Ölkəmizdə 2024 ilin fevralında keçirilmiş Prezident seçkiləri və 2024 ilin sentyabrında keçirilmiş Milli Məclisə seçkilər ərəfəsində Samux rayon üzrə təhsil sektorunun müdiri Nurlana Həsənova təbliğat kampaniyası üçün məhz İnstitut qəsəbə tam orta məktəbində namizədlərə lazımi şəraiti yaratmayaraq təxribat xarakterli hallara yol vermişdir. Bununla yanaşı Samux təhsil müdiri Nurlana Həsənova təhsil sektorunun dəhlizində, zibilliyində və ayaq yolunun qapısının girişində təhqiramiz şəkildə ümumilli liderimiz Heydər Əliyevin və Prezidentimiz İlham Əliyevin fotoşəkilləri olan stendi illərdi yerləşdirmişdir. Bu biabırçı mənzərə isə sosial şəbəkələrdə və saytlarda işıqlandırılmışdır (https://youtu.be/ZnzMzDOkGOw?si=V-O50IXIoKR-H7aE). Göstərilən neqativ hallarla əlaqədar Samux rayon icra hakimiyyətinin başçısı Firdovsi Əliyev dəfələrlə Samux təhsil müdiri Nurlana Həsənovanı tənbeh etmiş və yazılı izahat tələb etmişdir. Lakin bu günədək Nurlana xanım barəsində heç bir tədbir görülməyib.
https://youtu.be/ZnzMzDOkGOw
Azərbaycan Respublikası Konstitusiyanın müvafiq maddələrinə əsasən mənim hüquqlarım hələ də pozulmuş olaraq qalmaqdadır. Yuxarıda göstərdiyim faktlar hüquq pozuntusu yaradaraq qanunvericiliyin tələblərinə uyğun qanun pozuntusuna yol açmışdır.
Müraciətimdə qeyd etdiyim faktları nəzərə alaraq araşdırma aparılmasını və pozulmuş hüquqlarımın bərpasını təmin edilməsi üçün müvafiq tədbirlərin görülməsini Sizdən xahiş edirəm.
Gülsəba Abbasova.