“KEÇMİŞİN BU GÜNÜ”

“GƏLİN QAYNANA MÜNAQİŞƏSİ” HƏR ZAMAN QLOBAL PROBLEMLƏR SIRASINDA YER ALIB. GÜNÜMÜZDƏ BU MƏSƏLƏ DAHA DA GÖZƏÇARPAN OLUB. BU YAXINLARDA GƏNC YAZAR ELTUN TÜRKELİN “KEÇMİŞİN BU GÜNÜ” ADLI HEKAYƏSİNİ OXUDUQDA MARAQLI BİR SUJET XƏTTİ İLƏ QARŞILAŞDIM. QAYNANASI ÜÇÜN ÖVLADINDAN KEÇƏN BİR QADININ TALEYİNDƏN BƏHS EDƏN BU HEKAYƏNİ SAYTDA DƏRC ETMƏYİ ÖZÜMƏ BORC BİLDİM.

Körpəlikdən anasını itirən Gövhər atasının qucağını ana qucağı ilə əvəz etdiyi kimi, böyüyüb öz qucağını da doğma övladı üçün yox, onlarla körpənin sığındığı ana qucağı ilə əvəz edəcəyini bilməzdi. Lakin bu öncədən yazılmış bir tale idi, dəyişməz, dəyişdirilməz!

 Eltun Türkel           

                              KEÇMİŞİN BU GÜNÜ

Günəş dan ulduzunu nurunda itirəndə, Gövhər yuxudan oyandı. Bu, onda vərdiş halına dönmüşdü. Tez yerindən qalxdı. Əyninə axşamdan ütüləyib səliqə ilə asılqandan asdığı xalatını geyinib, otağından çıxdı. Hamam otağına keçib, əl-üzünü yudu. Saçına əl gəzdirərək mətbəxə keçdi. Soyuducudakı südü qazana boşaldıb, qaz sobasının üstünə qoydu. Hər gün olduğu kimi südlü sıyıq hazırlamalı idi kimsəsiz körpələr üçün.
Gövhər iyirmi beş il idi ki, körpələr evində işləyirdi və körpələr evinin dəyişməyən tək Anası idi. İyirmi beş il ərzində saysız-hesabsız kimsəsiz uşaqları böyüdüb həddi-buluğ yaşına çatdırıb, həyata əsl vətəndaş kimi yola salan Gövhəri körpələr evindən bir günlük də olsa belə ayrıldığını görən uşaq olmamışdı. Kimsəsiz körpələrə analıq edər, qayğısına qalar, onların sevincinə sevinib, kədərinə ağlayar, bütün gününü onlarla keçirərdi. Bəlkə də, Gövhəri həyata bağlayan bu işi idi. Bəzən yaşını unudub körpələrə müxtəlif oyunlar oynayar, axşamlar onlara maraqlı nağıllar söyləyər, hamısını yatırdar, sonra özü yatardı. Aldığı maaşı belə körpələr üçün xərcləyər, onlara geyim, oyuncaq alaraq valideyin himayəsindən uzaq olduqlarını unutdurardı. Hər ayın başında uşaqların arasında pıçapıç düşərdi ki, “anamız maaşını alanda görən bizə nə alacaq”?
Beləcə illər bir-birini əvəz etdikcə Gövhərin övladlarının sayı artırdı. Bu illər ərzində Gövhər analıq edib böyütdüyü körpələrin hətta sayını unutmuşdu. Ancaq o uşaqlar Gövhəri heç vaxt unutmurdular. Hər gün Gövhərin ziyarətinə gələn gəncləri görmək olardı. Onların içində müəllim, polis və müxtəlif vəzifə sahiblərinə də rast gəlmək mümkün idi. Bu sevgini isə Gövhər özü qazanmışdı. Bu günə qədər bir uşağın qəlbinə toxunmamışdı. Çalışdığı körpələr evində baxıcılar, tərbiyəçilər, müəllimlər kifayət qədər olmasına baxmayaraq heç biri Gövhər kimi körpələrə özünü sevdirə bilmirdi. Bu isə Gövhərin gənclik illərində baş verən, unudulması mümkün olmayan acı xatirələrlə bağlanırdı ki, o, hər bir körpəni öz doğma övladı hesab edirdi.
Artıq südlü sıyıq hazır olmuşdu. Gövhər pendiri, yağı dilimləyib, səliqə ilə boşqablara yığaraq, yeməkxananın stollarına düzdü. Saat doqquza az qalırdı. Yataqxanaya keçib körpələri bir-bir üzündən öpüb qaldırdı:
– Ay mənim şirin balalarım, oyanmaq vaxtıdır, sıyığınızı bişirdim, qalxın əl – üzünüzü yuyun, isti – isti yeməyinizi yeyin. Di durun görüm, sevimli tənbəllərim!
Daha sonra uşaqların bir-bir paltarlarını geyindirib hamam otağına yola saldıqdan sonra özü də qapıdan çıxmaq istədi. Qəfil gözü divardan asılan təqvimə sataşdı. Oktyabr ayının on üçüncü günü. Bu tarix Gövhərin həyatında iyirmi altı il öncə qara hərflərlə yazılmışdı………
Hər il olduğu kimi yenə də Gövhərin ayaqları əsdi, gözünə qaranlıq çökdü. Üzündən süzülüb döşəməyə düşən yaş sanki Gövhəri də arxasınca çəkdi. Yıxılmamaq üçün divara söykəndi, dərindən köks ötürdü. Keçmişinin bu günü yenə də kövrək qəlb evini ziyarətə gəlmişdi.
Gövhər körpəlikdən anasız böyümüşdü. Atası Rasim kişi ona həm ata, həm də ana olmuşdu. Məktəbə gedəndə bütün uşaqların anası məktəb qapısında gözləyəndə, Gövhəri isə atası gözləyərdi. Sinif yoldaşları da Gövhərə soyuq münasibət bəsləmişdilər. Sanki anasız olmağı Gövhər istəmişdi. Təkcə Yalçın ona qarşı həmişə istiqanlı olmuşdu. Yalçın da atasız böyümüşdü körpəlikdən. Həmişə Gövhəri müdafiə edər, dərslərində köməklik göstərərdi. İllər bir-birini yola saldıqca Gövhərlə Yalçın daha da istəkli olur, günləri demək olar ki, bir yerdə keçirdi. Bəlkə də, Gövhərin həyatında olan ən xoşbəxt günləri idi sona doğru gedən. On yeddi yaşına çatanda Yalçın ilk dəfə qorxa-qorxa Gövhərə “səni sevirəm”,- dedi. Gövhər də şıltaq qız dilinə salıb:
– Bunu bütün kənd bilir, deyirsən mən bilmirəm.- deyib evlərinə tərəf qaçdı.
Yalçın o gün sevincindən özünə yer tapa bilmirdi. Səbirsizliklə anasının əkindən dönməsini gözlədi. Xatun ana yorğun halda qapıdan girər-girməz:
– Anaa, mən həyatın ən xoşbəxt oğlanıyam.- deyib Xatunun boynuna sarıldı.
– Boyuna qurban, ay oğul, səni xoşbəxt edəni Allah xoşbəxt eləsin, hələ de görüm nə olub?
– Ana, Gövhər də məni sevir, daha nə olasıdır?
– Ağrın alım, ay oğul, kaş rəhmətlik atan da bu günü görəydi. Görəydi ki,onun “qara kişmişi” böyüyüb də qız sevir. Maşallah Gövhər balam elə adı kimi özü də gövhərdi. Tərbiyəli, qanacaqlı qızdır. Elə Rasim qardaş da çox gözəl insandır, bu günə kimi bir insanın toyuğuna kış deməyib. Nə deyim, ay oğul, xeyiri Allahdan gəlsin.
Bu söhbətdən üç ay sonra Xatun ananın ürəyində kəskin sancılar başladı. Tez-tez sancı tutur, haldan-hala düşürdü. Yalçın da məktəbdən çıxıb artıq tarlaya özü gedirdi.
Bir səhər Xatun ana Yalçını tarlaya yola saldıqdan sonra özünü toparlayıb Rasim kişinin işlədiyi dülgər emalatxanasına gəldi. Rasimi çölə çağırdı:
– Xoş gördük ay Rasim qardaş, işin avand olsun.
– Xoş günlü olasan, Xatun bacı, çox sağol, necəsən? Yanında üzüqarayam, eşitdim ağrıyırsan, vaxt edib sənə baş çəkə bilmədim.
– Üzüqara düşmənin olsun, ay Rasim qardaş, o nə sözdü? Sənin evdən, işdən baş açmağa vaxtınmı var?
– Ay Xatun bacı, nə qədər də olmasa vaxt tapıb gəlməliydim. Xeyir olsun, bu vəziyyətdə bura qədər gəlmisənsə, nəsə ciddi məsələ var demək.
– Xeyirdir, Rasim qardaş, mənim halım hal deyil. Yalçın anası ölmüş qalıb bu yaşında işlə ev arasında. Bu gün, sabah ölsəm qalacaq ortada. Gövhər qızım da mənim öz balam kimidi, Vallah Yalçınla onu seçməmişəm bu günə kimi. İstəyirəm kəndin üç-dörd ağsaqqalını da yığım bu axşam Sizə gəlim. Yəqin ki, bacının əlini boş qaytarmazsan.
Rasim bir az xəyala daldı, gözü yaşardı:
– Ay Xatun bacı, yəni bizim uşaqlar bu qədər böyüdülərmi?
– Nə qədər böyüsələr də bizim gözümüzdə uşaqdırlar hələ, ay Rasim qardaş.
– Gövhər bilirmi?
– A rəhmətliyin oğlu, bütün kənd onların sevgisindən danışır, deyirsən Gövhər bilməsin?!
– Nə deyirəm, qapımız üzünüzə açıqdır, Xatun bacı, buyurun gəlin.
Xatun kənd ağsaqqallarına xəbər salıb, sevincək evə döndü. Səbirsizliklə axşamın düşməsini gözlədi.
Yalçın evə dönəndə anasının bu sevincini görüb soruşdu:
– Ana, həmişə üzün gülsün, xeyirdimi?
– Xeyirdir, ağrın alım, xeyirdir. Bu axşam Rasimgilə gedirik Gövhər balamı istəməyə.
Dünya Yalçının gözündə cənnətə döndü bir anın içində. Körpə uşaq kimi anasının boynuna sarıldı.
– Ana, mənə dünyanı bağışladın, Allah səni mənə çox görməsin.
– Adə yaxşı, uşaqlaşma, özümü ayaq üstə zorla tuturam, sən də bir yandan ağırlığını çiynimə salma.
Günəş qüruba doğru əyildikcə, həyəcan artırdı. Nəhayət, günəş istirahətə çəkildi.
Qapı döyüləndə Gövhər atasından soruşdu:
– Ata, kimsə gələsidir?
– Hə qızım, Xatun xalangildir, yəqin, dedi axşam Sizə gələcəyik.
Gövhər sevincək qapıya tərəf qaçmaq istədi bir anın içində, ancaq atasının evdə olduğunu yadına salıb öz otağına çəkildi.
Rasim kişi qapını açıb, gələnlərə xoş gəldin edib, içəri dəvət elədi. Qonaqlar əyləşdilər. Bir az ordan-burdan danışdıqdan sonra kəndin ən yaşlı və hörmətli sakini Məhəmməd kişi dedi:
– Rasim, bala, sözü çox uzatmaq niyyətində deyiləm, odur ki, birbaşa mətləbə keçirəm. Allahın buyruğuna, Peyğəmbərin sünnəsinə sığınıb Gövhər qızımızı Yalçın oğlumuza istəməyə gəlmişik. Əl bizdən, ətək sizdən. Biz belə münasib gördük, əgər sən də münasib görürsənsə, Allah xeyrini versin deyək!
– Rasim bir az düşünüb dedi:
– Ay Məhəmməd dayı, ağsaqqallar belə məsləhət biliblərsə, bizim nə həddimizə “yox” deyək. Allah xeyirlərini versin, Yalçını bu günə qədər Gövhərdən seçməmişəm, bu gündən sonra da seçmərəm.
Qədir kişi dilləndi:
– Di boğazımız qurudu, gətirin şirin çayımızı içək dəə.
Xatun ana sevinə-sevinə durub küçənin başında gözləyən oğlunu çağırmağa tələsdi. Rasim də Gövhəri çağırıb şirin çay gətirməsini istədi.
Yerində qərar tuta bilməyən Yalçın anasının ona tərəf gəldiyini görüb qarşısına yüyürdü:
– Ana, mənə müjdə gətirdinmi?
– Gətirdim, anan boyuna qurban,oğlum, Allah xoşbəxt eləsin. Gəl gedək nişan üzüklərinizi də taxaq, yükümüzün bir qismi azalsın.
Yalçın Gövhərgilin qapısına çatanda ayaqları əsirdi. Sanki uşaqlıqdan gündə, bəlkə də, on dəfə gəlib getdiyi ev deyildi. Özünü toparlayıb içəri girdi anasıyla birgə. Ağsaqqallar təbrik etdikdən sonra Rasim kişi dedi:
– Uşaqlıqdan əl çəkmədin də qızımdan, axır ki, əlimdən aldın. Nə deyirəm, Allah sizi xoşbəxt eləsin, balalarım. Bu məqamda Gövhər də əlində sini otağa daxil olub, çayları payladı, getmək istəyəndə Xatun ana:
– Mənim gözəl balam, gözlə, əhdim var, öz əlimlə nişan üzüklərinizi taxım, ürəyim sakitləşin bir az,- deyib cibindən öz nişan üzüklərini çıxartdı.
– Bu gündən bu üzüklərin sahibləri Sizsiniz, mənim balalarım, arzu eləyirəm ki, sevginizin dəyəri bu qızıl üzüklərin dəyəri kimi heç vaxt dəyərdən düşməsin.
Aradan bir ay vaxt keçdi. Xatunun sancıları daha da artdı. Belə qərar vermişdilər ki, Yalçın hərbi xidmətini başa vurub gəldikdən sonra toyu eləsinlər, amma kəskin sancılar bu qərardan döndərməyə vadar elədi sevimli qudaları. Məsləhət edib toy hazırlığına başladılar. Şanlı-şöhrətli toy elədilər. Yalçın da Gövhər də özlərini dünyanın ən bəxtəvər insanları hesab edirdilər, amma…..
Toydan on beş gün keçmiş qəfil xəbər bütün kəndi sarsıtdı. Rasim kişinin emalatxanasında çıxan yanğın onun həyatına son qoydu. Bu acı xəbər Gövhər üçün də, Yalçın üçün də böyük zərbə oldu. Ancaq əcəlin əlindən qaçış olmaz deyiblər. El adəti ilə Rasim kişini dəfn elədilər, matəmini tutdular. Bu ərəfədə isə Yalçına hərbi xidmətə çağırış vərəqəsi gəldi. Vaxt çatdı, Yalçın gecə qatarıyla yola düşmək üçün anasıyla, sevimli həyat yoldaşı ilə görüşüb evdən çıxdı. Gövhər də onu yola salmaq üçün arxasınca çıxdı. Ayrılıq məqamı çatmışdı. Yalçın bərk-bərk Gövhəri qucaqlayıb,pıçıltıyla qulağına dedi:
– Mənim həyatda anamdan və səndən başqa bir kimsəm yoxdur. Anamın vəziyyətini bilirsən, Onu sənə əmanət edirəm, səni də Allaha. Gözün üstündə olsun. Rasim əmimin acısı hələ ürəyimdədir, bir də ana acısı yaşamayım.
– Fikrin burda qalmasın Yalçın, sənə söz verirəm ki,həyatım bahasına da olsa belə, onu sənə qoyub getdiyin kimi təhvil verəcəyəm. Allah üstünlə getsin, sağ get, salamat qayıt.
Ayrılmaq çətin olsa da, Vətənin borcunu ödəməli idi Yalçın. Son dəfə Gövhəri bağrına basıb, üz tutdu yola. Gövhər içəri girib qayınanasını qucaqlayıb, başını çiyninə qoydu.
– Kövrəlmə qızım, il yarım nədir ki, “gözünü açıb-yumunca” gəlib keçəcək.
Yalçın gedəndən bir neçə həftə sonra Gövhər hiss elədi ki, hamilədir. Sevincək Xatun ananın yanına qaçaraq demək istədi, ancaq utandığından fikrindən daşındı. Tez dəftər-qələm götürüb öz otağına keçdi. Yalçına məktub yazdı:
“Salam əzizim, çox darıxmışıq sənsiz. Anan da, mən də, hə bir də körpəmiz. Yalçın, sən hərbi xidmətdən dönəndə ata kimi girəcəksən bu evə. Özündən muğayat ol. Səni sevən Gövhər” …Məktub Yalçına çatanda yerə-göyə sığmırdı sevindiyindən.
Hər gün körpəsi bətnində böyüyürdü Gövhərin. Nəhayət, cəsarətini toplayıb bir axşam qayınanasına dedi:
-Ana, cəmi altı aydan sonra nənə olacaqsan.
– Qızım səni həmişə şad xəbər olasan, Allah dardan qutarsın, atalı, analı olsun. Mənə ən böyük müjdəni verdin, həmişə xoş müjdəli olasan, qızım.
Zaman su kimi axıb keçirdi. Keçdiyi kimi də arxasında həyəcan dolu günlər buraxırdı. Gövhər artıq hamiləliyin doqquzuncu ayına qədəm qoymuşdu.
Axşam düşürdü, günəş batmaq üzrə idi. Xatun ananın halı qəfildən pisləşdi, dodaqları qurudu, rəngi qaraldı. Gövhər tez yaxın qonşuları haraya çağırdı. Nəsib kişinin köhnə “Jiquli” markalı maşını vardı. Xatun ananı maşına mindirib rayon xəstəxanasına apardılar. Həkimlər ilkin tibbi yardım göstərib, belə məsləhət gördülər ki, təcili şəhər xəstəxanasına çatdırmaq lazımdır. Bir saat ərzində şəhər xəstəxanasına çatdılar. Gecə olduğu üçün ilkin yardım görsədərək, kardioloji şöbədə palataya yerləşdirdilər. Sabaha qədər Gövhər yatmadı. Arabir Xatun titrək səslə:
– Ay qızım, ikicanlısan uzan, yat dincəl, axşamdan ayaq üstəsən dedikcə:
– Ana, sən yaxşı ol, əsas odur. Mənə heç nə olmaz,- deyə Gövhər cavab verirdi.
Sabah açılmışdı. Gövhər özünü sahmana salıb dedi:
– Ana, mən gedim həkim otağının önündə durum, gələn kimi birinci səni müayinə eləsin.
– Yaxşı, ay qızım, Allah səni mənə çox görməsin.
Gövhər palatadan çıxıb otaqlara baxa- baxa “Şöbə müdiri” yazılan otağı tapdı. Az keçməmiş təxminən əlli yaşlarında bir xanımın otağa yaxınlaşdığını görəndə həkimin adı lövhəsinə nəzər saldı istər-istəməz. Bəli, həkimin qadın olduğunu adından görəndə bildi ki, yaxınlaşan həkimdi.
Sevinc həkim otağını açmaq istəyəndə, Gövhər kövrək səslə dedi:
– Sevinc həkim Sizsiz?
– Bəli, buyurun?
– Həkim, yalvarıram anamı sağaldın, o mənə əmanətdir.
– Neçənci palatadadır ananız?
– Səhv etmirəmsə on bir.
– Yaxşı, əynimi dəyişib gəlirəm.
Gövhər palataya qayıdıb, həkimi gözləməyə başladı. Az keçməmiş həkim yanında da tibb bacısı palataya daxil oldular. Xatun ananı müayinə edəndən sonra tibb bacısına dedi:
– Təcili “Exo” olunmalıdır, cavabını otağıma gətir.
– Oldu həkim, bu dəqiqə aparat otağına aparıram xəstəni.
Həkim çıxdıqdan sonra tibb bacısı Xatun ananın bir qoluna, Gövhər digər qoluna girib “Exo” otağına gətirdilər. Ürəyinin şəklini çəkdikdən sonra tibb bacısı cavabı həkimə, Gövhər də qaynanasını palataya götürdü. Çarpayıya uzadıb, özü həkimin otağına tələsdi. Qapını astaca döyüb həkimin “buyurun” sözündən sonra otağa daxil oldu. Sevinc həkim əlində “exo”nun cavabına baxırdı.
– Əyləşin, cavablar heç də ürəkaçan deyil, ay qızım. Təcili əməliyyat olunmalıdır. Saata qarşı yarışır, bəlkə də, ananız.
Gövhər gözləri dolmuş şəkildə dedi:
– Həkim, əməliyyat nə qədər pul tutur?
– On beş min dollar.
– Həkim, mən evimizi satsam belə, o məbləğin yarısını düzəldə bilmərəm. Anam isə mənə Yalçınımın əmanətidir, ona bir şey olarsa, gərək mən də yaşamayam.
Qəfil Sevinc həkimin gözü Gövhərin bətninə sataşdı, yatmışdı oyandı sanki.
Sevinc həkimin yaşı əllini keçsə də, ailə qurmamışdı. Tək yaşayırdı. Həmişə arzulamışdı ki, kaş bir övladım olaydı. İndi Gövhərin hamilə olduğunu və düşdüyü vəziyyəti görüb fürsətdən yararlanmaq istədi:
– Qızım, ilk övladındır?
– Bəli, həkim.
– Sizə bir təklifim var, razılaşsaq mənim də dərdimə əlac olar, ananızın da.
– Nə təklif, həkim?- deyib Gövhər həyəcanlı baxışlarla həkimin üzünə baxdı.
– Ay qızım, mən ailə qurmamışam bu günə kimi, yaş da ötüb, əlli ikini haqlayıb. Açıq danışacağam, mənə övlad, sənə isə ana lazımdır. Çox şükür ki, gəncsən, indən belə istəsəniz hər il ana ola bilərsən, mən isə yox. Sən övladını mənə versən, mən də xəstəxanaya o məbləği ödəyib ananı əməliyyat edib, sağ-salamat sənə təhvil verərəm. Təklifimi düşün, razı olsan xəbər elə, əməliyyata hazırlıq işlərini başladım.
Gövhər lal-dinməz otaqdan çıxdı. Dəhlizdə xeyli get-gəl elədi. Bir qulağında Yalçının, digərində isə həkimin sözləri əks-səda verirdi. Nəhayət, ağır da olsa son qərara gəldi. Öz özünə dedi:
– Əgər Yalçın anasını mənə əmanət edibsə, onu sağ-salamat qaytarmalıyam, həkim düz deyir mən dəfələrlə övlad sahibi olaram amma ana sahibi ola bilmərəm.
Otağın qapısı döyüləndə Sevinc həkim başını qaldırıb:- “buyurun”,- dedi. Qapı astaca açılanda Gövhəri görüb:
– Hə qızım, sənsən, nə qərara gəldin?- deyə soruşdu.
– Həkim, təklifinizlə razıyam, ancaq mən doğumu bu xəstəxanada edəcəyəm və Siz də həkimlərə tapşıracaqsınız ki, hamıya uşaq “ölü doğuldu” desinlər. Çünki mən Yalçına bunu heç cürə izah edə bilmərəm. Əgər razısınızsa vaxt itirməyək anamın əməliyyatına başlayın.
– Yaxşı qızım, razılaşdıq. Bir şeyi də unutma ki, körpəni pis yerə vermirsən. Mənim nəyim var hamısı onundur mən öldükdən sonra. Allah ömür versə ən ali məktəblərdə oxudacağam. Bir də, qızım, son nəfəsimdə həqiqəti ona açıqlayacam.
– İn şə Allah həkim, mən əmanət üçün canımdan keçdim, onu da Sizə əmanət edəcəyəm.
– Narahat olma, qızım, vaxt itirməyək o zaman. Sən get ananı hazırla, mən də xəstəxananın pulunu ödəyim, əməliyyata başlayaq.
Gövhər içəri girəndə daxili sarsıntısını nə qədər büruzə verməməyə çalışsa da, bu,Xatun ananın gözündən qaçmadı.
– Nə olub, ay qızım, gözümə birtəhər deyirsən?
– Heç ana, əməliyyata hazırlanmalıyıq, onun üçün həyəcanlıyam,- deyib sualdan yayınmağa çalışdı Gövhər.
– Nə əməliyyat, ay qızım, bizdə əməliyyat olunacaq qədər pul nə gəzir?
– Ana, həkimlə danışdım, o da bir xeyriyyəçi insana zəng vurdu, xəstəxana ödənişini o ödədi, sağolsun. Hə, bir də dedi ki, mənim ailəmi qoruyan əsgərimin ailəsini qorumaq mənim borcumdur.
– Sağ olsun, ay qızım, demək, dünyada hələ ki, yaxşı insanlar mövcuddur.
İki saat sonra Xatun artıq əməliyyat masasında idi. Çox ağır bir əməliyyat keçdi, ürəyində olan bütün tutulmuş damarlar dəyişdirildi.
Gövhər əməliyyatxananın qapısı açılanda tez irəli atıldı, gözü Sevinc həkimi axtardı. Alnının tərini silə-silə asta addımlarla gələn həkimi görüb:- Həkim necə keçdi əməliyyat?- sualını verdi.
– Narahat olma, bala, düzdü, əməliyyat ağır keçdi, ancaq nə qədər tutulmuş damarlar var idi hamısını dəyişdik. Sabaha narkozdan ayılar Allahın köməkliyi ilə.
– Çox sağ olun, həkim, Allah sizdən razı olsun.
– Siz də sağ olun, qızım, sabahdan çay-çörək yeməmisən, ayaq üstəsən, həm də ikicanlı. Get xəstəxananın yeməkxanasına çay iç,, bir tikə çörək ye, gəl anan yatan palata boşdu, bir-iki gün anan reanimasiya şöbəsində qalacaq, sən də onun yerində uzan, yat dincəl, belə olmaz.
– Oldu, həkim, narahat olmayın, dediklərinizi yerinə yetirəcəyəm.
Xatun artıq normal halına dönmüşdü. Buna baxmayaraq, Sevinc həkim onu ev şəraitinə buraxmırdı. Çünki Gövhərin doğum saatları get-gedə azalırdı. İstəmirdi gözünün önündən ayırsın. Hər gün tək tapşırığı isə “Xatuna ən az üç ay qəti həyəcanlanmaq olmaz” idi.
Nəhayət, Gövhərin doğum sancıları başladı. Onu təcili “Doğum şöbəsi”nə apardılar. Əvvəlcədən planlaşdırıldığı kimi Gövhərin övladı “ölü” doğuldu. Sevinc həkim tədarükünü görmüşdü Xatun barəsində. Xəbər Xatuna çatmamış lazımı iynə-dərmandan verib tədbirini əldən buraxmadı. Gövhərə isə:- Qızım, oğlun mənə əmanət, bu gündən o mənim öz balamdır. Qəti narahat olma. Adını da sən qoy. Gövhər kövrəlmişdi, titrək səsiylə dedi:
– Həkim, oğlum Sizə, Siz də Allaha əmanət olun. Adını da Ümid qoyun.
– Yaxşı qızım, Allah səni də xeyirli övladlarla sevindirsin, necə ki, sən məni sevindirdin.
Xəstəxanadan çıxanda Xatun ananın sanki ayaqları evə tərəf getmirdi. İlk nəvəsinin “ölü” doğulmasıyla heç cür barışa bilmirdi. Bütün bunlardan xəbərsiz Yalçın isə bir aydır evdən xəbər ala bilmədiyi üçün çox narahat idi.
Gecənin qaranlığı hər tərəfi zülmətə bürümüşdü. Yalçın səngərdə fikirlərə qərq olmuşdu. “Bir aydan artıq vaxt keçib, hələ də evdən xəbər yoxdur, anam necə oldu. Gövhərin doğum vaxtıdır ,görəsən, hamiləlikdən azad oldumu, oğlum oldu, yoxsa qızım”. Bu fikirlərlə səngərdən çıxdığının fərqinə varmadı. Qəfil boynunda hiss elədiyi ağıdan müqavimətini itirib yerə yıxıldı. Yalçın düşmən snayperinin gülləsinə tuş gəlmişdi. Xəstəxanaya çatdırılsa da, artıq gec idi. Yalçın şəhadət şərbətini içmişdi.
Xatun ananın bu səhər ürəyində bərk sıxıntı vardı. Gövhərin otağının qapısını döydü, səs gəlmədiyini görüb astaca qapını araladı. Gövhər yatırdı. Xatun ana bir az rahatlamaq üçün küçəyə çıxmaq istəyirdi ki, qapı döyüldü. Qapını açanda hərbi geyimdə bir neçə rütbəli şəxsləri görüb heyrətə gəldi. Qorxa-qorxa,- Buyurun,- dedi:
– Xatun ana, Vətən sağ olsun!
Xatunun dünyada eşitdiyi sonuncu sözlər bu oldu. Nəsə demək istədi, ancaq dodaqlarından süzülən qan son sözünü deməyə macal vermədi.
Səs-küyə Gövhər otaqdan çıxanda dəhşətə gəldi. Xatun ana döşəmədə can verirdi.
O gün kənddən iki cəsəd qaldırıldı. Şəhid və Şəhid anası. Onları son mənzilə yola salan gözüyaşlı, boynubükük Gövhər.
Bu hadisə Gövhəri tamamilə sarsıtmışdı. Kənddə öz-özünə danışa-danışa getdiyi vaxtlar da olurdu. Üç aya yaxın bir müddətdə bu hal davam elədi. Gövhər çox düşündü, daşındı Sevinc həkimin yanına gedib hadisələri danışmaq, heç olmasa öz övladına baxıcılıq etmək üçün onu razı salmağa qərara aldı.
Bu fikirlə şəhər xəstəxanasına gəldi. Ancaq aldığı xəbər bu arzusunun da önünə sədd çəkdi. Sevinc həkim iki ay öncə istefa edərək işdən çıxmışdı. Yaşadığı ünvanı xəstəxanadan alıb ora yollandı. Qapını başqa bir qadın açdı.
– Salam, xanım, Sevinc həkim bu ünvanda yaşayır?
– İki ay əvvələ qədər bəli, ancaq iki aydır bu evi bizə satıb.
– Hara getdiyindən xəbəriniz varmı?
– Xeyir, məlumatımız yoxdur.
– Çox sağ olun, bağışlayın, narahat elədim.
– Buyurun.
Hər yerdən əli üzülən Gövhər kəndə qayıda bilməzdi. Çünki o kəndin hər yerində onu gözləyən acı xatirələr vardı. Fikirli-fikirli küçəyə çıxıb getmək istəyəndə, işıq dirəyinə vurulmuş elan Gövhərin qarşıdan gələn illərinin bələdçisi oldu. Elanda: “Uşaq evinə baxıcı tələb olunur”- yazılmışdı. Üz tutdu elanda yazılan ünvana. Uşaq evinin müdirəsi Aygün xanım Gövhərin başına gələnləri dinlədikdən sonra: “Qızım, buradakı ata-ana himayəsindən məhrum uşaqlar da sənin öz Ümidin”,- dedi.
Bax beləcə iyirmi beş il say-hesabsız Ümidlər böyütdü Gövhər……….
Özünü toparlayıb bir də təqvimə baxıb, otaqdan çıxdı. Qapını örtəndə iş yoldaşı Sənubər onu görüb dedi:
– Gövhər, bayaqdan səni axtarırıq, hardasan?
– Xeyir ola Sənubər? Otaqdaydım, uşaqların çarpayısını sahmana salırdım.
– Təzə müdir təyin olunub uşaq evinə, yarım saata qədər işçilərlə iclas keçirəcək, hazır ol.
– Dediyin üçün sağ ol, yaxşı, hazırlaşıb gəlirəm.
Müdirin otağına girəndə işçilərin çoxsu artıq orda idi. Gövhər də keçib bir kənardan əyləşdi. Az sonra qapı açıldı, içəri gənc, saçları səliqə ilə yana daranmış bir oğlan daxil oldu. Müəllimlər, tərbiyəçilər arasında xəfif səs eşidildi:-Yeni müdir budur.
Gənc oğlan kreslosunda əyləşib:- Hər birinizi xoş gördük, hörmətli müəllimlər, tərbiyəçilər. Bu körpələr evinin yeni təyin olunmuş müdiri mənəm. Müdir dedimsə, mənə müdir münasibəti göstərməyin, vəzifəm Sizdən böyük olsa da, mən də Sizlər kimi işçiyəm. Adım Ümiddir. Ümidvaram ki, burda bir ailə olacaq, ailə himayəsindən məhrum olan uşaqlara ailə sevgisi bəxş edə biləcəyik.
Bir az tanışlıq, bir az “xoş gəldin”dən sonra iclas qurtardı, hər kəs öz işinin başına keçdi.
Ümid müəllim də körpələrin oyun otağına yollandı. Uşaqlarla isti münasibət qurmağa çalışdı. İlk gündən və qismən də olsa buna nail oldu. Ancaq bir şey ona çox maraqlı gəldi. O qədər, müəllim, tərbiyəçi olan bir yerdə bütün uşaqlar: “Gövhər ana”,- deyirdi ancaq. Otağına döndükdən sonra ən köhnə tərbiyəçilərdən olan Sənubəri yanına çağırtdırdı. Sənubər qapını döyüb içəri daxil oldu.
– Əyləşin, Sənubər xanım.
– Buyurun, Ümid müəllim, məni çağırmısınız.
– Sənubər xanım, az öncə uşaqlarla bir az həmsöhbət oldum. Bu qədər tərbiyəçi, müəllimin çalışdığı bir körpələr evində Gövhərdən başqa ad bilmirlər sanki, mənə çox maraqlı gəldi. İşləmə tarixinizə baxdım, burda ən uzunmüddətli işləyən tərbiyəçi Sizsiniz, onun üçün Sizdən soruşmağı qərara aldım.
– Ümid müəllim, düz etmisiniz. Gövhəri mənim kimi tanıyan adam yoxdur burada. Siz düz vurğuladınız. Bu körpələr evində kifayət qədər müəllim və tərbiyəçi var. Amma ana bir dənədir, o da Gövhərdir. Gəldiyi iyirmi beş ildir, bu müddət ərzində o, bu kimsəsiz körpələrin gecə də, gündüz də əsl ana kimi qayğısına qalıb:
– Sənubər xanım, gecə-gündüz dediniz, bəs Gövhər xanımın evi, ailəsi, övladları yoxdurmu?
– Ümid müəllim,- deyib Sənubər xanım Gövhərin həyatını qısaca danışdı. Sözünü bitirib Ümid müəllimin üzünə baxanda yanağından süzülən yaşları gördü. Təəccüblə soruşdu?
-Ümid müəllim, Sizə nə oldu?
– Heç, dur gedək Gövhər ananın yanına,- deyib, Ümid müəllim ayağa durdu.
Gövhərin hər gün olduğu kimi, yenə də ziyarətinə gələn övladları var idi. Ümid müəllim asta-asta yaxınlaşıb gənclərlə salamlaşdı. Gövhər Ümid müəllimi görüb ayağa durdu. Ümid titrək səslə:
– Əyləşin, Gövhər ana, sənin qarşında cahan ayaq üstə durmalıdır,- dedi. Daha sonra soruşdu:
– Bu gənclər də hər halda sənin böyütdüyün övladlarındandırlar?
– Bəli, Ümid müəllim, sağ olsunlar məni ziyarətə gəliblər.
– Bu gənclərin arasında böyüdə bilmədiyin övladına da yer varmı, Gövhər ana?!.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.