“Təhsil şöbələrinin ləğvi məktəbləri müstəqilləşdirəcək”, – bunu deputat Fazil Mustafa deyib. Təhsil Nazirliyi isə rayon və şəhər təhsil şöbələrinin ləğv edilərək onların bazasında regional təhsil idarələrinin yaradılmasına başlanılması ilə bağlı məlumatlara münasibət bildirərkən məlumatı nə təsdiq, nə də inkar edib.
Bəs bu şöbələrin ləğvinin əhəmiyyəti nədən ibarət ola bilər?
Məsələ ilə bağlı Azadinform-un suallarını cavablandıran təhsil məsələləri üzrə ekspert Kamran Əsədov bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na əsasən təhsilin nəticələrinə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə sisteminin formalaşdırılması, maliyyə və inzibati resurslarının vahid təhsil siyasətinə uyğun planlaşdırılması və təhsil idarəçiliyinin qarşıda duran vəzifələrə adekvat qurulması ölkənin təhsil sahəsinin qabaqcıl dünya standartları səviyyəsinədək təkmilləşdirilməsi prosesində başlıca vəzifələrdəndir: “Struktur islahatları nəticə etibarilə təhsilin keyfiyyət göstəricilərinin əsaslı yaxşılaşdırılmasına, sağlam təhsil mühitinin yaradılmasına, müəllim peşəkarlığının artırılmasına, təhsil alanların və təhsil verənlərin hüquq və qanuni mənafelərinin təmin edilməsi kimi məqsədlərin reallaşdırılmasına xidmət etməlidir. Hətta Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında 24 İyul 2014 sərəncam imzalamışdı və 2015-ci il yanvarın 1-dən təhsil şöbələri ləğv edilirdi”.
Ekspert K. Əsədov qeyd edib ki, rayon təhsil şöbələri ləğv edilsə, bu təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına, sağlam təhsil mühitinin yaradılmasına, müəllim peşəkarlığının artırılmasına, eləcə də, təhsil sistemində hüquq və qanuni mənafelərinin təmin edilməsi kimi məqsədlərə xidmət edəcək: “Bu struktur islahatının çox böyük əhəmiyyəti olduğunu düşünürəm. Mütləq şəkildə təhsil şöbələri ləğv edilməli və regional təhsil idarələri yaradılmalıdır. Yəni əvvəllər hər rayonda bir təhsil şöbəsi vardırsa, indi 4-5 rayon birləşir və təhsil idarəsi yaranır. Bunun da çox böyük əhəmiyyəti var – təhsilə müstəqillik verilir. Digər tərəfdən də, müəllimlərin əmək haqları artırılır, amma idarəetmədə struktur dəyişikliyi gedir. Müəyyən ixtisarlar olur ki, bu da maliyyə baxımından faydalıdır. Əgər RTŞ-lar ləğv olunsa bununla təhsil sisteminə olan bütün müdaxilələr aradan qaldırılacaq. Təhsil idarələri mobil bir təşkilat olaraq formalaşacaq, oraya təhsil sahəsində işləməyən vəzifəli şəxslərin müdaxiləsi sıradan çıxacaq. Məsələn, hansısa icra başçısı təhsil şöbəsini öz xidmətçisi hesab edir və hasar çəkilməsi və digər xərc çəkilən işləri ona tapşırır. O da naçar qalır. Nə etsin? Valideynlərdən və kimlərdənsə bunun üçün məbləğ toplanır və bu iş görülür. Daha belə olmayacaq. İndi təhsil idarələri birbaşa Təhsil Nazirliyindən təlimatı, göstərişləri alıb yerinə yetirəcək. Digər müdaxilələr də sıradan çıxacaq”.