KİV səhifələrinə çıxarılan məqalə və məlumatlar onu yazan hər bir yazarın beyninin məhsulu, məqalə yazılan sahə və ya insanların işinə, həyatına, fəaliyyət sahəsinə olan münasibətin qələmə alınmasıdır. Çox vaxt bu yazıların hazırlanmasında insanlar öz jurnalist borcunu unudur, yaddan çıxarır. Bu səbəbdən bəzi KİV-nin səhifələri aşağı səviyyəli yazılar ilə doludur.
Təəssüf ki, çox vaxt bu yazılar peşə borcu nöqteyi-nəzərindən hazırlanmır. O yazıları oxuyarkən onların düşüncə tərzi, daxili aləmi göz qabağına gəlir. Əslində isə tam başqa cür olmalıdır. Jurnalist hər hansı bir material üzərində işləyərkən o mövzu ilə bağlı hadisəni, faktı, olayı oxucu diqqətinə dolğun surətdə çatdırmağı bacarmalı, yazı üçün seçdiyi mənfi və ya müsbət qəhrəmanların daxili aləmini, həyat və fəaliyyətini, onların gördüyü yaxşı və ya pis işi peşəkar ustalıqla təsvir etməyi bacarmalıdır.Əgər bunu bacarmırsa, onda hansı səbəbdən onlar sözünü məhz KİV səhifələrində deməyi qərara alır? Jurnalistika sahəsində belə işlər qəbul edilməməli, qınaq obyektinə çevrilməlidir.Əks təqdirdə yaxşı ilə pisin, sənət ilə hədyanlığın, ağ ilə qaranın, cəmiyyətə xidmət ilə “ev yıxanlığın” heç bir fərqi olmayacaqdır.
Bu yazımız həmkarlarımız sayılan, əslində isə çalışdıqları bu illər ərzində jurnalistikanın mahiyyətini belə düzgün anlamayan bəzi insanlara məsləhər vermək istəyinə xidmət edir. Bizlər yazıları, düşüncə və həyat tərzi ilə özlərini millətə güldürənlərin qələmə aldıqları cızmaqara məqalələr haqda öz fikirlərimizi bildirmək niyyətindəyik. İnciməsinlər.
Dia.az saytında “ADAU rektoru NƏ İŞƏ YARAYIR Kİ?.. – İDDİA” başlıqlı bir yazıya rast gəldik. Düşündük ki, yəqin ADAU-nun rəhbərliyindən yenə də nəsə bir xəbər var. Hərçənd, onun haqqında yazılanların hələ biri də öz təsdiqini tapmayıb. Sanki, yazarlar onun haqqında bilərəkdən yalan dolu məlumatlar yayırlar. Nə üçün… onu yalnız özləri bilir.Yəqin, antireklam da bir reklamdır!..
Onu da bildirmək yerinə düşərdi ki, adı çəkilən bu yazının sonunda //aktualxeber.az/ linki də öz yerini tapıb. Demək, bu yazı istinadla köçürmədir. Bəs, yazı nə ilə diqqəti çəkib?
Məqaləni oxuduqda təəccüblənməyə bilmirsən. Yəni, müasir yazarlar bu qədərmi avamdır, savadsızdır, yaxud, bu qədərmi məsuliyyətsizdir ki, bilmədiyi, başı çıxmadığı sahədən nə istəsələr, necə istəsələr yazılar hazırlayır və bu yazıların məhkəmə predmeti olacağından belə qorxub çəkinmirlər?!. Lap yazılar paylaşılsa belə bu, onları məhkəmə çəkişmələrindən xilas edə bilməz. Hər halda onlar bunu bilmir. Bilsəydilər, belə məsuliyyətsiz yazılar da meydana gəlməzdi.
Onları bu tipli yazılar hazırlamağa məcbur edən amilləri sadalamaq da olar. Lakin, mövzudan kənara çıxmayaq. Cəmi iki abzaslıq yazıdakı səhvləri nəzərə çatdırmaqla jurnalist məsuliyyətsizliyinə diqqət yetirək.
“Nəzərinizə çatdırırıq ki, bu yaxınlarda aktualxeber.az saytında “Rektor təhsil qaydalarına qarşı” başlıqlı məqalə dərc etmişdik. Məqalədə qeyd etmişdik ki, rektorun dostu, Aqronomluq fakültəsinin 13 illik dekanı olmuş Məhərrəm İsmayılov bütün maxinasiyalarda fəal iştirak edir”.
Hörmətli həmkarlar. Maxinasiya sözü əcnəbi sözlər sırasına daxildir və fırıldaq, saxtakarlıq deməkdir. Əgər bir insanı fırıldaqçı, yaxud saxtakar sanırsınızsa, mütləq onun bu əməlini təsdiqləyən misallar, faktlar sadalanmalıdır. Məhərrəm İsmayılov 13 il deyil, 12 il dekan vəzifəsini daşımışdır. 2009-2011-ci illərdə dekan əvəzi işləmiş, 2011 və 2016-cı illərdə isə seçkiyə qatılaraq, dekan seçilmişdir.
“Onu da qeyd edək ki, Məhərrəm İsmayılovu UNEC rektoru Ədalət Vəliyevin xahişi ilə Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalovun ona tapşırdığı üçün işdə saxladığını İbrahim Cəfərov daim öz yaxın ətrafına çəkinmədən deyir”.
Əziz həmkarlar, Ədalət Vəliyev kimi hörmətli şəxsin tutduğu vəzifəni araşdırıb, öyrənə bilmirsinizsə, jurnalistika ilə yox, tamam başqa bir sənətlə məşğul olmağınız məsləhətdir. Belə səhvlər edərkən savad və biliyinizin səviyyəsini də nümayiş etdirmiş olursunuz. Bu sizə lazımdırmı?
Yazıda kobud səhvlər tək budurmu?
“Maraqlı burasıdır ki, hal-hazırda dekan vəzifəsini müvəqqəti icra edən Aynur Həsənova da onun öhdəsindən gələ bilmir. Belə ki, bu yaxınlarda qiyabiçilərin sessiyasından M. İsmayılov rektorun adıyla kütləvi pul yığıb. V kurslardan 26 nəfərdən cəmi 6-sı sessiyada iştirak etməsinə baxmayaraq verdikləri 600 manat rüşvətin müqabilində qiymət ala biliblər. Ümumiyyətlə isə ADAU üzrə qiyabiçilərin cəmi 20-25%-i dərslərdə iştirak etsə də sonda kəsiləni olmur. Səbəbini isə yuxarıda qeyd etdik”.
Əziz həmkarlar, əgər siz yalan informasiya ilə özünüzə xal qazanmaq istəyirsinizsə, səhv edirsiniz. Artıq 3 aydır ki, Məhərrəm İsmayılov dekan vəzifəsini daşımır və heç əvvəllər də onun adı rüşvət və korrupsiya əməllərində çəkilməyib. Belə məlumatlar bir insanın, alimin, vətəndaşın şəxsiyyətinin, ləyaqətinin aşağılanmasına yönəldilən dezinformasiyadır və üstəlik, çox kobud şəkildə həyata keçirilir. ADAU üzrə qiyabiçilərin dərsə davamiyyəti, onların imtahan prosesi və imtahanın nəticələri barədə verilən faiz dərəcələri isə faktlara söykənməli, misallar əvəzinə şahid, yaxud zərərçəkən şikayətçilərin ifadələri yer almalı idi.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 15.11.2017-ci il tarixli, 5/5 nömrəli qərarı ilə təsdiq edilmiş qərardan sitat gətirən müəllif unudur ki, Məhərrəm İsmayılov artıq dekan deyildir. Bu yazarı heç maraqlandırmır da. Sadəcə yazır, vəssalam.
Aparılan araşdırmalardan sonra məlum oldu ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsində nəzərə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir”.
Yəni, bu vaxtacan dekan vəzifələrini daşımış alimlər yenə də seçkiyə qatıla və yenidən dekan vəzifəsini tuta bilərlər.
Bu, məqalə deyil, məqaləyə parodiyadır. Bizim kütləvi informasiya vasitələrimiz belə “inşa”larla doludur. Acınacaqlı mənzərədir!
Onu da bildirək ki, Məhərrəm İsmayılov ADAU-nun Aqronomluq fakültəsinin məzunudur və 1984-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. O, institut (İndiki ADAU) komsomol komitəsinin katibi, hərbi xidmətdə vətən borcunu yerinə yetirdikdən sonra bu təhsil ocağında bir neçə ay laborant, 1988-ci ildən assisent, baş müəllim, dosent işləmiş, Qiyabi şöbənin müdir müavini, Tədris şöbəsi müdirinin müavini, Aqronomluq fakültəsinin dekanı vəzifələrində çalışmışdır. Bitkiçilik ixtisası üzrə Kənd təsərrüfatı elmləri namizədi, dosentdir. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 18 may tarixli 906 nömrəli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmiş, 2016-cı il 07 noyabr tarixli sərəncamı ilə isə ona Azərbaycan Respublikasının “Əməkdar müəllim” fəxri adı verilmişdir.
P.S.Adı çəkilən saytların nümayəndələrinin bizlərə sözü və iradı varsa, buyursunlar. Bu, həm də növbəti yazımız üçün bir mövzu olardı.
Ruhulla Zahidov, yazıçı-jurnalist.