Jurnalist Elm və təhsil nazirinə müraciət etdi

Azərbaycan Respublikasının Elm və təhsil naziri Emin Əmrullayevə

Müraciət

    Hörmətli Nazir! Bu ilin dekabrın 6-da Milli Qəhrəman Natiq Qasımov adına Mingəçevir şəhəri 4 nömrəli tam orta məktəbdə olmağınız bütün respublika ictimaiyyətini sevindirdiyi kimi biz yaradıcı insanların da sevincinə səbəb olmuşdur. Bu səfərinizdən və tutduğunuz bu nəcib işdən ruhlanaraq ölkəmizin ən qeyrətli oğullarından biri olan Sizə müraciət edirik.

    Onu da bildirim ki, tərəfimizdən Natiq Qasımovun nurlu xatirəsinə həsr etdiyim “Aramızda bir igid vardı” kitabı ötən il dərc olunmuş və Prezident Kitabxanasının elektron kataloquna daxil edilmişdir. Kitabın yeniliklər ilə dərcinə hazırlaşırıq və bu sahədə gərgin iş gedir.Qəribəsi odur ki, Mingəçevir şəhəri 4 nömrəli məktəbin nə keçmiş direktoru, nədə ki, hal-hazırdakı rəhbərliyi məktublarımıza cavab verməyib. Baxmayaraq ki, bizə belə bir münasibət göstərilir, biz tərəfimizdən şagirdlərin təlim-tərbiyəsinə var gücünü əsirgəməyən məktəb kollektivinin işinə kitabda səhifələr həsr etmişik. Onlar kitabda öz işinin yer almasına niyə maraq göstərmir, bizə qaranlıq olaraq qalır.

    Başçılıq etdiyim Etmtv.news bir təhsil portalıdır. Portalın səhifəsində milli təhsilimiz, elm və mədəniyyət xadimləri, milli qəhrəmanlarımız ilə bağlı çoxlu sayda yazılar, müsahibələr, xəbərlər paylaşılmışdır. Portal öz səhifəsində gənc nəslin vətənpərvərlik və hərbi-vətənpərvərlik tərbiyəsinə geniş yer ayırır. Səmərəli fəaliyyəti təmin etmək üçün bu sahədə daha geniş məlumatların əldə edilməsinə, cəmiyyətimizin digər sahələri ilə daha sıx əməkdaşlığa ehtiyac duyulur. Bu səbəbdən vətənpərvərlik tərbiyəsi ilə bağlı yazıların, kitabların, vətənpərvərlik və hərbi-vətənpərvərlik ruhunda videomaterialların, sənədli filmlərin hazırlanmasına böyük ehtiyac duyulur.
    Portal “Unudulmaz qəhrəmanlar” başlıqlı silsilə kitablar hazırlamaqdadır. Onların bir çoxu artıq Prezident Kitabxanasının kataloquna daxil edilmişdir.  “Aramızda bir igid vardı”, “Qalib əsgərin hekayəti”, “Talelər qovuşan yerdə”, “Gəncə Vətən müharibəsində” və s. (ümumi sayı 14-dür) kitabları bu qəbildən olan genişmiqyaslı işlərdəndir. Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş, müəllifi olduğum  “Təhsil ocaqlarında Heydər Əliyev irsinin təbliği” kitabı isə ümumiyyətlə Mədəniyyət Nazirliyi tərəfindən təkrar olaraq dərc edilmişdir. Bütün bunlara baxmayaraq, nə Gəncə Regional Təhsil İdarəsi, nədə ki, Qazax-Tovuz Regional Təhsil İdarəsi bu müraciətlərimizə cavab vermir. Halbuki, kitabın böyük hissəsi onların fəaliyyətinə həsr edilmişdir.

Gördüyümüz işlər gənc nəslin təlim-tərbiyəsində böyük əhəmiyyət kəsb edir, bu səbəbdən sizin dəstəyinizə zəruri ehtiyac duyuruq. Yeni yazdığımız “Təhsil ocaqlarında qəhrəmanlar və qəhrəmanlığın təbliği” kitabı üçün materialların Gəncə və Qazax-Tovuz Regional Təhsil İdarələrinin nəzdində fəaliyyət göstərən orta təhsil ocaqlarında toplanılıb qələmə alınması üçün tərəfinizdən köməklik göstərməyinizi istərdik. Ümidvarıq ki, bizə bu nəcib işdə lazımi köməkliyi əsirgəməyəcəksiniz. Bu təhsil idarələrinə etdiyim rəsmi müraciətlərə baxmayaraq onlar tərəfindən məktublarımıza heç bir cavab yoxdur və bacardıqları qədər milli təhsilimizin inkişafına həsr edilən bu kitabların hazırlanmasına maneəçilik törədilir.

Xoş niyyətimizi və görəcəyimiz işin gənc nəslin təlim-tərbiyəsinə verdiyi töfhələri nəzərə alaraq, bu işə yaxından köməklik göstərməyinizi Sizdən xahiş edirik

Hörmətlə: Ruhulla Zahidov, yazıçı-jurnalist,

Etmtv. news  təhsil portalının təsisçisi və baş redaktoru.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.