“Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski uzun zaman Azərbaycana qarşı qeyri-obyektiv və qərəzli mövqe tutan siyasətçi olub. Dəfələrlə Azərbaycana və Türkiyəyə qarşı təhqiramiz ifadələr, bəyanatlar səsləndirərək, Azərbaycana və ölkəmizin rəhbərliyinə qarşı qəbuledilməz fikirlər səsləndirib”.
Bunu Milli Məclisin deputatı Anar Məmmədov deyib.
Millət vəkili bildirib ki, bu baxımdan “Komsomolskaya Pravda” nəşrinə açıqlaması ilə Jirinovski bir daha siyasi simasını hamıya məlum etmiş oldu:
“Lakin bu təlxəyin fikirləri artıq heç kimdə təəccüb doğurmur. Çünki özünü “liberal demokrat” adlandıran bu maskalanmış müxalifət lideri anlamır ki, artıq sovet ittifaqı yoxdur, Azərbaycan suveren, müstəqil respublikadır və onun daxili işlərinə heç kim qarışa bilməz.
Ölkəmiz müstəqilliyini qazanıb, cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarını düşməndən azad edib və müstəqillik yolunda uğurlu siyasətini davam etdirir.
Jirinovski və qonşu ölkənin onun kimi düşünən başqa siyasətçiləri də anlamalıdırlar ki, 44 günlük müharibənin qalibi olan Azərbaycan xalqı ilə bu zəfərin memarı, müzəffər Ali Baş Komandan arasında elə bir birlik yaranıb ki, onu heç bir qüvvənin istəyi ilə dağıtmaq mümkün deyil. Vətən müharibəsi dövründə 51 siyasi partiyanın Azərbaycan Ordusuna, Ali Baş Komandana dəstəklərini ifadə etməsi də bunun bariz nümunəsidir.
Vladimir Jirinovski, ümumiyyətlə, müxtəlif siyasi dairələrdə, o cümədən Rusiyada qeyri-ciddi fiqur kimi tanınır və onun eyni zamanda, özünü “şərqşünas” qismində təqdim etməsi heç də siyasi çəkisini artırmır, əksinə, daha da nüfuzdan salır.
Lakin biz ona da əminik ki, bu cür açıqlamalar Rusiyanın rəsmi mövqeyi deyil və heç vaxt Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirə bilməz. Düşünürəm ki, duma rəhbərinin bu kimi davranışları və qərəzli baxışları yalanlar üzərində qurulmuş riyakarlıqdan başqa bir cəfəngiyyat deyil.
Çünki tarixi həqiqətləri danmaq mümkün deyil və gec, ya da tez həqiqət, ədalət öz yerini tutur. Onun kimi adamların fikirləri, danışıqları özlərindən asılı deyil, onlara müəyyən fikirləri dedizdirirlər. Jirinovskinin bugünkü mövqeyindən asılı olmayaraq, sabah onu istədikləri mövqedən, istədikləri şəkildə danışdıra bilərlər.
Rusiya siyasətinin əxlaqi dəyərlərə, insani münasibətlərə, Rusiyanın daxili qanunvericiliyinə, üzvü olduğu Rusiya Dövlət Dumasının şərəfinə, beynəlxalq hüquq norma və qaydalarına əməl etməyən, Rusiya siyasətinin ən məşhur hoqqabazı adını alanın biri Rusiya-Azərbaycan dostluğunu zədələyə bilməz”.