Musiqi ana laylası ilə həyatımıza daxil olur və həmişə bizimlə yaşayır. Biz hələ dil açmamış geniş dünyanı görməmiş, sonsuz həvəslə ahəngdar səsləri dinləyirik. Çünki, bu səslər bizim üçün böyük və naməlum bir aləmlə, ilk ünsiyyət vasitəsi, insanlar arasında salınmış ilk körpüdür. Ana laylası ilə həyatımıza daxil olan musiqinin bütün incəliklərini uşaqlara öyrətmək musiqi məktəbində çalışan müəllimlərin üzərinə düşür.
F.Əmirov adını daşıyan Gəncə şəhər 1 saylı Uşaq Musiqi Məktəbinin müəllimləri bəstəkarın adına layiq olaraq çalışırlar. Buna illər ərzində əldə edilən nailiyyətlər, mükafatlar, təltiflər də şahidlik edir. Məktəbin tərkib hissəsi kimi Nəzəriyyə şöbəsi bu gün də işini günün tələbləri səviyyəsində qurur, işimizlə milli mədəniyyətimizə layiqincə xidmət etməyə çalışırıq. Məktəbin yarandığı ilk gündən Nəzəriyyə Şöbəsi öz işini layiqincə yerinə yetirib.
Bizim işimizin də özünəməxsus özəllikləri, musiqi təhsili və təlimi sistemində öz xüsusi çəkisi və yeri vardır. İstənilən Musiqi məktəbində bu şöbə musiqi təhsilinin keyfiyyələ, qüsursuz aparılması üçün vacib rollardan birini daşımaqdadır. Təmsil etdiyimiz Gəncə şəhər 1 saylı Musiqi Məktəbinin Nəzəriyyə şöbəsində çalışan müəllimlər tək musiqinin nəzəriyyəsi və Azərbaycan bəstəkarlarının yaradıcılığı deyil, eyni zamanda xarici və rus bəstəkarlarının yaradıcılığını, onların yazdıqları məşhur əsərlərlə uşaqları tanış edirlər. Bütün bunları uşaqlara sadə dillə, əyləncəli formada çatdırırlar. Belə ki, Nəzəriyyə Şöbəsində hər il bir çox tədbirlər keçirilir. Təbii ki, bu tədbirlərdə məktəbin bütün siniflərindən şagirdlər cəlb olunur. Tədbirlər tədris ilinin ilk günlərindən başlayır. Belə ki,”18 sentyabr” Ulu Öndər Heydər Əliyev tərəfindən 1995-ci il sərəncamı əsasında “Musiqi Günü” elan edilib. Bu tarixi bizim məktəb “Metodiki Məruzə” ilə qeyd edir. Nəzəriyyə şöbəsinin müəllimləri bu məruzəni hazırlayırlar. Qeyd etmək lazımdır ki, Nəzəriyyə Şöbəsi bəstəkarların yubileyləri ilə bağlı hər il, tədbirlər planına əsasən, müvafiq tədbirlərin hazırlanmasında böyük əmək sərf edirlər. Bu zaman Tofiq Quliyev, Rəşid Behbutov, Fikrət Əmirov və s. kimi görkəmli bəstəkarların yaradıcılığı haqqında məruzə və əsərlərinə aid musiqi nömrələri hazırlanaraq, tədbir iştirakçılarına təqdim olunur. Məktəbdə, Nəzəriyyə şöbəsinin rəhbəri də daxil olmaqla, şöbənin bütün müəllimləri bu tədbirlərin hazırlanmasında yaxından iştirak edir. Artıq illərdir ki. bir ənənə olaraq Azərbaycan xalqının həmrəylik gününə və Yeni il şənliyinə aşağı siniflərin şagirdləri məktəbdə şənliklər təşkil edir. Bir ənənə olaraq, Nəzəriyyə şöbəsi də hər il Musiqi Əlifba Bayramı, eyni zamanda Novruz Bayramı şənliyini təşkil edərək, keçirir. Bütün bu tədbirlərin keçirilməsində şöbənin əməkdaşlarının böyük əməyi vardır. Gənc müəllimlər bu işə böyük həvəslə qatılır, tədbirlərin təşkili və həyata keçirilməsində yaxından iştirak edirlər.
Şöbədə gənc müəllimlərlə xüsusi qayğı göstərilir. Onlar daim təcrübəli müəllimlərdən öyrənir, onların qabaqcıl təcrübəsindən yararlanır və öz işində tətbiqinə çalışırlar. Bu tədbirlərin yekununu may ayında Musiqi Əlifba Bayramı tamamlayır. Məktəbimizin həyətində təşkil edilən “Musiqi Əlifba Bayramı” hər il xüsusilə yaddaşlarda böyük iz salan tədbirlərdəndir. Şagirdlər, məktəbimizin kollektivi, dəvət olunan qonaqlar və valideynlər həmişə bu tədbirdə coşqun bir həvəslə iştirak edir, çəkdiyimiz əmək və göstərdiyimiz səylərə rəğmən həmişə razı qalır və iştirakçıları gurultulu alqışlarla qarşılayırlar.
Şöbədə bir ənənə olaraq açıq və nümunəvi dərslər keçirilir, müəllimlər metodiki məruzələrin üzərində çalışırlar. Hər bir müəllimə öz fikirlərini söyləyir. Belə ki, bu il məktəbin təcrübəli müəllimlərindən olan Sahibə Məmmədovanın sinifində musiqi ədəbiyyatı fənnindən nümunəvi dərs keçilmişdir. Müəllimə keçən əsrin əvvəllərində musiqili teatrın yaranması, Şərqdə ilk operanın yazılması və səhnəyə qoyulması, milli klassik musiqinin və operamızın yaranmasının banisi Üzeyir Hacıbəyovun və Müslim Maqomayevin dostluğu, əl-ələ verərək bu sahədə birgə çalışmaları haqqında uşaqlara geniş məlumat verərək, olduqca çox maraqlı dərs keçmişdir. Bundan başqa gənc müəllimə Yeganə Abbasovanın sinfində solficio fənnindən 1-ci sinifdə açıq dərs keçirilmişdir. Gənc müəllimə birinci sinifə qədəm qoyan şagirdlərə maraqlı dərs hazırlamışdır. Şöbənin bütün müəllimləri, başda musiqi məktəbinin müəllimləri də olmaqla, digər musiqi məktəblərinin müəllimləri də dəvət olunmuş, onalar dərsi bəyənərək, öz ürək sözlərini söyləmişlər.
Ümumiyyətlə, əldə etdiyimiz bütün bu nailiyyətlərə görə biz müəllimlər məktəbimizin rəhbəri Aida müəlliməyə çox minnətdarıq. O, həm musiqiçi, eyni zamanda təcrübəli rəhbər kimi bizə hər zaman kömək edib, bizi bütün işlərdə dəstəkləyib, arxa-dayaq olub. Təbii ki, onun bu cəhətləri kollektivi yeni-yeni nailiyyətlər qazanmağa ruhlandırıb. Məktəbin kollektivi musiqi məktəbləri sırasında həmişə öncül olub, məktəbimizdə, eləcə də şəhər səviyyəli bütün tədbirlərdə fəal, aktiv iştirak etməklə, özünə gözəl imic qazanıb. Şagirdlərimizin uğurlarla dolu sədası müxtəlif müsabiqə və konkurslardan gəlir. Bu, bizdə artıq, bir ənənədir. Bu istedadlı uşaqlar musiqi sahəsində gələcəyin bacarıqlı və tanınmış simaları olacaqdır. Müəllimlərimiz bundan sonra da bütün gücünü uşaqlara bilik verməyə, bacarıqlı musiqiçi kimi yetişməsinə həsr edəcəkdir.
Məktəbimiz F. Əmirovun adını daşıyır. Hər il məktəbin müəllim və şagird kollektivi konsert proqramı ilə şıxış edirlər. Bu il də kollektivimiz F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının səhnəsində konsert proqramı təşkil etmişdir. Bəstəkarın həyat və yaradıcılıq yolundan bəhs edən geniş məruzə ilə şöbəmizin müəllimi Könül Rəhimova çıxış etdi.
Məktəbimizdə nümunəvi sayılan açıq dərslərin keçirilməsinə həmişə üstünlük verilmişdir. Bu dərslərin keçirilməsində gənc müəllimlərimiz də həvəslə və fəal surətdə iştirak edirlər.Gənc müəllimə Ülviyyə Bağırovanın keçdiyi açıq dərs nümunəvi dərs kimi müəllimlərimizin çox böyük marağına səbəb olmuşdur. Ülviyyə müəllimə eyni zamanda, həm də, rəssamdır. O, özünün əl işlərindən ibarət rəsmlərini açıq dərsə gətirmiş və hər bir miniatürünü musiqi ilə əlaqələndirmiş, ilin fəsillərini, onlara aid rəng boyalarını musiqi nömrələri ilə uşaqlara başa salmışdır.Onların vəhdətini, rəsm əsərlərini müxtəlif bəstəkarların musiqisinə bənzəməsini fortepianonun müşayiəti ilə göstərməklə, maraqlı sintezlər etmişdir.
Məktəbimizin kollektivi və uşaqlar Novruz Bayramı şənliyində milli adət və ənənələrimizi nümayiş etdirməklə, hər il milli geyimdə müxtəli milli rəqslər və mahnılar ifa edirlər. Bu şənliklərdə məktəbin Nəzəriyyə şöbəsi də özünəməxsus fəallıqla iştirak edir. Şöbəmizin cavan müəllimləri- Könül Rəhimova, Zöhrə Abbasova bu şənliklərin hazırlanmasında yaxından iştirak etmişlər. Bu şənlikdə mahnılar oxunmuş, baharın gəlişi ilə bağlı “Çiçək” rəqsi hazırlanmış və şənlik iştirakçılarına təqdim olunmuşdur.
Hər il bizim kollektiv “20 Yanvar” faciəsinə aid musiqili kompozisiya hazırlayır. Bu tədbirdə Azərbaycan xalqının öz müstəqilliyi uğrunda şəhid olmuş insanlara aid məruzə uşaqları məlumatlandırmaq üçün hazırlanır.
Şam işığında, çoxlu sayda qərənfillərin düzüldüyü səhnədə şagirdlər şıxış edir, bu tədbirə aid şeirlər, musiqili səhnəciklrə, kompozisiyalar ifa edirlər. Bu tədbiri adətən Azərbaycan Respublikasının himni ilə tamamlayırıq. Tədbir məktəbin direktoru Aida Əmrahovanın 20 Yanvar ilə bağlı çıxışı ilə başlayır, bütün şöbə müdirləri və şagirdlər bu tədbirdə iştirak edirlər.
Bu il məktəbimizdə təşkil edilən “Qanlı və Şanlı Yanvar” ədəbi-bədii kompozisiya öz əhəmiyyəti ilə tədbir iştirakçılarının diqqətini xüsusi ilə cəlb etmişdir.
Kollektivimiz gələcəkdə də öz işini bu səmtdə qurmaq əzmindədir. Biz həyata keçirilən bu işlərlə yanaşı, daha böyük, günümüzlə səsləşən və təhsildə davamlı inkişafa təkan verən tədris və təlim-tərbiyə üsullarının həyata keçirilməsinə can atır, işimizə uğurlar gətirən yeniliklərə imza atmağa çalışırıq.
Məhrubə Məmmədova, F.Əmirov adına Gəncə şəhər 1 saylı Uşaq Musiqi Məktəbinin Nəzəriyyə Şöbəsinin müdiri.