İlham Əliyev: “Azərbaycanda hər kəs sizi sevir…”

“İkinci Qarabağ müharibəsinin ilk saatlarından son dəqiqələrinə qədər Türkiyə Azərbaycanın yanında olub”. Bunu prezident İlham Əliyev oktyabrın 26-da Zəngilanda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatla çıxış edən zaman deyib.

“Əziz qardaşım, sayın Cumhurbaşkanı ilk saatlarda Azərbaycana dəstək göstərdi. Bütün dünyaya bəyan etdi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu, bizə çox böyük dəstək verdi. Siyasi və mənəvi dəstək. Bizə əlavə güc verdi. Bu gün Azərbaycan xalqı haqlı olaraq əziz qardaşım, sizə öz təşəkkürünü bildirir. Siz bilirsiniz ki, Azərbaycanda hər kəs sizi sevir, sizə böyük hörmətlə yanaşır. Siz bizim Zəfərimiz üçün çox böyük işlər görmüsünüz”, – dövlət başçısı bildirib.

“Mən bilirəm ki, sizin çox sıx iş qrafikiniz var. Siz bu yaxınlarda Afrikanın dörd ölkəsində rəsmi ziyarətdə olmusunuz. Ondan sonra Türkiyədə bir önəmli mərasimdə olmusunuz. Ondan sonra vaxt tapıb buraya gəlmisiniz ki, bizimlə bərabər – Azərbaycan xalqı ilə bərabər bu gözəl gündə bir yerdə olasınız. Biz bunu çox yüksək qiymətləndiririk. Bu, əsl qardaşlıq nümunəsidir, əsl dostluq nümunəsidir. Həm Azərbaycan xalqına, həm Türkiyə xalqına, həm də bütün dünyaya bir mesajdır ki, biz bir yerdəyik. Bizim birliyimiz sarsılmazdır və əbədidir”, – İlham Əliyev vurğulayıb.

Azərbaycan prezidenti qeyd edib ki, bütün türk dünyası üçün Rəcəb Tayyib Ərdoğan faktoru ən önəmli faktorlardan biridir.

“Gələn ay Azərbaycan Türk Şurasına sədrliyi Türkiyəyə təhvil verəcək. Əminəm ki, Türkiyə əziz qardaşımın rəhbərliyi ilə Şuraya uğurlu sədrlik edəcək. Türk dövlətləri arasındakı iş birliyi və qardaşlıq əlaqələri daha da güclənəcək. Beləliklə, bütün türk dünyası üçün yeni imkanlar açılacaq”, – dövlət başçısı bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.