Gəncənin ikinci sinif şagirdləri narkomaniyaya qarşı

Narkomaniya “ağ ölümdür”, həyatdan üz çevirməkdir. “Narkomaniya” və “ölüm” sözləri bu gün insanların təsəvvüründə sinonim sözlərə çevrilib. Müasir dövrümüzdə insanlıq üçün böyük bəla olan narkomaniya bütün dünyada geniş yayılmışdır. Bu bəla ilə mübarizə etmək bir o qədər asan deyil.

Narkotik maddələrin gənc nəsillər arasında yayılması təhlükəsini nəzərə alaraq, bir çox ölkələr “Narkotiksiz gələcək naminə” milli proqramlar qəbul edirlər. Buraya təhsil ocaqlarında, hüquq mühafizə orqanlarında, təşkilatlarda narkomaniyanın ziyanı haqqında maarifləndirilmə kompaniyaları daxildir. Bu kompaniyalar kütləvi informasiya vasitələri, o cümlədən internet şəbəkəsi vasitəsilə aparılır.

Narkomaniya ilə bağlı problemləri daim ictimaiyyətin nəzarəti altında saxlamaq məqsədilə BMT iyun ayının 26-nı Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü elan etmişdir.

Ölkəmizdə  fəaliyyət göstərən təhsil ocaqlarında da tədris ili boyu “Narkomaniya və digər zərərli vərdişlərə yox deyək!” mövzusunda maarifləndirici tədbirlər keçirilir. Təhsil işçiləri narkomaniyaya qarşı mübarizə sahəsində dövlətimizi təmsil edən müvafiq qurum və təşkilatlar tərəfindən keçirilən maarifləndirici tədbirlər və bu sahədə görülən işlər barədə danışır, gənclərə müvafiq tövsiyələrini çatdırırlar. Belə tədbirlər Gəncə Təhsil İdarəsi tərəfindən mütamadi olaraq həyata keçirilməkdədir.

Redaksiyamıza Gəncə şəhər 37 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Aynur Abbasova tərəfindən videoçarx göndərilmişdir. Aynur müəllimədən aldığımız məlumata əsasən videçarx Aynur müəllimənin təşəbbüsü ilə, tədris etdiyi 2-ci sinif şagirdlərinin iştirakı və valideynlərin dəstəyi və yaxından köməyi ilə ərsəyə gətirilmişdir. İlk anda bu çarxın telefon vasitəsilə çəkilib ərsəyə gətirildiyinə inanmaq istəmirsən. Videoçarx öz orijinallığı ilə seçilir.

2-ci sinif şagirdlərinə belə bir maarifləndirici məhsulu ərsəyə gətirdiyinə görə təşəkkürümüzü bildiririk.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.