Bu ilin ən böyük idman tədbirlərindən biri olan III MDB Oyunlarına hazırlıq çərçivəsində könüllülərin təlimləri keçirilir. Ümumilikdə təxminən 3000 gənc bu mötəbər yarışın bir hissəsinə çevriləcək. Hazırda hazırlıq və seçimlərin son mərhələsi aparılır.
Yarışların təşkil olunacağı məkanlarda könüllülər üçün xüsusi təlimlər təşkil edilir. Gəncədə 28 sentyabrda şəhər stadionunda keçiriləcək açılış mərasimində iştirak edəcək könüllülər isə əlavə məşğələlərə cəlb olunublar.
Qeyd edək ki, ən çox könüllü – 1250 nəfər – Gəncə şəhərində fəaliyyət göstərəcək. Qəbələdə 600, Şəkidə 350, Mingəçevirdə 255, Yevlaxda 190, Xankəndidə 185, Göygöldə isə 175 könüllü tədbirə dəstək verəcək.
Xatırladaq ki, III MDB Oyunları bu il sentyabrın 28-dən oktyabrın 8-dək Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə təşkil olunacaq. Yarışın açılış mərasimi sentyabrın 28-də, bağlanış mərasimi isə oktyabrın 8-də Gəncə şəhər stadionunda baş tutacaq.