İbrahim Cəfərov: “Ölkəmizin Prezidenti bizə elə bir ideal şərait yaradıb ki, nə tələbənin pis oxumağa haqqı var, nə də bizim pis kadr hazırlamağa”

Bu sözləri Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov Plovdiv Aqrar Universitetinin rektoru, professor doktor Xristina Yançeva ilə görüşü zamanı deyib.

Qeyd edək ki, İbrahim Cəfərov bir neçə gündür ki, Bolqarıstanda səfərdədir. Səfər çərçivəsində rektor müxtəlif tədbirlərdə iştirak etmiş, universitetlərarası əməkdaşlıq əlaqələrinin inkişafına dair müzakirələr aparmışdır.

Qarşılıqlı əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi üçün real imkanları müzakirə edən rektorlar «Bakı-qədimliyin və müasirliyin harmoniyası” şəkil sərgisinin rəsmi açılışına da qatılıblar.

Azərbaycan Respublikasının Bolqarıstandakı səfiri Xanım Qurbanovanın «Azərbaycan və Bolqarıstan arasında strateji tərəfdaşlığın iqtisadi perspektivləri” mövzusunda məruzəsi də maraqla qarşılanmış və hər iki ölkə arasında hərtərəfli əlaqələrin mövcud olduğu diqqətə çatdırılmış, əməkdaşlığın bundan sonra da bütün vasitələrlə inkişaf etdirilməsinin vacibliyi vurğulanmışdır.

Rektor İbrahim Cəfərov Davamlı Təhsil Mərkəzinin direktoru, keçmiş rektor və ölkənin kənd təsərrüfatı naziri profesor Dimitar Grekov ilə də görüşmüşdür. Görüş zamanı bitkiçilik və bitki mühafizəsi sahəsində maraqlı fikir mübadiləsi aparılmışdır. Tələbələr üçün yeni tikilən praktiki təlim Mərkəzinə, bitki fiziologiyası tədqiqat laboratoriyasına,  akkreditə olunan laboratoriya kompleksinə baxış olub və burada təhsil şəraiti, texniki imkanlar təqdim edilmişdir.

İ.Cəfərov Bitki Qoruma Məhsulları Şirkətləri, «Təhsili dəstəkləyən  Aqrobiznes” Karyera İnkişaf Forumunun rəsmi açılışında da iştirak etmişdir. Şirkətlər öz fəaliyyətləri barədə məlumat vermiş, tələbələrə və məzunlara iş imkanlarını nümayiş etdirmiş, təcrübə proqramlarını təqdim etmişlər.

Plovdiv Aqrar Universitetində yerləşən Kənd Təsərrüfatı və digər məhsullar üzrə 16 + 1 Elektron-Ticarət Təqdimat Mərkəzinə səfər də maraqla qarşılanmışdır. Kənd Təsərrüfatı, Qida və Meşə Nazirliyi nəzdində Çin, Mərkəzi və Şərqi Avropa ölkələri arasında  Kənd Təsərrüfatı sahəsi üzrə əməkdaşlığın İnkişafı assosiasiyasının direktoru  Vasil Gelev ilə görüş, Brestnik  kəndində təcrübə sahələrinə baxış, Şərabçılıq Universitetinə səfər, eləcə də və universitetin  şərab məhsullarının dequstasiyasında iştirak yaddaqalan olmuşdur.

 

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.