Azərbaycanda Atatürk Mərkəzində siyasi elmlər doktoru, professor, YAP Siyasi Şurasının üzvü Vaqif Abdullayevin kitabının təqdimat mərasimi keçirilmişdir.
Azərbaycanda Atatürk Mərkəzində siyasi elmlər doktoru, professor, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Vaqif Abdullayevin yeni çapdan çıxmış “Heydər Əliyev – milli-siyasi elitamızın zirvəsi” kitabının təqdimat mərasimi keçirilmişdir. Tədbirdə YAP Siyasi Şurasının üzvləri, Milli Məclisin üzvləri, respublikanın ictimai-siyasi, elm, mədəniyyət sahəsində tanınmış şəxsləri iştirak etmişdir.
Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik, professor, əməkdar elm xadimi Nizami Cəfərov çıxış edərək bildirmişdir ki, Azərbaycanın siyasi elminin tanınmış nümayəndələrindən biri, ictimai-siyasi sahədə çoxsaylı elmi-tədqiqat əsərlərinin və kitabların müəllifi, siyasi elmləri doktoru, professor Vaqif Abdullayevin müəllifi olduğu ““Heydər Əliyev – milli-siyasi elitamızın zirvəsi ” kitabı siyasi, ictimai, sosial sahəyə yeni elmi baxışın nümunəsi hesab edilə bilər. Alimin qələmə aldığı əsərdə siyasi, iqtisadi, sosial, humanitar proseslərin düzgün və obyektiv, fəlsəfi-analitik təhlilini görmək mümkündür.
Nizami Cəfərov qeyd etmişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 50 il əvvəl respublikamıza rəhbərlik etməklə Azərbaycanın inkişafında mühün bir mərhələnin əsasını qoymuşdur. Siyasi hakimiyyətə gəlişinin ilk günlərindən hər cür ideoloji-siyasi əngəllərə sinə gərərək Azərbaycan xalqının milli özünüdərki üçün bütün zəruri tədbirləri həyata keçirməyə başlayan Ulu öndər xalqın milli heysiyyatı gücləndirmək, onu öz şanlı keçmişinə, soy-kökünə qaytarmaq, habelə zəngin mədəniyyətini, incəsənətini, adət-ənənələrini yaşatmaq, ana dilini inkişaf etdirmək üçün bir sıra tədbirlər həyata keçirmişdir.
N.Cəfərov bildirmişdir ki, Azərbaycan milli elitasının formalaşması prosesində Heydər Əliyevin müstəsna xidmətləri vardır. Müəllif kitabda dərin elmi-fəlsəfi təhlillər əsasında elita məsələsini sosioloji-politoloji rakursdan, “millət-lider-elita” aspektindən işıqlandırılıb. Həm də sovet dövründə Heydər Əliyevin siyasi rəhbərliyə gəlişi ilə epoxaların ekstremallığına baxmayaraq, millətin varlığını qoruması və inamlı gələcəyə addımlamasında üzərlərinə düşən missiyanı layiqincə yerinə yetirib. Dövlət müstəqilliyinin bərpasından sonra elitanın formalaşma prosesi Yeni Azərbaycan Partiyasının bazasında yeni məzmun kəsb edib. “Müəllif haqlı olaraq qeyd edir ki, milli elitanın əsas missiyası dövlət müstəqilliyini, mədəni-tarixi dəyərləri, cəmiyyətin milli identikliyini qoruyub saxlamaqdan ibarətdir. Lakin bütün bunlar yalnız o zaman mümkün ola bilər ki, milli elita öz xalqını dünyanın inkişaf mərhələsinə uyğun olan iqtisadi, sosial və hərbi-siyasi mövqelərlə təmin edə bilsin. Elitanın fəaliyyətinin əsas mənası öz amalını millət və dövlət qarşısında məsuliyyət kimi ifadə etməsidir”.
Nizami Cəfərov onu da bildirmişdir ki, “Heydər Əliyev – milli-siyasi elitamızın zirvəsi” kitabı dərin və zəngin elmi-tədqiqat nümunəsi kimi elm və təhsil, siyasi-fəlsəfi sahələrin mütəxəssisləri üçün dəyərli vəsaitdir.
Millət vəkili Musa Quliyev bildirmişdir ki, bu gün təqdimat mərasimi keçirilən nəşrdə respublikamızın çoxəsrlik qədim və zəngin dövlətçilik ənənələrinə, milli dövlətçilik tarixinin müxtəlif dövrlərinə, xalqımızın milli-mənəvi dəyərlərinə, azərbaycançılıq ideologiyasına, müasir inkişaf yoluna çatmasında qət etdiyi zəngin yola, böyük strateq, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın milli iqtisadi inkişaf modelinin və azərbaycançılıq ideologiyasının formalaşması prosesinə elmi-nəzəri nəzər salınır, ötən əsrin 70-ci illərində əsası qoyulan, habelə müstəqillik illərində davam etdirilən çoxşahəli islahatlar təhlil edilir. Müəllif Ulu öndərin qurub-yaratdığı və əmanət etdiyi müasir, müstəqil Azərbaycan möhkəm təməl üzərində Prezident İlham Əliyevin rəhbərliyi altında zəngin, qüdrətli dövlətə çevrildiyini, iqtisadi, sosial, elm, təhsil, hüquq, humanitar və digər sahələrdə əldə etdiyi yüksək nailiyyətləri zəngin faktlarla təqdim edilir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın geniş və çoxşaxəli fəaliyyəti sayəsində Azərbaycanda aparılan iqtisadi və sosial proqramların mühüm uğurları da dərin elmi-fəlsəfi təhlil obyekti kimi mühüm yer tutur.
YAP Yasamal rayon təşkilatının sədri, YAP Siyasi Şurasının üzvü Tağı Əhmədov Azərbaycan tarixində çox nadir şəxsiyyətlər, dövlət xadimləri tapmaq mümkündür ki, onların fəaliyyətini Heydər Əliyevin ölkəmizin hərtərəfli inkişafı sahəsindəki fəaliyyəti ilə müqayisə etmək olsun. Vaqif Abdullayev Ulu öndərimizin geniş və çoxşaxəli fəaliyyətinə, Onun Siyasi Varisi Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasətə işıq salan bu əsəri ilə Heydər Əliyev siyasətinin təbliğində rol oynamışdır.
Millət vəkili, “Ədalət” qəzetinin baş redaktoru Aqil Abbas bildirmişdir ki, “Heydər Əliyev – milli-siyasi elitamızın zirvəsi” kitabı, ümumilikdə müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev və Prezident İlham Əliyev, Birinci vitse-Prezidentin fəaliyyəti ilə bağlı hərtərəfli və zəngin məlumat əldə edilməsi baxımından məzmunlu, sanballı tədqiqat əsəri hesab oluna bilər. Kitab ilə tanışlıq onu deməyə əsas verir ki, respublikamızda həyata keçirilən siyasi, sosial-iqtisadi və humanitar siyasətin nəzəri-praktik, fəlsəfi əsaslarının yaradılması istiqamətində mühüm uğurlardandır. “Kitab geniş və əhatəli tədqiqat əsəri kimi geniş oxucu auditoriyası üçün böyük maraq kəsb edir”. Xalq şairi Nəriman Həsənzadə qeyd etmişdir ki, Heydər Əliyev Azərbaycanı qoruyub inkişaf etdirmək, hansısa mərhələdə milli müstəqilliyə qovuşdurmaq üçün ilk növbədə xalqın zəngin milli-mənəvi irsini, tarixini, mədəniyyətini, dilini, özünəməxsusluğunu ehtiva edən dəyərlərini qorumağa çalışmışdır. “Heydər Əliyev Heydər Əliyev xalqın istiqlal düşüncələrinin, azadlıq ideyalarının təcəssümü olan sənətin, poeziyasının və musiqisinin dirçəldilməsinə də xüsusi diqqət yetirmişdir. O, Azərbaycanın ziyali elitasının, elm və mədəniyyət xadimlərinin, ictimai fikrin, düşüncənin sahibi olan insanların hamisi idi”.
Millət vəkili Çingiz Qənizadə qeyd edib ki, Azərbaycanın inkişafı ilə bağlı geniş elmi analitik yanaşmanın məhsulu olan kitabda milli dövlətçilik və demokratik ənənələrinə yer verilib. “Dövlətin gücü həm də, demokratiyanın və azad cəmiyyətin inkişafı, insan və vətəndaş hüquq və azadlıqlarına etibarlı təminat, həyatın bütün sahələrində haqqın, ədalətin bərqərar olmasındadır. Heydər Əliyev demokratik cəmiyyətin inkişafında mühüm olan bu ali meyarları nəzərə alaraq açıq cəmiyyət, vətəndaş cəmiyyəti quruculuğu prosesındə islahatların uğurla həyata keçirilməsini təmin etdi. Bu ənənə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir”
Mərasimdə çıxış edən İsgəndər Quıliyev, Əlikram Nağıyev, “Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz, “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas və digərləri kitabın nəşrini yüksək qiymətləndirmiş, müasir sosial-iqtisadi, ictimai-siyasi həyatımızda yeni məzmun, fəlsəfi baxışın sanballı nümunəsi kimi dəyərləndirmişlər.
Mərasimdə çıxış edən kitabın müəllifi, siyasi elmlər doktoru, professor, YAP Siyasi Şurasının üzvü Vaqif Abdullayev təqdimat mərasimində iştirak edən hər kəsə minnətdarlığını bildirmiş, Ulu öndərin siaysi irsinin öyrənilməsində bu nəşrin faydalı olacağına inandığını vurğulamışdır.