Alman etnoqrafı Fridrix Ratselə görə, «xalqın mədəni gücü onun siyasi gücündən qat-qat dərində olur. Hər hansı xalqın mədəni ucalığı onun siyasi əzəmətinin süqutundan sonra da alınmaz olan ikinci qalasıdır».
24 il əvvəl, 1995-ci ildə Azərbaycanın sosiomədəni həyatında yeni hərəkat başlandı. Əsas qayəsi, fəlsəfəsi ölkəmizin zəngin mədəniyyət irsini, milli-mədəni sərvətlərimizi, dünya sivilizasiyasının bənzərsiz sənət abidələrini, xalqın şanlı keçmişinin canlı əfsanələri olan nadir incəsənət nümunələrini, qiymətli maddi və mənəvi dəyərlərini müasir dünyaya daha dolğun, əhatəli və praktik olaraq tanıtmaqdan ibarət olan bu mədəniyyət hərəkatı olduqca məsuliyyətli və şərəfli missiyanı çiyinləri üzərinə götürdü. Milli-mədəni intibahımızda yeni səhifələr açan bu tarixi prosesin təşəbbüskarı, ideya rəhbəri, cəmiyyətin kifayət qədər tanıdığı, ictimai nüfuzu ilə cəmiyyətdə xüsusi hörməti və yeri olan kübar bir xanım idi. Bu, Ümummilli lider Heydər Əliyev ailəsinin əziz və doğma üzvü, Əliyevlərin zəngin milli-mənəvi ailə dəyərlərini bütün keyfiyyətləri ilə əxz etmiş Mehriban Əliyeva idi.
Mehriban xanım Əliyevanın ictimai fəaliyyətində humanitar quruculuq parlaq səhifə kimi göz önündə canlanır. Milli mədəniyyət tarixinin araşdırılması, təşəkkülü və təbliği Onun fəaliyyətinin ilk mərhələsinin əsas leytmotivi olmuşdur.
Nəzərə alsaq ki, milli mədəniyyətin təbliği beynəlxalq münasibətlərin tənzimlənməsində, diplomatik əlaqələrin güclənməsində mühüm faktorlardan biridir, onda Mehriban xanımın fəaliyyətini həm də ictimai-siyasi xadim kimi dövlətlərarası münasibətlərin irəliləməsində xüsusi fayda verdiyini qeyd etmək mümkündür.
1995-ci ildə xalqımızın mədəniyyətini dünya ictimaiyyətinə tanıtmaq məqsədi ilə yaradılan Azərbaycan Mədəniyyətinin Dostları Fondu (AMDF) öz ideyası, üslubu ilə ölkəmizin mədəniyyət və incəsənət sektoruna rəngarənglik gətirdi. Əsas məqsəd Azərbaycan mədəniyyətini dünya miqyasında daha yaxşı tanıtmaq, geniş təbliğ etmək, incəsənət xadimlərinə maddi yardım göstərmək olan Fond ilk gündən missiyasına uyğun olaraq geniş və əhatəli fəaliyyəti ilə mədəniyyət siyasətinə hərtərfəli dəstəyini göstərməyə başladı.
Mehriban xanımın zəngin fəaliyyəti sayəsində Azərbaycanın qədim tarixi və zəngin abidələri, mədəniyyətinə və incəsənət nümunələrinin təşviqi və təbliği geniş vüsət aldı, mədəniyyətimizin dünyaya tanıdılmasında tamamilə yeni mərhələnin başlanğıcı qoyuldu. Azərbaycan Mədəniyyətinin Dostları xalqımızın mədəni dəyərlərinin dünya mədəniyyətinə inteqrasiya olunması, yeni beynəlxalq əlaqələrin yaradılması və digər layihələrlə ideya-məzmun baxımından mədəniyyət siyasətinin yeni xəritəsini cızdı. Fond faydalı və xeyirxah tədbirlərin əhatəliliyi və dolğunluğu ilə mədəni mühitdə tamamilə fərqli yanaşma sərgilədi, müasir humanitar aksiyaların təşəbbüskarı və sahibinə çevrildi.
Özünün möhtəşəm layihələri ilə sosial institutuna çevrilən Fond ölkə miqyaslı və beynəlxalq səviyyəli tədbirlərlə ictimai həyatın bir çox sahələrinə dərindən nüfuz etməyi bacardı.
Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın YUNESKO və İSESKO-nun xoşməramlı səfiri seçilməsi təkcə Azərbaycanın deyil, dünyanın mədəniyyət sahəsinə yeni rəngarənglik, fəqrlilik, estetika, dizayn gətirdi. Azərbaycan dövlətinin milli mədəniyyətinin inkişafı və təşviqində yeni tarixi mərhələ başlandı. Birinci xanımının fəallığı, işgüzarlığı, səmimi humanizmi beynəlxalq səviyyədə yeni mədəniyyət hadisəsinin başlanmasına səbəb oldu. Azərbaycan Mehriban xanımın timsalında özününün dünyaya mədəniyyətinin qapısını taybatay açaraq zəngin dəyərlərini nümayiş etdirmək fürsəti qazandı. Beynəlxalq arenada – YUNESKO-nun qərargah-mənzilində Azərbaycan həqiqətlərinin yayılmasına geniş meydan açıldı.
Mehriban xanım Əliyevanın ictimai hərəkatın lideri kimi, böyük təşkilatçı və lider qadın kimi Azərbaycanın beynəlxalq imicinin artmasına dərin töhfə verən ictimai instititun yaranmasına səbəb olmuşdur. Onun mədəniyyət diplomatiyamızda 10 ilə yaxın müddətdə verdiyi əvəzsiz töhfələr, yenilikçi ideyalar ictimai-siyasi həyatımızda daha çoxşaxəli və ictimai hüdudları həddindən artıq geniş olan prosesin əsasının qoyulmasını zəruri edirdi.
2004-cü ildə Azərbaycan tarixinə müstəqil dövlət qurucusu kimi daxil olmuş Ümummilli lider Heydər Əliyevin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundan, onun zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq məqsədilə Fondun yaradılması və bu təşkilatın idarə edilməsi Mehriban xanımın ictimai statusuna tam uyğun idi.
Mehriban Əliyevanın xalqımızın öz dahi oğluna böyük tarixi xidmətləri qarşısında qədirbilənlik və minnətdarlığının təcəssümü olan Fondun rəhbəri təyin edilməsi təsadüfi deyildi. Bu, funksiyanı yalnız o yerinə yetirə bilərdi. O nəhəng şəxsiyyəti yaxından tanıyan, Onun əqidəsini duyaraq gerçəyə çevirən və həm də qəlbində xalq, insan sevgisi, mərhəmət duyğusu olan, heç bir acıya biganə qalmayacaq qədər böyük ürəyə malik bir insan olmalıydı. Məhz Heydər Əliyev ocağının nümayəndəsi belə böyük bir məsuliyyəti üzərinə götürdü.
Fəaliyyətini humanizm prinsipləri əsasında quran Fond yarandığı gündən ictimai-siyasi həyatın bütün sahələrinə dərindən nüfuz etdi, çoxşaxəli layihələri ilə dövlət və vətəndaş həmrəylinin bariz nümunəsinə, əsl mərhəmət ünvanına çevrildi, xeyriyyəçilik hərəkatına canlılıq gətirdi.
Mehriban Əliyevanın bugünkü ictimai fəaliyyəti İlham Əliyevin uğurla həyata keçirdiyi ümummilli siyasətin ayrılmaz hissəsidir. Milli missiyanın beynəlxalq siyasi əhəmiyyəti də məhz bundadır. Mübaliğəsiz demək olar ki, Heydər Əliyev Fondunun fəaliyyəti xalq diplomatiyasının bariz nümunəsidir.
Vaqif Abdullayev, Siyasi elmlər doktoru, professor,
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü.