Hər müəllim mütləq bunları bilməlidir – Fəal dərsin mərhələləri

Kurikulum sözünün lüğəti mənası  “yol”,  “istiqamət” deməkdir.  Daha sonra  elm  və  təhsil  sahələrində  termin  kimi  işlənməyə başlayıb.

Kurikulum   proqramının   özəlliklərindən   biri  dərs  zamanı  bütün şagirdlərin  diqqət  mərkəzində olmasıdır.  Burada  həm zəif,  həm də çalışqan  şagirdlər  yaradıcı  fəaliyyət  göstərməyə  başlayırlar.

Ənənəvi üsuldan fərqli olaraq,  interaktiv  təlim  şagirdi  obyekt  olaraq görmür, onu subyekt kimi qəbul edir.

Bəs interaktiv dərsin quruluşu necədir? Bu dərsin mərhələləri necə adlandırılır?

Fəal dərsin mərhələləri bunlardır: sinfin təşkili; keçmiş mövzunun soruşulması;  motivasiya; problemin qoyuluşu; tədqiqatın aparılması; informasiya mübadiləsi;  informasiyanın müzakirəsi və təşkili; nəticə, ümumiləşdirmə; yaradıcı tətbiqetmə;  qiymətləndirmə və refleksiya;   ev tapşırığının  verilməsidir.

Bu mərhələlərin  hər birinin mahiyyəti barədə müəllimin dolğun təsəvvürünün olması vacibdir. Bu təsəvvürü qazanan müəllim praktik fəaliyyətini səmərəli qurmaqda çətinlik çəkmir. Mərhələlərin mahiyyətini yığcam da olsa, nəzərdən keçirək:

Sinfin təşkili – Bu ənənəvi dərsin müvafiq mərhələsindən əsaslı şəkildə fərqlənmir. Başlıca fərq şagirdlərin psixoloji durumunun, sinifdəki psixoloji və öyrədici mühitin həssaslıqla müşahidə edilməsi müvafiq nəticənin çıxarılmasıdır.

Keçmiş mövzunun soruşulması – Bu mərhələ məzmunca ənənəvi dərsin müvafiq mərhələsindən əsaslı şəkildə fərqlənir; keçmiş dərsin soruşulması bəzən hazırlanmış təqdimatların, fərqli formalarda  olan yazılı cavabların dinlənilməsi ilə həyata keçirilir. Bir sıra hallarda  isə şagirdlərin  hazırladıqları cədvəllərin, sxemlərin və s. nəzərdən keçirilməsi ilə kifayətlənir. Bütün bunlar, həmçinin fərdi sorğunun, müsahibənin aparılmasını inkar etmir.

Motivasiya, problemin qoyuluşu – Bu, dərsin sonrakı mərhələlərində aparılacaq  işlər üçün  zəmin rolunu oynayır. Başqa sözlə,  motivasiyanın uğurlu olması dərsin bütün keçməsinə əhəmiyyətli təsir edir.

Motivasiya o zaman yaranır ki, şagirdlər ziddiyyətli, müxtəlif ehtimallar doğuran suallarla üzləşirlər. Bu, şagirdləri düşünməyə, idraki fəallığa təhrik edir.

Motivasiyanın yaradılması  üçün müəllim xeyli düşünməli və yaradıcı olmalıdır. Lakin müəllim yalnız ilk vaxtlar zəhmət çəkməli olur, müəyyən təcrübə qazandıqdan sonra  motivasiya yaradılması  üzrə iş müəllim üçün maraqlı, cəlbedici fəlaliyyətə çevrilir.

Tədqiqatın aparılması – İlk növbədə  “tədqiqat üçün sual” anlayışının mahiyyətini, yığcam olsa da, aydınlaşdıraq. Dərsin birinci mərhələsində motivasiya qismində meydana gələn problemin həlli üçün fərziyyələr yaranır. Fərziyyələrin yoxlanması, hansıların  doğru olduğunu müəyyənləşdirmək vəzifəsi qarşıda durur. Məhz bu vəzifə tədqiqat sualının formlaşadrılmasını tələb edir. Tədqiqat üçün sual müəyyənləşdirildikdən sonra onu müxtəlif baxımdan araşdırmağa yönəldən tapşırıqlar hazırlanır. Tapşırıqların icrası şagirdlərə təklif edilir.

Buradan aydın olur ki, tədqiqat sualının müəyyənləşdirilməsi məsuliyyətli işdir. Sual təlim materialının məğzini, mahiyyətini araşdırmağı bir tələb kimi qarşıya qoymalıdır.

İnformasiya mübadiləsi – Dərsin bu mərhələsində isə hər qrup əldə etdiyi  bilikə digər qrupları tanış edir.  Burada bütün şagirdlər araşdırılan problemlə bağlı müxtəlif istiqamətdən aparılmış  tədqiqatlarla tanış olurlar. Hər qrupun lideri gəldikləri nəticəni şərh edir. Həmin prosesdə digər qrupun şagirdləri sual vermək imkanına malik olur, eləcə də müəyyən məsələnin yenidən, daha aydın şəkildə izah edilməsini xahiş edə bilər.

Dərsin bu mərhələsində təqdimatlar  və qarşılıqlı dinləmələr aparıcı yer tutur.

İnformasiya müzakirəsi və təşkili – Dərsin bu mərhələsində  görülən işlər məzmununa görə  həm mürəkkəb, həm də çətindir. Müəllim işi elə qurmalıdır ki,  çatışmazlıqlar tədricən aradan qalxsın, məsələlər durulaşsın. Müəllim şagirdlərin diskussiya aparmalarını, öz mülahizələrini tam sərbəst söyləmələrini, özlərini müzakirənin bərabər hüquqlu iştirakçısı kimi hiss etmələrini təmin etməli, onların əvəzinə danışmamalıdır.

Son nəticədə qazanılan biliklərin müəyyən forma alması özünü göstərmiş olur. Lakin bu, hələ sonuncu addımın atılması deyil.

Nəticə, ümumiləşdirmə – Dərsə elə məqam yaranır ki, deyilmiş bütün fikirləru  “ümumi ideya halında birləşdirmək və ümumiləşdirmək” lazım gəlir.  Bu, dərsin növbəti mərhələsində  həyata keçirilir. Deməli, şagirdlərin qarşısında qazandıqları bilikləri ümumiləşdrmək və konkret nəticə çıxarmaq vəzifəsi durur. Hər bir qrupun əldə etdiyi məlumatları birləşdirən fikirlər, ideyalar aydınlaşdırılır və yoxlanılan fərziyyəyə nə dərəcədə uyğun olduğu müəyyənləşdirilir. Məhz bu ümumiləşdirmədən sonra formalaşdırılmış ideya tədqiqat sualı və ilkin fərziyyələrlə müqayisə edilir. Formalaşdırılmış ideya  tədqiqat sualına cavab verirsə, dərsi uğurlu hesab etmək olar.

Yaradıcı tətbiqetmə – Biliyin şüurlu və möhkəm olması, bacarıqlara çevrilməsi onun tətbiqindən çox asılıdır. Qazanılmış biliklərin tətbiqini tələb edən tapşırıqların həmişə sinifdə icra etdirilməsi vacib deyil. İnteraktiv təlim ev tapşırıqların tədqiqat və yaradıcı xarakterdə olmasını mühüm tələb kimi irəli sürür. Bu mənada şagirdlərə sinifdə  mənimsədikləri bilik və bacarıqlaı sinifdənxaric oxu materiallarına tətbiq etmələri  istiqamətində müntəzəm tapşırıqların verilməsi diqqət  mərkəzində dayanmalıdır.

Qiymətləndirmə və refleksiya – İnteraktiv təlimdə qiymətləndirmə elə formada həyata keçirlir ki, şagirdlərdə öz uğurlarını daha da artırmaq  həvəsi yaranır. Bu təlimdə qiymətləndirmənin iki əsas  vəzifəsi var. Birincisi, öz uğurlarını daha da genişləndirməsi məqsədilə şagirdin təlimdəki irəliləyişinin səviyyəsini onun özünə və valideynlərinə  müntəzəm bildirilməsidir. Bu formalaşdırıcı (cari) qiymətdir. Bu, şagirdə imkan verir ki, aşağı qiymətini təkrar cavabla yüksəltsin.

İkincisi, proqramın qarşıya qoyduğu təlimi məqsədlərə şagirdin nail olması barədə məlumatın verilməsidir.  Bu, summativ (yekun) qiymətdir. Bu, şagirdin tədris fəaliyyətinin yekun qiymətləndirilməsi zamanı verilir və dəyişməz olması ilə fərqlənir.

Refleksiya interaktiv dərsin sonuncu  mərhələsidir. Yəni dərsdə ya qiymətləndirmə ilə, ya da refleksiya ilə  məhdudlaşmaq olar. Onun mahiyyəti bundan ibarətdir ki,  dərsdə baş vermiş nə varsa, şagirdin xəyalında yenidən canlandırılır.  Yəni, biliklərin mənimsənilməsinin bütün mərhələləri yada salınmaqla, onların təhlili və dərindən başa düşülməsi prosesi yaşanır. Şagirdlər yeni biliyi necə əldə etdiklərni şərh etməklə keçilmiş  yolu dərk edilmiş şəkildə aydınlaşdırırlar.

İnteraktiv dərsin mərhələlərinin təşkili müəllimdən təkcə böyük zəhmət yox, həm də yaradıcılıq tələb edir.

Qeyd edək ki, interaktiv təlimdə  müəllimin fəaliyyəti daha çox “biliklərin qazanılmasına istiqamət vermək”,  “bələdçilik etmək” baxımından dəyərləndirilir. Müəllimin bələdçilik bacarığının mühüm göstəricilərindən biri şagirdlərin təlimi düşüncələrini, fikri  fəallığını lazımi məcraya yönəldə bilməsidir.

Günel Yaşarqızı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.