Ötən yazılarımızda informasiya müharibəsinin rolu, mahiyyəti, aparılma üsulları və bu işdə “maneə səddi” haqqında məlumat verdik. Bu yazımız gördüyümüz işə maneələr törədən, bu işdə mənfi tərəfdən xüsusilə fərqlənən insanlara həsr olunur.
Əvvəlki yazıları oxuyan insanlar artıq İnformasiya müharibəsinin mahiyyətinin və məqsədinin məhz nədən ibarət olduğunun fərqinə vardılar. Bu müharibə xalqımızın və dövlətimizin uca adının qorunması və bu adın göylərə ucaldılması üçündür. Bütün xalqlar bizim haqq işimizin məhz nədən ibarət olduğunu anlamalı və düşmən təbliğatının yalanlarına uymamalıdır. Bundan başqa, xalqımızın övladlarının bəşəriyyət və hansısa ölkə üçün gördüyü işlər də bu mübarizədə əvəzolunmaz bir təbliğat sistemidir. Bu sistemdə Azərbaycan xalqını təmsil edən mədəniyyət və incəsənət xadimləri, alimlər, sərkərdələr, qəhrəmanlar… xüsusi diqqət və ehtirama malikdirlər. Onlar vətənimizin qürur yeri olmaqla, bəşəriyyət qarşısında xidmətləri olan insanlardır. Böyük Vətən müharibəsinin azərbaycanlı qəhrəmanları da bu sıraya aiddir. Demək, onların təbliği elə Azərbaycanımızın təbliği deməkdir.
Yazıçı-jurnalist kimi xalqımızn tarixinə düşən qəhrəmanlar haqqında yazdığım kitablar cəmiyyət tərəfindən hörmətlə qarşılanıb. Bu kitablarda yer alan mövzular dövlət televiziyalarının çəkdiyi iki sənədli filmdə önə çəkilib. Orada təsvir olunan hadisələr ölkə mətbuatında dəfələrlə öz əksini tapıb. Sevinirik ki, gördüyümüz iş öz bəhrəsini verib, demək tutduğumuz mövqe düzgün olub, günün tələbinə cavab verib.
Bununla belə, vətənpərvərlik tərbiyəsində böyük rol oynayan bu nəcib işimizdə bizə həddən artıq maneələr törədən insanlar olub. Onların sayı bir-iki deyil. Hər kəsin əməlinin təsviri cilid-cilid kitabların mövzusudur. Biz yalnız onların bəzilərinin ikrah doğuran əməllərinə qiymət verməyə çalışacağıq.
2 il bundan əvvəl başladığım bir işə həmyerlilərimin sosial şəbəkələrdə göstərdiyi emosional münasibəti məni ağrıdırdı. II-ci Dünya müharibəsində igidlik göstərmiş azərbaycanlı qəhrəmanlar haqqında hazırladığım yazılara tarix müəllimləri, pedaqoqlar da daxil olmaqla, çox adam mənfi reaksiya göstərirdi. Başa salırdım, onlara faşizmin əsl mahiyyətini açıqlayan cavablar yazırdım, tarix müəllimlərinə öz şərəfli işinə ləkə gətirməməyi tövsiyə edirdim, onlara erməni faşizmini göz qabağına gətirməklə, ata-babalarımızın gördüyü müqəddəs işin mahiyyətini başa salırdım. Bir gün ilk azərbaycanlı Sovet İttifaqı qəhrəmanı İsrafil Məmmədov haqqında hazırladığım kitabı dərc etdirdim. Orada vətənpərvərlik və hərbi-vətənpərvərlik tərbiyəsinin aparılmasına həsr olunmuş yazılara da üstünlük verilmişdi. Qəhrəmanın Gəncə şəhərində fəaliyyət göstərən ev-muzeyində, İsrafil Məmmədovun Gəncə şəhərində adını daşıyan 27 saylı məktəb-liseydə qəhrəmanın təbliği ilə bağlı aparılan işlərdən bəhs edən yazılar hazırladım. Amma çox adam bilmirdi ki, həmin vaxt muzeyin və məktəb- liseyin rəhbərliyi tərəfindən yazara hansı təzyiqlər vardı, işimizi gözdən salmaq üçün hansı təbliğat aparılırdı, maneələr göstərilirdi. Çox iyrənc olaylara əl atılırdı. Nə muzey, nədə məktəb bu təbliğatın aparılmasında maraqlı deyildilər, çünki, dərindən maraqlandıqda, onalrın bu işdə nə savadı, nədə ki, həvəsi olduğu ortaya çıxırdı. Muzey əksəri gop olan uydurulmuş əfsanələrlə dolu çıxışları ilə yadda qalmışdı, elmi işçilər ümumiyyətlə bu işlə məşğul olmaq iqtidarında deyildilər. Və bir yazar tapılıb onların yalançı fəaliyyətini üzə çıxarırdı. Bütün bunlar “Muzeylər bizə nə üçün lazımdır” başlıqlı məqalədə öz əksini tapmışdı və tanınmış media qurumları tərəfindən də dərc edilmişdi. Onların biabırçı “fəaliyyəti” barədə mövzuya bir də qayıdacağıq. Tutduğu işlərin informasiya müharibəsində hansı mənfi, daha doğrusu cinayətkar rolunu diqqətinizə çatdıracağıq.
27 saylı məktəb-liseyin rəhbərliyinin tarixə düşən əməlləri isə heç vaxt yaddan çıxmaz. Onu Gəncə Təhsil İdarəsinin həmin dövrdəki rəhbərliyi ört-basdır etdi, bu iyrənc olayın nə ilə başa çatacağını anladılar və bizi də sakitləşdilər. Məktəbin rəhbərliyi qəhrəman haqqında hansısa yazının hazırlanmasının əleyhinə idi. Pedaqoqlardan kiminsə bununla bağlı müsahibə verməsini istəmirdi. Atdığımız ilk addım faciə ilə nəticələnəcək. böyük biabırçılığa səbəb olacaqdı. Bir qadın müəllimədən hazırladığımız yazı dərc olunmamış qaldı. Arxamızca min şər danışdılar, sonra qorxmadığımızı görüb “jurnalist problem yaradır” deyə Təhsil İdarəsinin müdirini üstümüzə qaldırdılar. Məktəb direktoru həyat yoldaşını məni hədələmək üçün davaya yolladı, MTN və Polis İdarəsinə şikayət edəcəkləri, “üzümüzə duracaqları” ilə hədələdilər. düzü səhvlərini tez anlayıb, üzr istəməyə evə gəldilər, dilə tutdular. Kitabı hazırladığıma israrlı olduğumu biləndə yenidən hədələrə keçdilər. Bütün bunlar böyük bir detektiv romanın mövzusudur. Məktəb direktoru deyil, doğma qardaşım olsa belə, onun və ətrafının əməllərini iyrənc, pedaqoq adına yaraşmayan əməl sayıram. Məqsədləri nə idi, onlardan tərif dolu müsahibə hazırlayıb, məktəbin iş i haqqında gözəl sözlər deyib kitabda yer verən insandan nə istəyirdilər, niyə şərləməyə cəhd edirdilər, dava salırdılar – bu, hələ də mənə qaranlıq qalır. Məktəbin həyətində qəhrəmanın hələ sovetlər dövründən ucaldılmış heykəli niyə mazut rəngində boyadılaraq rənglənib? Niyə hələ də onlardan yazılmış kitabdan alıb (bu kitab şəhər əhalisinə pulsuz paylanmışdı) oxumayıblar? Niyə Etmtv. news-in qəhrəmana həsr etdiyi filmdə məktəbin çəkilməsinə icazə vermədilər?- bunu özlərindən başqa heç kim bilmir. Ürəklə deyirəm- məktəbin direktoru Kəmalə İsgəndərova həmin qəhrəmana düşmən münasibət bəsləyirdi. Qəhrəmanın nə ölkədə, nədə ölkə xaricində təbliğində maraqlı deyildi. Sanki, ona pataloji nifrət bəsləyirdi. Sual olunur – bir pedaqoq və məktəb direktoru kimi xalqımızın qəhrəmanlıq simvollarından biri olan və rəhbəri olduğu məktəbin adını daşıdığı qəhrəmana bu nifrəti hardan qaynaqlanırdı?
Onu da bildirək ki, qəhrəmanın qızlarının axtarışına çıxdığım Rusiyanın Velikiy Novqorod şəhərində Veteranlar Şurasının sədrinin otağında İsrafil Məmmədovun şəkili asılmışdı. Bu şəhərdə əhali arasında apardığımız şifahi sorğu nəticəsində İsrafil Məmmədovu tanıyan onlarla insanlar tapıldı. Onlar qəhrəman haqqında müəyyən biliklərə və məlumatlara da malik idilər. Aralarında jurnalistlər, pedaqoqlar və ya sadə vətəndaşlar da vardı. Onlardan qəhrəmanın bu şəhərdə heykəlinin olmasına münasibətini öyrənməyə çalışdıq. Münasibət müsbət oldu. Bu şəhərin alman işğalından qorunmasında qanlı döyüşlərə atılan qəhrəmana olan hörmət hissi məni bir vətənpərvər kimi, əlbəttə ki, sevindirdi. Bu mənzərəni görəndə vətənpərvərliyin təbliği işini sözün əsl mənasında ələ salan muzey müdiri və məktəb direktoru, ümumiyyətlə, Gəncə şəhər Təhsil İdarəsi yada düşdü və mən bir anlıq qəhrəmanların təbliğinə böyük əmək sərf etməli olan insanlara görə xəcalət çəkdim. Elə Rusiyada fəaliyyət göstərən diaspora təşkilatlarına görə də. Utansalar və xəcalət çəksələr yaxşıdır. Amma inanmıram ki, onlar bu insani keyfiyyətlərə malik olsunlar. Gələn yazılarımızda Rusiya Azərbaycanlıları İttifaqı adlanan “girdirmə” bir diaspora təşkilatına həmin vaxt rəhbərlik etmiş, özünə Frenk Elkaponi kimi iyrən ad götürən Fizuli Məmmədovun adı çəkilən heykəllə bağlı Velikiy Novqorod şəhərinin meriyasını necə aldatdığı barədə geniş yazı ilə çıxış edəcəyik.
Keçmişinə hörmət qoymayan insanlar, xalqının bu gününə də biganə ola bilərlər. Əslində bu sahədə laqeydliyi ilə seçilən bu cür insanların, tutduqları rəhbər kreslosu əllərindən alınmalıdır. Təcrübədə isə başqa şey görürük.
Qəhrəman haqqında hazırlanan kitab, film böyük əziyyətlər bahasına başa gəlir. Hər şeydən əvvəl isə bu işdə böyük həvəs tələb olunur. Fikirləşəndə ki, həvəslə başladığın işə hansı maneələr olub, bu, insanı çox ağrıdır.
İstənilən cəmiyyətdə yalan ayaq açıb yeriyir. Bu, Gəncədə də istisna deyil. Şəhərin fəxri sayılan bir tarixi şəxsiyyətlə bağlı cəmiyyətdə nə qədər riyakarlıqla qarşılaşsaq da, bu yoldan çəkilmədik. Heyf ki, oturduqları kresloda özlərini “allahın bacısı uşaqları” sayan məmurlar bu işin əhəmiyyətini dərk etməkdən uzaqdırlar. Uzaq səfərə çıxıb, qəhrəmanın qızını tapdıq, onunla əlaqə yaratmağı belə özlərinə sığışdırmadılar. Başlanmış böyük bir iş yarımçıq qaldı. Bu da neçə-neçə yazının mövzusu oldu, heyf ki, cəmiyyət bu hala bir reaksiya vermədi. Sanki, hər il qəhrəmanın məzarı önünə gül-çiçək düzən məmurların, təhsildə rəhbər işçilərin və digərlərinin bu işə heç bir aidiyyatı yox imiş.
Onu da bildirək ki, Velikiy Novqorod şəhərinin şagirdləri qəhrəmanın adını daşıyan məktəbin uşaqları ilə dostluq əlaqələri yaratmaq üçün cəhd etdilər. Vətənin təbliği işində bunun xalqımıza hansı ziyanı dəyə bilərdi ki? Təhsildə rəhbər sayılan insanların biganəliyi və laqeydliyi sayəsində bu işə də göz yumuldu. Rusiyaya səfərimiz, yaxud bu sahədə gördüyümüz işlər barədə silsilə yazılar hazırlayan, Gəncə şəhərində fəaliyyət göstərən rus qəzetindən fərqli olaraq, onlarla elə bir mərtəbədə oturan digər dövlət qəzeti isə bu işə ümumiyyətlə göz yumdu. Azərbaycanın təbliği deyəsən elə rus jurnalistlərə və pedaqoqlara daha çox sərf edirmiş! Gələn yazılarımızda biz bu mövzuya da qayıdacağıq.
P.S. Rus veteranlar və ünsiyyətdə olduğum onlarla rus əsilli insanlar mənim işimin nə qədər təqdirəlayiq olduğunu bildirəndə, insanların biganəliyi ilə bağlı keçirdiyim hisslər bir anlıq ötüb keçdi və mən xalqımın igid, qəhrəman oğulları ilə bir daha fəxr etdim. Düşündüm ki, əgər bir neçə min nəfərə də öz qəhrəmanımızı sevdirə bilmişəmsə, demək, bu qədər insana vətənimi sevdirmiş oldum!
Ruhulla Zahidov, yazıçı-jurnalist.
One Comment on “Hər kəsin öz səngəri var – Uzun işin qısa təfsilatı”