“Günəşli vadinin serenadası”! Bu yazını hələ 2 il bundan əvvəl, 2019-cu ilin 29 oktyabrında dərc etmişik. Bu yazı biz yaradıcı insanların əməyinə, ürəyinə verilən (daha doğrusu verilməyən) dəyərə həsr olunub. Bu, müasir cəmiyyət deyəndə onun mənasını tam, yaxud ümumiyyətlə anlamayan insanlara bir yaradıcı insanın etirazıdır.
Qəhrəmanların təbliği ilə məşğul olmalı olan idarə və təşkilatlar, Təhsil Şöbələri, Mədəniyyət İdarələrində çalışan insanların yazıçıların əməyinə, şəxsiyyətinə, həyatda tutduğu mövqeyə cinayətkar yanaşması bu yazıda öz əksini tapmışdı. Düşünürdük ki, bunu oxuyandan sonra həmin insanlar, adları çəkilməsə də utanar, xəcalət çəkər, vicdanı oyanar və əslində onların görməli olduğu işlə heç olmasa görüntü xatirinə maraqlanar. Cəmiyyətə hansısa bir açıqlama verər, işində yeniliklər yaradar, dövlətin onlara maaş və geninə-boluna imtiyazlar verdiyi sahədə ciddi addımlar atar. Amma… heyf ki, onların əslində cəmiyyət adlandırdığı vəzifəli, imkanlı, imtiyazlı və s. insanların toplusu bu mesajı da qulaqardına verdi. Bircə GDU-nun rəhbərliyindən başqa. Məhz bu təhsil ocağında rəhbər vəzifədə çalışanlar, başda rektor Yusif Yusibov və millət vəkili Pərvin Kərimzadədən, Gəncədə fəaliyyət göstərən “Novosti Qyandji” qəzetindən başqa heç kim qəhrəmanlar haqqında yazdığımız kitablara və bu yolda çəkdiyimiz əməyə qiymət vermədi.
Gəncə və onun yetişdirdiyi qəhrəmanlar haqqında kitablar Gəncədən başqa hansı rayonda desən qəbul edildi, satışa çıxartdığımız kitablar alındı. İnsanlar bizə öz təşəkkürünü bildirdi.
Ürək dağlayan münasibəti kiməsə keçdik, kiməsə bağışladıq, yalançı vədlərə inandıq. Amma ürəyimizdə həmişə bilirdik-gördüyümüz iş müasir dövrdə böyük əhəmiyyətə malik olsa da, həmişə üstündən xətt çəkilib, ört-basdır edilib, sanki bizi diri-diri basdırıblar. Bunun da öz dərin səbəbləri, bu səbəblərin doğurduğu amillər var. Və… bütün bunlar cəmiyyətimiz üçün utandırıcıdır. Çünki…bu, bizə cinayətkar yanaşmadır.
Bu səbəblər və amillər barədə cəmiyyətin ən böyük şəxslərinə dəfələrlə yazmışıq, sorğular göndərmişik, məktublar hazırlamışıq… Heyhat, onlardan hələ ki, bir normal münasibət görməmişik, bir normal cavab almamışıq. Heç gözləmirik də. Bilirsiniz niyə? Çünki, ən ali və ülvi hisslərdən. bəşəri ideyalardan, milli düşüncədən mərhum insanlardan ibarətdir məktub yazdığımız bu adamlar. Həyatımız özü bunu sübut edir. Şəmkirin sabiq icra banditi, Şəmkir Regional Mədəniyyət İdarəsinin baş qulduru, elə Gəncənin özündə dövlətin dəmir yumruğunu görən, insanlıq hisslərindən məhrum neçə-neçə insancıqları nə qədər misal çəkmək olar? Bu gün vəzifə başında oturan insanların əksəriyyəti bu gündədir. Nə xalqına qiymət verər, nə xalqının qəhrəmanlarına. Zaman-zaman bunlar haqqında yazmışıq. Daha yazmaqdan yorulmuşuq. Nə xeyiri var ki? Kimin üçün yazırıq ki? İnsanların çoxu heç yazdıqlarımıza “layk” vurmağa belə qorxurlar. Bu da ayrı bir söhbətin mövzusudur.
Üstündən 2 il keçəndən sonra “yenə davam edir 37”. Sual yenə də açıq qalır:-Müasir cəmiyyət! O nədir? Yeməlidir, içməlidir, gülməlidir, nədir bəs? Əgər bunlardan biri deyilsə, onda biri tapılıb bu cəmiyyətin nə olduğunun tam açıqlamasını versin və bizlər də sakitləşək, tam qərara gələk ki, sən demə gördüyümüz işlər tamam başqa xalqın nümayəndələri üçün imiş, dövlətimizi aldatmaqda da haqlı imişlər.
Və yenə də deyirik: – Müraciət etdiyimiz məmurların əksəriyyəti bu gün də bəhanə dolu şirin dilləri ilə günlərlə vaxtımızı alır, bütün əsəblərimizlə oynayır, bununla da görəcəyimiz işin mahiyyətini aşağılamaqla bir çox prosesləri “tormozlayırlar”. Yazılarımızın qayəsi vətənpərvərlik, qəhrəmanlıq, milli-mənəvi dəyərlər olduğundan bu insanların niyə belə mövzular ətrafında söhbətlərdən yan qaçması, gördüyümüz işə heç bir reaksiya verməməsi bizim üçün qaranlıq qalır. Sanki, gördüyümüz bu işlərin həyatımızda heç bir əhəmiyyəti yoxdur. Onların nəzərində iş yalnız rüşvət almaq, qohumbazlıq – yerlipərəstlik etmək, milləti və dövləti aldatmaq, yaxşı işlərin ayağı altına kötük atmaq və sairdən ibarətdir…
Yenə də bildiririk:- nə qədər ki, onlar yaradıcılığımız altına təkər, kötük… atmaqla məşğul olacaqlar, bizlər də onların obrazını yaratmaqla məşğul olacağıq.
Azərbaycanın ilk Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədov haqqında kitab yazdıq-əllərindən gələn pislikləri etdilər. Onun haqqında film çəkdik- hansı maneələrlə qarşılaşmadıq ki?!. Film alayarımçıq qaldı, Gəncə və Şəmkirdə bir vətənpərvər, qəhrəmansevər tapılmadı ki, bu qəhrəman haqqında bir xoş söz desin, işimizə heç olmazsa, yardımçı, mənəvi dəstək olsun. Hər iki bölgədə bütün məmurlar “başçıya de, sonra gəl” dedi. Sanki başçılar onlara hansısa qadağa qoymuşdu (Bəlkə də qadağa qoymuşdu, nə bilək ki).
Velikiy Novqoroda gedib qəhrəmanın qızını tapdıq. Bütün respublika bunu bildi, əməlimizi təqdirəlayiq saydı. Gəncə və Şəmkirdə “başçıya de, gəl!” deyənlər bu dəfə də əməlimizə bir reaksiya vermədi. Hər il 9 May qələbə günündə qəhrəmanın qəbiri üstünə gül-çiçək qoyub qarşısında baş əyən məmurlar bu dəfə də əməllərinə sadiq qaldılar. Riyakarlıq – vəssalam! Bunun başqa adı yoxdur! Nə Gəncədə, nədə ki, Şəmkirdə Regional Mədəniyyət İdarələri bu işlərin heç birinə reaksiya vermədi. Sanki, bunlara aid məsələ deyildi. Üstəlik Gəncədə İsrafil Məmmədovun adını daşıyan məktəbin direktoru bizi şərlədib tutdurmaq istədi. Şəmkir Təhsil Şöbəsi ondan da pis sifət göstərdi, ev muzeyin direktoru min cür hoqqadan çıxdı… daha nələr, nələr…
Muzeylər bizə nə üçün lazımdır? Təkcə kiminsə maaş alması üçünmü?
Niyə reaksiyaverməli idilər ki? Onların başı dövlətin mədəniyyət siyasətinin əsaslarını dağıtmağa, talançılığa, rüşvətxorluğa və s. qarışmışdı. Dövlətimiz onların işinə layiqli cavab verdi. Onlar dırnaqla ət arasından iylənmiş irin kimi çıxarılıb atıldılar. Qəhrəmanın ev muzeyinin əbədi müdiri isə hələ də iş başındadır. İnanıram, onu qəhrəmanlığın təbliğindən başqa nə desən maraqlandırır. Elə deyisə, cavab yazsın, biz də onun əməllərinə savadlı cavab hazırlayaq.Amma inanmıram ki. bu cavab ola. Jurnalist yazısı “muzeyə təşrif buyuranların başını qatmaq” deyil.
Həmin dövrdə Ümumdünya Azərbaycanlıları İttifaqının sədri olmuş, özünə Frenk Elkaponi kimi iyrənc ad götürmüş Füzuli Məmmədov tərəfindən Velikiy Novqorodda İsrafil Məmmədovun heykəlinin ucaldılması xəbəri ildırım surəti ilə respublikaya yayıldı. Bu da bizim xidmətimiz idi (Hərçənd, o da “fıs” çıxdı.Rusiyada yaşayan azərbaycanlıları və yerli hakimiyyət orqanlarını aldatdı və həmvətənlərimizi pis vəziyyətdə qoydu). Daşdan səs çıxdı, Gəncəli və Şəmkirli məmurlardan səs çıxmadı. Bir-iki məmurla yazışıb bu xəbərə münasibətini öyrənməyə çalışdıq. Sadə insanlardan başqa bir məmurdan reaksiya ala bilmədik.
Cilid-cilid kitablarda yazılanları başa düşmək və onları həyata keçirtmək üçün sizlərdə birinci xalqına, dövlətinə və yaradıcılıq məhsullarına məhəbbət olmalıdı. Əgər bu sevgi yoxdursa, onda, sadaladıqlarımın həyata keçirilməsi üçün istəyiniz də olmayacaqdır. Bu istək onlarda yoxdur və olmayacaq da! Təhsil və Mədəniyyət İdarələrinin Mətbuat Xidmətlərində hansısa şairin, yazıçının yazdıqlarına adi oxucu qədər də diqqət yetirməyən, savadsız, yaradıcılıqdan xəbəri olmayan insanlar çalışır. Ömründə bir məqalə belə yaza bilməyən insanlar şairə, yazıçıya veriləcək dəyərin dərəcəsini özü təyin edir. Bu işdə yaradıcı insanların taleyi məhz bu savadsız kütlənin əlindədir. Onlar həmin dövlət qurumlarında möhkəm kök salmışlar və öz ”yerlərindən” ötrü də dayanmadan mübarizə aparırlar. Üstəlik savad dərəcəsi həmin vəziyyətdə olan idarə və təşkilat rəhbərlərinin istəyi də onların fikirləri ilə üst-üstə düşür. Belə olmasaydı cilid-cilid yazdığımız əsərləri (heç özlərindən yazılanları da) oxumayan insanların reaksiyası da gecikməzdi.
Kim daha çox millətpərəstdir, Kim Qardaşyan, yoxsa, Fizuli Məmmədov?!.
Bu illər ərzində nə dəyişdi və nə dəyişməli idi? Ətraflı sonrakı yazılarda…
Ruhulla Zahidov, yazıçı-jurnalist.