Müasir cəmiyyət! O nədir? Yeməlidir, içməlidir, gülməlidir, nədir bəs?
Adətən , belə hallarda insanlar söhbətin məhz nədən getdiyini anlasınlar deyə biz adını çəkdiyimiz hansısa terminə açıqlama veririk. Fikirləşdik ki, bu dəfə qanunun bizə verdiyi imtiyazlardan qorxmadan istifadə edək. Müasir məmurların əlində olan imtiyazlardan Hitler və Napaleon kimi istifadə edənlər kimi yox, sadəcə, fikrimizi açıq bildirək.
Müraciət etdiyimiz məmurların əksəriyyəti bəhanə dolu şirin dilləri ilə günlərlə vaxtımızı alır, bütün əsəblərimizlə oynayır, bununla da görəcəyimiz işin mahiyyətini aşağılamaqla bir çox prosesləri “tormozlayırlar”. Demək olmaz ki, onların hamısı pis mütəxəssis, pis vətəndaş, pis insandır. Bununla belə, yazılarımızın qayəsi vətənpərvərlik, qəhrəmanlıq, milli-mənəvi dəyərlər olduğundan bu insanların niyə belə mövzular ətrafında söhbətlərdən yan qaçması bizim üçün qaranlıq qalır. Və nə qədər ki, onlar yaradıcılığımız altına təkər, kötük… atmaqla məşğul olacaqlar, bizlər də onların obrazını yaratmaqla məşğul olacağıq.
Azərbaycanın ilk Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədov haqqında kitab yazdıq-əllərindən gələn pislikləri etdilər. Onun haqqında film çəkdik- hansı maneələrlə qarşılaşmadıq ki?!. Film alayarımçıq qaldı, Gəncə və Şəmkirdə bir vətənpərvər, qəhrəmansevər tapılmadı ki, bu qəhrəman haqqında bir xoş söz desin. Hər iki bölgədə bütün məmurlar “başçıya de, sonra gəl” dedi. Sanki başçılar onlara hansısa qadağa qoymuşdu (Bəlkə də qadağa qoymuşdu, nə bilək ki).
Velikiy Novqoroda gedib qəhrəmanın qızını tapdıq. Bütün respublika bunu bildi, əməlimizi təqdirəlayiq saydı. Gəncə və Şəmkirdə “başçıya de, gəl!” deyənlər bu dəfə də əməlimizə bir reaksiya vermədi. Hər il 9 May qələbə günündə qəhrəmanın qəbiri üstünə gül-çiçək qoyub qarşısında baş əyən məmurlar bu dəfə də əməllərinə sadiq qaldılar. Riyakarlıq – vəssalam!Bunun başqa adı yoxdur!
Bu yaxınlarda Ümumdünya Azərbaycanlıları İttifaqının sədri Füzuli Məmmədov tərəfindən Velikiy Novqorodda İsrafil Məmmədovun heykəlinin ucaldılması xəbəri ildırım surəti ilə respublikaya yayıldı. Daşdan səs çıxdı, Gəncəli və Şəmkirli məmurlardan səs çıxmadı. Bir-iki məmurla yazışıb bu xəbərə münasibətini öyrənməyə çalışdıq. Sadə insanlardan başqa bir məmurdan reaksiya ala bilmədik. -Gərək onlar birinci “başçı”nı görə. onun fikrini öyrənə. bəlkə, sənə nəsə bir söz deyə.
Mən yalnız bir şey deyə bilərəm-başçının daşı düşsün siz məmurların başına, azarı dəysin ürəyinizə, xəstəliyi zadı olsa, keçsin xəyanətkar, rüşvətxor, korrupsioner, xalqının qəhrəmanına qara qəpik qədər qiymət qoymayan sizlərin ürəyinə! Razı deyilsiniz? Onda, əksini deməyə cürətiniz çatırsa, yazın, onu elə bu portalımızda dərc edərik!
Utanmırsınız, xəcalət çəkmirsiniz. yerə girmirsiniz! Nə üçün yaşayırsınız siz, ey qəhrəmanlığın təbliği ilə məşğul olmalı olan, əslində cibişdanınızı haram pullarla dolduran təhsil ocaqları, mədəniyyət obyektləri, əlaqədar təşkilatlar, qurumlar?!. Bu Şəmkir rayonundakı, elə Gəncə şəhərindəki məmurlara da aiddir!
Deyərdik nə üçün. Amma, cəsarətimiz yalnız buracan çatır.
Əks mövqeni eşitmək istərdik. İstərdik bizdən məhkəməyə, prokurorluğa yazsınlar, Mətbuat Şurasında “razborka”ya çağırsınlar, bizləri mətbuat qanunlarını pozmaqda suçlasınlar, üzümüzə dursunlar, cərimələsinlər, bizi min bir günahda suçlasınlar. Özlərini də əsl vətənpərvər vətəndaş kimi qələmə versinlər. Biz də ürəyimizdə qalan başqa sözləri də deyək.
Hərçənd. cilid-cilid yazdığımız əsərləri (heç özlərindən yazılanları da) oxumayan insanlar bunu da oxumayacaq, buna da reaksiya verməyəcək. Nəyinə lazımdır onların belə “başağrısı”?