Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16 №-li kitabxana filialı, Gəncə Dövlət Tarix Mədəniyyət Qoruğunun Nizami filialı ilə birlikdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar “Günəş kimi nur saçır bu cahana Nizami” mövzusunda elmi-praktiki konfrans keçirdi.
Tədbiri açıq elan edən böyük kitabxanaçı Mirvari Cəfərova qeyd etdi ki, Nizami Gəncəvi Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi dahi şəxsiyyətlərdən biridir. Doqquz yüz ilə yaxındır ki, əsərləri ilə dünya bədii söz xəzinəsinin, dünya poeziyasının incisi kimi bütün nəsillərin, eləcə də bizim mənəvi müasirimizdir. Söz dünyasının günəşi Nizami Gəncəvi bəşər mədəniyyətinin yetirdiyi nadir şəxsiyyətlərdəndir.
Gəncə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi, Əməkdar Mədəniyyət İşçisi, şair, publisist Bəxtiyar Muradov çıxış edərək qeyd etdi ki, Nizami Gəncəvinin zəngin ədəbi fəaliyyəti təkcə Azərbaycanın deyil, eyni zamanda Yaxın və Orta Şərqin ümumi mədəniyyət mərkəzi kimi tanınan Gəncə ilə bağlıdır. Nizami Gəncəvi elə bir şəxsiyyətdir ki, xalqının soy kökünə xas olan ən yaxşı xüsusiyyətləri – istedad, ağıl, vicdan, şərəf və uzaqgörənlik kimi xüsusiyyətləri özündə birləşdirir. Nizami Gəncəvi irsini yüksək qiymətləndirən Ulu Öndər Heydər Əliyev demişdir: “Təkcə Nizami Gəncəvi kimi bir şəxsiyyəti bağışladığına görə Gəncə torpağı, gəncəlilər əbədi minnətdarlığa layiqdirlər”.
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitunun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı çıxış edərək bildirdi ki, Nizami Gəncəvi yaradıcılığı tədqiqatçılar üçün böyük yaradıcılıq mənbəyidir. Əsrlər, qərinələr bir-birini əvəz etsə də Nizami irsi hələ də tədqiqat mövzusu olaraq qalacaq. Onun yaradıcılığı ilə təkcə Şərq tədqiqatçıları deyil, eyni zamanda Avropa şərqşünasları da məşğul olurlar. Bu da onu göstərir ki, Nizami yaradıcılığı Şərqlə Qərbin fəlsəfi, bədii estetik sintezi, vəhdətidir. O, bir tərəfdən Aristoteli, Platonu mənimsəmişdirsə, o biri tərəfdən də Firdovsini, İbn Sinanı mənimsəmişdir. Bu baxımdan mütəfəkkir şairin dünya görüşündə bu iki aləmin vəhdəti yaranmışdır. Nizami yaradıcılığının gücü, qüdrəti onda idi ki, hansı mövzuya yanaşırdısa, həmin mövzunu özününkü edirdi.
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitunun Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Təhminə Bədəlova öz çıxışında bildirdi ki, böyük iftixar hissi ilə deyə bilərik ki, Nizami Gəncəviyə qədər Azərbaycan xalqını dünyada tanıdan ikinci bir şəxsiyyətə rast gəlmədik. Nizaminin təxminən bütün dünya xalqlarının dillərinə tərcümə olunması və sevilə-sevilə oxunması buna ən gözəl göstəricidir. Digər tərəfdən Nizami elə böyük sənətkarlardandır ki, o, təkcə poeziyanın zirvəsini kəşf etməklə deyil, elm sahələrinin əksəriyyəti haqqında məlumat verməsi və öz ölməz “Xəmsə”si vasitəsilə bunu əks etdirmişdir.
Filologiya üzrə fəlsəfə doktoru, yazıçı, ssenarist Firuddin Qurbansoy çıxış edərək bildirdi ki, Nizami türk, fars və ərəb dillərini mükəmməl bildiyi üçün böyük poliqlot kimi bu xalqların ədəbiyyatı, tarixi ilə yaxından tanış idi. Nizami demək olar ki, Çin, Rusiya, Gürcüstan, Ərəb ölkələri, İran, Azərbaycan və Rumdan bəhs edib bu ölkələrin adət-ənənələri və məşğuliyyətlərindən danışırsa, bir daha biz bu mütəfəkkir insanın nə qədər yüksək bilik potensialı və fövqəladə zəka sahibi olduğunu görürük. Həmçinin Azərbaycanda ayrı-ayrı alimlər Nizaminin dil, ədəbiyyat, riyaziyyat, fizika, astronomiya, təbabət, nəbatat, kənd təsərrüfatı, rəssamlıq, heykəltaraşlıq, fəlsəfə, tarix və s. elmlərə bələd olduğunu və “Xəmsə”sindən məlum olur ki, onlardan konkret misallar gətirməklə ustalıqla istifadə etmişdir.
Gəncə Dövlət Universitetinin müəllimi, şair Vüsal Hicran çıxış edərək bildirdi ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2021-ci il Azərbaycanda “Nizami Gəncəvi İli” elan olunub. Ölkə başçısının imzaladığı Sərəncamla 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi həm dövlətin Nizami irsinə bəslədiyi qayğı və diqqətin təzahürüdür, həm də Nizamişünaslıqda yeni dövrün başlanmasıdır. Nəzərə alsaq ki, dahi Azərbaycan şairi, mütəfəkkiri Nizami Gəncəvinin “Xəmsə”si Sovet dövründə tərcümə edilib və mütəxəssislərin də qeyd etdiyi kimi, tərcümələrdə də kifayət qədər qüsur, nöqsan, sovet ideologiyasının ruhuna uyğun təhrif var. Bu ilin “Nizami ili” kimi qeyd olunması bir daha Nizami irsinin yenidən tədqiqata cəlb edilməsi, əsərlərinin yenidən tərcümə olunması üçün imkanlar açır, ədəbiyyatşünasların, Nizamişünasların, dilçilərin, şərqşünasların qarşısına çox mühüm vəzifələr qoyur ki, onlar Nizamini olduğu kimi bizə və dünyaya təqdim etsinlər.
Gəncə Dövlət Tarix Mədəniyyət Qoruğunun Nizami filialının müdiri Gülnarə İsmayılova çıxış edərək qeyd etdi ki, Nizami dühası hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olmuşdur. Ölkəmizdə Nizami sənətinin öyrənilməsi və tanıdılması sahəsində xeyli iş görülmüş, kitabları nəfis tərtibatda və kütləvi tirajla nəşr edilmişdir. Nizaminin ədəbiyyatda və incəsənətdə yaddaqalan obrazı yaradılmışdır. Mütəfəkkir şairin doğma şəhəri Gəncədə məqbərəsi, Bakıda, Sankt-Peterburqda və Romada heykəlləri ucaldılmışdır. Bütövlükdə, Nizami Gəncəvi irsini geniş təbliğ etməklə bir daha Azərbaycanın zəngin mədəniyyətini dünya ictimaiyyətinə nümayiş etdirəcəyik.
Gəncə MKS-nin direktor müavini Fəridə Qədimova çıxış edərək qeyd etdi ki, Ulu Nizaminin yurdunda yerləşən kitabxanalarımız daim dahi şairimiz haqqında müxtəlif tədbirlər, sərgilər təşkil edir və Nizami poeziyasını yetişən gənc nəslə çatdırılmasında yaxından iştirak edir.