44 günlük Vətən müharibəsi Azərbaycanın tarixində unudulmaz bir qəhrəmanlıq mərhələsidir. Xalqımız haqlı olaraq daima öz qəhrəmanları ilə öyünür, onları qəlblərində yaşadır. Vətənimizin mənafeyini hər şeydən üstün tutan döyüşçülərimizin keçdiyi döyüş yolu isə hamımız üçün örnəkdir. Hansı peşənin nümayəndəsi olmağımızdan asılı olmayaraq, bizim hamımız Vətənimizin əsgərləriyik. Hər an düşməni törətdikləri vəhşiliklərə görə peşman etməyə hazırıq.
Etmtv.news portalı “Qalib əsgərin hekayəti” layihəsi çərçivəsində silsilə yazılara start vermişdir. Redaksiyamıza demək olar ki, hər gün əsgərlərin döyüş xatirələri əks olunmuş məktublar daxil olmaqdadır. Həmin məktublar əsasında hazırlanan yazılar eyni adlı kitabda da öz əksini tapacaqdır. Belə məktubların biri Kürdəmir rayonundan gəlmişdir.
Biz Vətən müharibəsinin fəal iştirakçıları olmuş və xalqımızın qazandığı bu qələbəyə layiqli töhvəsini vermiş qəhrəman əsgər və zabitlərimiz ilə fəxr edirik. Bu igidlərdən biri də Saleh Elman oğlu Mahmudovdur. Onun Kürdəmir rayonundan redaksiyamıza ünvanladığı məktubu dərc etməyi özümüzə borc bildik.
-Əziz redaksiya! Sizin Vətən müharibəsi iştirakçıları olmuş qəhrəman əsgər və zabitlərimiz haqqında silsilə şəklində dərc etdiyiniz yazıları diqqətlə və maraqla izləyirik. Hər bir əsgər məktubu öz orijinallığı ilə seçilir. Çünki, müharibənin od-alovundan keçmiş, müharibənin bütün ağırlığını çiyinlərində daşımış hər bir döyüşçünün bu ağır, lakin şərəfli yolda keçirtdiyi özünəməxsus hissləri və duyğuları, hər bir əsgərin öz döyüş tarixçəsi vardır. Lakin, yazılardakı qəhrəmanları birləşdirən amil birdir. Onlar Vətən torpaqlarının düşmən əsarətindən xilası üçün sidqi-ürəklə döyüşmüş və bu yolda öz canını, qanını əsirgəməmişdir. Onu da qeyd edim ki, tarixçəsi qeyd edilmiş əsgərlərin hamısı könüllü olaraq Milli Ordu sıralarına yazılmış, çoxları isə hətta, cəbhəyə, döyüşən orduya göndərilməsi üçün möhkəm təkid göstərmişlər. Həmin qəhrəmanları digər adi vətəndaşlardan fərqləndirən cəhətlər onların Vətənimizin keşiyində durmaq üçün hər cür əzab-əziyyətə qatlaşmağa hazır olmaları və bunu real işdə sübut etmələridir.
Mən Saleh Elman oğlu Mahmudov 1991- ci ildə Kürdəmir rayonunda anadan olmuşam. 5 yaşımdan Bakıda yaşayıram. 2009- cı ildə Bakı şəhər Ağabəy Novruzbəyli adına 46 nömrəli orta məktəbi bitirib, elə həmin il Azərbaycan Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinə daxil olmuşam. Universiteti 2013- cü ildə fərqlənmə diplomu ilə bitirdim. Bir müddət sonra Goranboy rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmətə başladım. Həmin müddətdə xidmətdə olduğum hərbi hissənin komandirliyi tərəfindən bir sıra hədiyyələrlə (Qol saatı, Fəxri fərman, Təşəkkür məktubu və.s) təltif olunmuşam. Hal-hazırda isə General supply MMC də Logistika və Gömrük üzrə mütəxəssis vəzifəsində çalışıram.
Vətən müharibəsi başlayan gündən rahatlıq tapa bilmirdim. Müharibəyə gedib torpaqlarımızın yağı düşməndən təmizlənməsi üçün hər şeyə hazır idim. Qeyd edim ki, Aprel döyüşlərində də Milli Ordu sıralarına yazılmışdım. Həmin dövrdə müharibə tez və bizim üstünlüyümüzlə başa çatdı. Topaqlarımızın azad edilməsi uğrunda istədiyimiz həlledici döyüşlərdə iştirak etmək bizə qismət olmadı… Ağır məşq və təlimlərdə həvəslə iştirak etdik. Hər an döyüşə atılacağımız anı gözləyirdik. Vuruşmaq həvəsi o qədər güclü idi ki. işə komandirlərimiz qarışmalı olurdu. Döyüş əmrinin tezliklə veriləcəyini bildirərək. bizə təsəlli verməyə çalışırdılar. Bizi döyüş mövqeyinə gecə saat 3-də apardılar. Amma… müharibənin qurtarması səbəbindən döyüşə girə bilmədik.
Vətən müharibəsində isə vəziyyət tamam başqa cür oldu. Belə ki, atam və anamım yaşlı olmağı və mənim evin tək oğlan övladı olmağım və ən əsası da valideynlərimin məndən nigaran olması məni könüllü oaraq orduya yazılmağa imkan vermirdi. Bu səbəbdən, 2020- ci ilin oktyabr ayının 15-də mənim Nəsimi rayon hərbi komisarlığı tərəfindən orduya çağrılmağım həyatımın ən xoş xəbərlərindən biri oldu. Səhər tezdən ailəm, qohumlarım, dostlarım və iş yoldaşlarım ilə sağollaşıb Nəsimi RHK şöbəsinə yollandım. Bir neçə sual verdikdən sonra məni orduya yazmaqdan imtina etdilər, səbəb isə valideynlərimin yaşlı, evin tək oğlan övladı və ailəli olmağım oldu. Lakin israrla evə getməyəcəyimi bildirdim və uzun təkidlərdən sonra Ağcabədi rayonu “N” saylı hərbi hissədə təlim almaq üçün avtobuslarlla hərbi hissəyə yollandıq. Təlimlər bizim üçün çox önəmli idi, çünki biz düşməni məhv etmək üçün çox şey öyrənməli idik.
Onu da bildirim ki, xidmət etdiyim D30 divizionu müharibə dövründə yaradılmışdı. Daha doğrusu elə müharibə gedə-gedə yaradıldı. İlk hərbi qulluqçuları da biz olmuşuq. Ən əsası da budur ki, divizionun bütün zabit və əsgər heyəti könüllülərdən və ehtiyatda olan zabitlərdən təşkil edilmişdi. Bir nəfər də olsun nə həqiqi hərbi xidmətdə olan əsgər və nədə ki, kadr zabit olmayıb. Döyüşçü yoldaşlarımızla söhbətlərdə onların əksəriyyətinin hərbi komisarlığa təkidli tələbindən sonra orduya cəlb edilməsi aydınlaşdı. Bu, çox qürurverici bir mənzərə idi. Cavanlarımız döyüşə can atır, müharibədən qorxmurdular. Bunu ağır döyüşlərdə də sübut etdilər.
Müharibədə olmaq çox qəribə bir hissdir. Bunu yaşamayan heç vaxt bilə bilməz. Birinci növbədə şəhid olan bütün hərbi qulluqçularımıza allah rəhmət eləsin, qazilərimizə isə allahdan şəfa diləyirəm. Bu gün sağ qalan hər bir hərbi qulluqçunun unudulmaz xatirələri var və bu, heç vaxt unudulmayacaq. Müharibədə çox çətinliklər yaşadıq. Amma düşünəndə ki, müharibədə olmaq hər kəsə qismət olmur və hər gün daha da irəliləyirik, ona görə də daha dözümlü olurduq. Bu qələbədə həm 20 faiz torpağımızı geri qaytardıq, həm də əvəzolunmaz döyüş yoldaşları tapdım.
Ən uğurlu əməliyyatımız Qırmızı Bazar istiqamətində olub. Bu döyüşdə düşmənə sarsıdıcı zərbələr vurduq. Qırmızı Bazar elə bir strateji yerdir ki, oranı ancaq D 30 topu ilə məhv etmək mümkün oldu. Ərazisi minalanmış və döyüş üçün əlverişsiz yer olduğu üçün nə texnika, nə də piyada qüvvələri hərəkət edə bilmirdi və bizim qüvvələr itki verməli olurdu. Buna baxmayaraq, 2 km məsafədən düşməni darmadağın etdik. Bu döyüş heç vaxt düşmənin yadından çıxmayacaq! Qeyd edim ki, Qırmızı Bazar əməliyyatında və Qırmızı Bazar ətrafı əməliyyatlarda 877 erməni hərbiçisi və saysız hesabsız ağır texnika, silah anbarı, tankları məhv etdik.
Mənim ixtisasca vəzifəm sürücü, manqa komandiri idi. Lakin, nə Aprel döyüşlərində, nə də Vətən müharibəsində sürücü kimi xidmət etməmişəm. Döyüş yoldaşlarımla çiyin – çiyinə verib, döyüş əməliyyatlarında əlimizdən gələni etmişik. Günlərlə səngər qazıb, mərmi daşıyıb, dayanmadan top atmışıq, günlərlə yatmamışıq. Qeyd edim ki, döyüş yoldaşım Yusubov Pərvinlə 1 aydan çox müddətdə axşamlar yatmayıb, döyüş toplarımızın və döyüş yoldaşlarımızın keşiyində dayanmışıq. Döyüş yoldaşlarımız dincəlsin deyə, səhərə qədər yatmırdıq, əlimizdə silah ərazini mühafizə edirik. Təsəvvür edin ki, gecələr yatmırıq, səhərlər isə düşmənlə döyüşürük. Ac, susuz və yorğun….
Biz çətinliklərdən qorxmurduq. Çətinlik sözü bizə yad bir hiss idi. Həmin anlarda insan nə qədər yorulsa da, bunu qəlbində özü üçün etriraf etməyə belə utanır. Biz qalib əsgər olmaq üçün nə bacarırdıqsa, etməyə hazır idik. Əldə etdiyimiz qələbələr bu hisslərimizin məhsulu idi. Müharibədə qalib gəlmək bacarığı və qalib gəlmək həvəsi döyüşdə həlledici amildir. Sağ olsunlar komandirlərimiz ki, bizim bu həvəs, bacarıq və istəklərimizi lazımi istiqamətə yönəldə bildilər və bizi bacarıqla qələbəyə doğru apardılar.
Döyüşə Füzuli rayonun ərazisindən başladıq. Daha sonra Cəbrayıl rayonu istiqamətində döyüşlərə davam etdik. Bizim bölmə cənub hissədən hərəkətə keçmişdi və cənub hissədən üzü Xocavəndə doğru hərəkət edirdi. Bu istiqamətdə düşmənin ağır texnikalarını, kolonlarını, silah anbarlarını darmadağın edərək, onları geri çəkilməyə məcbur edirdik. Məhz təlimlərdə öyrəndiklərimiz bizə çox kömək oldu.
Döyüşlər həmişə bizim qüvvələrin üstünlüyü ilə keçirdi. Düşmən nə qədər müqavimət göstərsə də azərbaycan əsgərinin qabağında duruş gətirə bilmirdi. Qarşı-qarşıya döyüşlər, artilleriya dueli, müharibənin, döyüşün qabaqcadan nəzərə alınmayan tərəfləri… bütün bunlara qabaqlar kinolardakı döyüş səhnələrində də rast gəlirdik. Amma canlı döyüş inanın özünün yaşadığı hissdir. Bu anın öz qanunauyğunluqları, özünəməxsus gedişatı var. Döyüş də yaşadığın bir həyatdır-burda düşmənə qarşı sonsuz qəzəb də var, sədaqət, şücaət, qəhrəmanlıq da. Qalib gəldiyin döyüşün sevinci uzun müddət yaddaşından silinmir, onun təsiri altında yeni-yeni döyüşlərə can atırsan, bacardıqca köməyinə çatdığın, çiyin-çiyinə vuruşduğun döyüş dostlarının gözündə ucalırsan.
Döyüşün insan psixologiyasında iz saldığı mənfi təsirlər də var. Həmin döyüşlərdən sonra digər əsgər yoldaşlarım kimi mən də psixoloji sıxıntılar yaşadım. Gecələr yata bilmirdim. Gözünü yumursan, xəyalında atılan mərmilər, dağıdılan səngərlər, məhv edilən avtomobil kolonları, yanan, od-alov içində olan hərbi texnikalar… sanki kino lenti kimi göz önündən bir-bir keçir. Qürurverici olduğu qədər də, qalib döyüşçünün psixikasına təsir edən bir mənzərələrdir. İndi uzun müalicələrdən sonra əvvəlki vəziyyətimə qayıdıram. Hal-hazırda, demək olar ki, səhhətimdə problem qalmayıb.
Təəssüflər olsun ki, Zəfər paradında iştirak edə bilmədik. Çünki, Zəfər paradı keçirilən zaman biz döyüş mövqelərimizdə idik və bizim Qarabağda olmağımız məsləhət idi. Amma, özümüz orda olmasaq da, fikrimiz oradaydı. Mən Zəfər paradını ordudan tərxis olunduqdan sonra, internetdən izlədim.
Qalib Ordunun əsgəri olmaq necə hissdir? Bu hissləri sözlə ifadə etmək çox çətindir. Mən fəxr edirəm ki, torpaqlarımızı geri qaytardıq. Mübariz İbrahimov, Polad Həşimov, Raqif Orucov və minlərlə belə qəhrəman övladlarımızın qisasını ala bildik. Artıq alnıaçıq gəzə bilərik. Biz itirilən torpaqlarımızı bərpa etdik. Və bununla da fəxr edirik!
Etmtv. news
Möhtəşəm. Biz AZƏRBAYCANLILARA hər bir herfinden şeref doguran, her hecasinda qelbimizi qeyret dolu odlara qerq edən hemin o QÜRURU yawandiginiz üçün sizlərə minnetdariq. Siznin o soyuq sengerlerdeki varliqlariniz burada bizim var olma sebebimiz oldu her an her deqiqe. Bu anladılması çətin olan qelebe həzzini bu millətə yawandiginiz üçün bu millet sizlere her zaman bir QÜRUR simvolu kimi baxacaq. Ne yaxwiki bu xalqın sizler kimi qeyretli merdleri var ve əminemki bundan sonrada olacaq. Sizler bizim qelbimizde taxt-tac qurmuş padşahlarımizsiniz ve her zaman bele qalacaqsiniz.
Cox sagolun Rehman bey.tewekkur edirem.var olun