GDU-da bütün əməkdaşlarının əmək haqlarının 20 faiz artırılması haqqında qərar qəbul edildi

Gəncə Dövlət Universitetinin 1 oktyabr 2024-cü il tarixində keçirilən Elmi Şurasında Gəncə Dövlət Universiteti əməkdaşlarının maddi rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədilə oktyabrın 1-dən universitetin bütün əməkdaşlarının əmək haqlarının 20 faiz artırılması haqqında qərar qəbul edilmişdir.
Bundan əlavə qarşıdan gələn “Müəllimlər günü” münasibətilə universitetin bütün əməkdaşlarına maaşlarının 10 faizi məbləğındə mükafat verilməsi haqqında da qərar qəbul edilmişdir.
Universitetin rektoru Yusif Yusibov Elmi Şurada çıxışında bildirdi ki, əmək haqqının artırılması işçilərin sosial müdafiəsini gücləndirməklə yanaşı, həm də əməkdaşların pedaqoji fəaliyyətindəki məhsuldarlığının yüksəldilməsi, uğur kriteriyalarının müəyyən edilməsi, heyətin adekvat şəkildə mükafatlandırılmasının təmin edilməsi, rəqabət mühitinin gücləndirilməsi, əməkdaşların məmnuniyyət səviyyəsinin artırılması və keyfiyyət göstəricilərinin yüksəldilməsi məqsədini daşıyır.
Universitetin rektoru, professor Yusif Yusibov əlavə etdi ki, ölkəmizdə vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl dövlət siyasətində yaxından iştirak edən Gəncə Dövlət Universiteti öz əməkdaşlarının rifah halının yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayır.

Elçin Cavadov

Gəncə Dövlət Universiteti

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.