Gənclər arasında vətənpərvərliyin təbliği işi və müasir reallıq

Gənclər arasında vətənpərvərliyin təbliği işi müasir reallıqda necə görsənir?!. Bu sual bir çoxlarını düşündürə bilər.

Onu da bildirək ki, yetişməkdə olan gənc nəslin vətənpərvərlik və hərbi-vətənpərvərlik tərbiyəsində  Mədəniyyət İdarələrinin, eyni zamanda bu idarələrin tərkibində fəaliyyətdə olan mədəniyyət  müəssisələrinin də böyük əməyi və zəhməti vardır. Bunu, regionlarda fəaliyyət göstərən Mədəniyyət İdarələrinin işində də aydın sezmək olar. Qəhrəmanlar haqda  araşdırmalarla bağlı müraciət etdiyimiz Gəncə və Şəmkir Regional Mədəniyyət İdarələrində olduğumuz müddətdə onlar ilə qəhrəmanlar və qəhrəmanlıq mövzusu ilə bağlı etdiyimiz söhbətlərdə biz bunun bir daha şahidi ola bildik. Həmin müsahibələrdən birini sizlərə təqdim edirik.

Söhbət etdiyimiz müddətdə Sənan Hacıyev  bizi maraqlandıran suallara səmimi və dolğun cavab verdi. Ümid edirik ki, Gəncə Regional Mədəniyyət İdarəsi bundan sonra da öz qabaqcıl və səmərəli işi ilə daim mətbuatın diqqət mərkəzində olacaqdır.

Sənan müəllim, Gəncə Regional Mədəniyyət İdarəsi milli-mənəvi dəyərləri gələcək nəsillərə necə ötürür?

-Gəncə Regional Mədəniyyət İdarəsi tabeliyində fəaliyyət göstərən Gəncə, Naftalan şəhər, Goranboy, Samux, Kəlbəcər və Xocalı rayonlarındakı mədəniyyət müəssisələrində milli-mənəvi dəyərlərin qorunub saxlanılması, gələcək nəsillərə çatdırılması istiqamətində mütəmadi olaraq bir sıra mədəniyyət tədbirləri keçirilir.

Azərbaycan Respublikasının tarixi bayramları və əlamətdar günlərlə bağlı təqvimində yer alan bütün tədbirlər ilə əlaqədar dəyirmi masa, ədəbi-bədii kompozisiyalar, rəsm, foto, kitab sərgiləri, poeziya saatları, mühazirə saatları, konsertlər və s. yer alır. Bu tədbirlərdə məktəblilərin, xüsusən gənclərin iştirakı təmin olunur.

 -Mədəniyyət İdarələrinin illik iş planında  vətənpərvərliyin gənclər arasında təbliği işi xüsusi yer tutur. Sizcə bu işdə Mədəniyyət İdarələrinin məhz birbaşa rolu və yeri nədən ibarətdir və sizin başçılıq etdiyiniz İdarə bu mövzuda  hansı faydalı işlər görür?

-Mədəniyyət idarəsinin illik iş planına yuxarıda adları qeyd olunan tədbirlərdən başqa Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə şair və yazıçıların musiqi, incəsənət, teatr sahəsində xidmətləri olan insanların yubiley tədbirləri də daxil edilmiş və təntənəli surətdə  həyata keçirilmişdir. Bu silsilə tədbirlərdə iştirak edənlərin nəzərinə çatdırılır ki, məqsəd xalqımızın milli-mənəvi dəyərlərinin bir hissəsini əks etdirən, xalqın yaddaşında öz bədii yaradıcıllıqlarıilə teatr, musiqi , incəsənət sahəsində fəaliyyət göstərməklə fərqlənən insanların həyatı, yaradıcılığını gənc nəslə aşılamaq, qoruyub saxlamaqdır.

 – Hər mövzuda təbliğat işləri ilə məşğul olan kitabxanalar vətənpərvərliyin, humanizmin, mübarizliyin gənclər və uşaqlar arasında təbliği yolunda hansı faydalı işlər görür?

-Məlumdur ki, 2019-cu il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq saylı Sərəncamı ilə Azərbaycanın mütəfəkkir şairi, İmadəddin Nəsiminin 650 illiyi münasibəti ilə “Nəsimi ili” elan olunmuşdur.

Bununla bağlı regional idarənin tabeliyində olan mədəniyyət müəssisələrində “Nəsimi-650” adlı silsilə tədbirlər, poeziya saatı, rəsm sərgisi, kitab sərgisi, ədəbi-bədii kompozisiyalar və s. keçirilmişdir. Bu tədbirlər “Məndə sığar iki cahan”, “Ədəbiyyat üfüqündə doğmuş eşq günəşi-İmadəddin Nəsimi”, “Nəsimi irsinin ölməzliyi”, “Nəsiminin sözü həqdir, həqqi bil” və s. adda təşkil olunmuşdur.

 -Bildiyimiz kimi 2020-ci ildə Böyük Vətən müharibəsində faşist Almaniyası üzərində qələbənin 75 illiyi postsovet məkanında, eləcədə Azərbaycanda təntənəli surətdə qeyd ediləcəkdir. Yəqin ki, bununla əlaqədar  Mədəniyyət İdarələri, eləcə də GRMİ bu  sahədə hansısa işlərin həyata keçirilməsini  planlaşdırır. Başçılıq etdiyiniz Mədəniyyət İdarəsi 1941-45-ci illər müharibəsinin iştirakçıları ilə görüşlər keçirirmi? Ümumiyyətlə, gənclərin xatirə komplekslərinə ziyarəti hansı səviyyədədir? Onlar bu müharibə haqqında hansı dərəcədə məlumatlandırılılar? Bu işdə Mədəniyyət İdarəsinin rolu və yeri barədə bir neçə kəlmə.

-1941-45-ci illər Böyük Vətən müharibəsində Sovet İttifaqı Qəhrəmanı adını almış ilk azərbaycanlı İsrafil Məmmədovun 100 illiyi ilə bağlı qəhrəmanın adını daşıyan xatirə ev muzeyində, mühazirələr, əmək veteranları, Dağlıq Qarabağ müharibəsi iştirakçılarının qohumlarının görüşləri təşkil edilmişdir. 9 May Qələbə günü qəhrəmanının Gəncədəki Xan Bağında yerləşən məzarı önündə ümumşəhər bayram tədbiri keçirilmişdir, ev muzeyinə məktəblilərin, tələbə gənclərin ekskursiyaları təşkil edilmişdir.

2020-ci ildə 1941-1945-ci illər Böyük Vətən müharibəsində qazanılan 9 May Qələbə gününün 75 illiyi qeyd ediləcəkdir. Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələri rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.

Mədəniyyət müəssisələrinin rəhbərlərinə, gənclərin şəhər və rayonlarda Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə həsr olunmuş xatirə memorial abidələrinə ekskursiyalar, vətənpərvərlik mövzusunda tədbirlərin təşkili üçün tapşırıqlar verilmişdir.

Mədəniyyət İdarəsinin  təşkilatçılığı ilə müharibə veteranlarının iştirak etdiyi, 1941-45-ci illər müharibəsinə həsr edilmiş dəyirmi masaların, bədii proqramların, görüşlərin təşkili barədə nə deyə bilərsiniz?

-Gəncə Regional Mədəniyyət idarəsi tabeliyində olan uşaq musiqi, incəsənət məktəblərinin, mədəniyyət mərkəzlərinin musiqi qrupları, ansambılları müntəzəm olaraq “N” saylı hərbi hissələrdə, gənc əsgərlərin andiçmə mərasimlərində iştirak edir, vətənpərvərlik mövzusunda konsert proqramları təqdim edirlər.

2019-cu ilin iyul ayının 26-28-dək Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Cavadxan” Tarix Mədəniyyət fondunun Kənd Təsərrüfatı Nazirliyinin Gədəbəy rayonunda keçirilən Milli Yaylaq Festivalında Gəncə Dövlət Dram və Kukla Tetrları, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının konsert briqadası, eləcə də Gəncə şəhərində yaşayıb-yaradan dekorativ tədbiqi sənət ustalarının, rəssamların iştirakı təmin olunmuşdur.

Bütün bu tədbirlərlə bərabər Regional İdarənin tabeliyində fəaliyyət göstərən Mərkəzi Kitabxana Sistemində və filiallarında mütəmadi olaraq işğal olunmuş rayonların ildönümü günü, Milli Qəhrəmanların anım günləri, doğum günləri, mühazirə və anım saatları, dəyirmi masalar, foto, kitab sərgiləri keçirilir. Bu tədbirlərdə əsasən məktəblilərin və tələbə gənclərin iştirakı təmin olunur.

 -1941-45-ci illər müharibəsi ilə əlaqədar olan xatirə yerlərinin (təxliyyə hospitallarının, memorialların, abidələrin) pasportlaşdırılması işi hansı səviyyədə yerinə yetirilmişdir? Memorial və xatirə komplekslərinin abadlığının təmin edilməsində hansısa çətinliklər mövcuddurmu? Sonuncu dəfə onlara nə vaxt baxış keçirilmişdir?

 – Əlbəttə ki, bu işdə Mədəniyyət İdarəsinin qarşısına çıxan heç bir çətinliklər yoxdur. Adlarını sadaladığımız xatirə yerlərinə daim baxış keçirilir, onların abadlaşdırılmasına diqqət yetirilir, lazım olan bütün işlərin vaxtında görülməsini nəzərdə saxlayırıq. Şəhər səviyyəli tədbirlərin keçirildiyi məkanlarda, xüsusilə də Xan bağı ərazisində Azərbaycanın ilk Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun abidəsinə tez-tez baxış keçirir, abidənin və o ərazidəki digər mədəniyyət abidələrinin vəziyyəti ilə daim maraqlanırıq.

 -Gəncə Regional Mədəniyyət Idarəsi həmişə gündəmdə öz uğurları ilə yadda qalır. Bu uğurlar yəqin ki, müxtəlif sayda mükafatlarla müşayiət olunur.

-Əlbəttə ki, digər Mədəniyyət İdarələrinin kollektivləri kimi təmsil etdiyimiz idarənin zəhmətkeş insanları da bu işə böyük qüvvə və zəhmət sərf edirlər. İl boyu ərzində onlar müxtəlif tədbirlərin keçirilməsində böyük enerji sərf etmişlər. Və onların bu səyi əvəzsiz qalmamışdır. Onlar Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkil etdiyi bütün tədbirlərə qatılmış, Nazirliyinin xətti ilə keçirilən ümumrespublika müsabiqələrində uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində təhsil alan şagirdlər iştirak edərək, müxtəlif yerlərin, diplom və mükafatların sahibi olmuşlar. Əlbəttə ki, görülən işlər gənc nəslin təlim-tərbiyəsində böyük əhəmiyyət daşıyır. Sadalanan bütün bunlar məktəblilərin və tələbə gənclərin vətənpərvərlik tərbiyəsində böyük rola malikdir.

Ruhulla Zahidov, yazıçı-jurnalist

 

 

 

 

 

 

 

  

 

 

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.