Hər il xalqımız qarşıdan gələn yeni ili böyük sevinc və təntənə ilə qarşılayır. 31 Dekabr həm də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Demək, sevinc sevincə qarışır. Bu il də Gəncə şəhərinin sakinləri yeni ili qarşılamağa hazırlaşır. Yeni ilə 10 gün qalmasına baxmayaraq, şəhərdə indidən bayram ab-havası hiss olunmaqdadır. Bu il də şəhərin mərkəzi ərazisində sakinlərin asudə vaxtının maraqlı təşkili üçün gündəlik müxtəlif şou-proqramlar,fərqli əyləncələr təşkil olunmaqdadır. Bütün bunlarla yanaşı, Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə musiqi proqramları da təşkil olnumaqdadır. F.Əmirov adına Dövlət Filarmoniyasının,Gəncə Dövlət Dram və Kukla Teatrlarının kollektivlərinin iştirakı ilə baş tutacaq konsert proqramlarının gələn ilin yanvar ayının 15-nə kimi davam edəcəyi nəzərdə tutulub.
Dekabr ayının 18-dən başlayaraq, Azərbaycan Respublikasının ikinci böyük elm, təhsil, mədəniyyət və incəsənət mərkəzi olan qədim və həmişəcavan Gəncədə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ümumşəhər tədbirlərə stat verilmişdir. Gəncə şəhər İcra Hakimiyyəti rəhbərliyinin təşəbbüsü və dəstəyi ilə şəhərin baş meydanında ümumşəhər bayram tədbirləri əvvəlki illərdən fərqli olaraq daha maraqlı və yaddaqalan formada təşkil olunmuşdur. Bu tədbirdə şəhərin Uşaq Musiqi Məktəblərinin musiqi kollektivləri də iştirak edir. Startı Gəncə şəhər 1 saylı Uşaq Musiqi Məktəbinin şagirdlərdən ibarət ansamblları ələ almışdır. Məktəbin Nəfəsli alətlər, Saz çalanlar, Nağara çalanlar ansambllarının məharətlə ifa etdikləri bəstəkar və xalq mahnıları şəhər sakinləri tərəfindən maraq və alqışlarla qarşılanmışdır.