Məlum olduğu kimi, Milli Mətbuat Günü ilə əlaqədar olaraq Prezident İlham Əliyev media nümayəndələrinin təltif edilməsi haqqında müvafiq Sərəncam imzalayıb. Təltif olunanlar sırasında Gəncə şəhərində uzun illər media sahəsində fəaliyyət göstərən nümayəndələr də yer alıblar.
Belə ki, “Əməkdar jurnalist” Nüşabə Əsəd Məmmədli 3-cü dərəcəli “Əmək” ordeninə, “Kəpəz” Müstəqil Tele Radio Şirkətinin baş direktorunun birinci müavini Dərgahov Nofəl Elbrus oğlu isə “Tərəqqi” medalına layiq görülüblər.
Xatırladaq ki, bu il Azərbaycan milli mətbuatının yaranmasının 150 illiyi qeyd olunur. Ölkəmizdə ilk mətbu orqan – Həsən bəy Zərdabi tərəfindən təsis edilən “Əkinçi” qəzeti 1875-ci il 22 iyul tarixində nəşrə başlayıb. Elə həmin tarix 1991-ci ildən etibarən Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd edilir.Azərbaycan milli mətbuatının inkişafı görkəmli dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. 1998-ci ildə Ümummilli Liderin təşəbbüsü ilə ölkə mətbuatının üzərindən dövlət senzurası ləğv olunub. Bununla da Azərbaycanda söz və mətbuat azadlığının hüquqi təməli qoyulub. Bu mühüm qərar milli mətbuatın inkişafını sürətləndirib. Dahi şəxsiyyətin media nümayəndələrinə göstərdiyi diqqət və qayğı bu gün onun layiqli davamçısı, cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

