Bəli, həqiqətən də belədir. Mən yaşadığım şəhərin rəhbəri haqqında tək məndə yox, Gəncə əhalisində, şəhər ziyalılarında formalaşmış mövqeyi qeyd etmək istərdim. Niyazi Bayramovun Gəncə kimi böyük və strateji bir şəhərə başçı təyin edilməsi şəhər əhalisi tərəfindən rəğbətlə qarşılandı. Sıravi vətəndaşlar, şəhər ziyalıları, hər kəs cənab Prezidentin bu təyinatını alqışladı. Sosial şəbəkələrdəki paylaşımlarda, siyasətçilərin ayrı-ayrı media orqanlarındakı açıqlamalarında Niyazi Bayramovun sadəliyi və peşəkarlığı ilə işlədiyi müxtəlif vəzifələrdə böyük rəğbət qazandığı dəfələrlə vurğulanmışdır.
Niyazi Bayramov xaraktercə çox ziyalı bir insandır. İstənilən məsələ ilə bağlı haqq-ədalətlə qərar verir. Şəhərdə baş verən prosesləri daim diqqətdə saxlayır, hər bir qurumun rəhbərliyinə, əməkdaşlarına, şəhər sakinlərinə çox hörmətlə yanaşır, insanlara açıqdır, onları dinləməyi bacarır. İstənilən məsələnin dərinliyini öyrənir, onun həll variantlarını nəzərdən keçirir.
İnsana xas olan gözəl, nəcib sifətlərdən biri onun sadəliyi və səmimiyyətidir. Sadə və səmimi insanlar, xüsusi ilə də vəzifə sahibləri yaratdığı ünsiyyətlə təkcə özünə hörmət qazanmır, təmsil etdiyi dövlət qurumlarının ən alisini şöhrətləndirir. Bu isə, dövlətlə xalqın sarsılmaz birliyini təmin edir.

Elçin Cavadov,
Gəncə Dövlət Universitetinin kafedra müdiri.