Gəncəmin Xan çinarı – Altay Məmmədov

Yeri görünən yazıçı – Xatırlananlar

 

“ Gərək dostu elə qazanasan ki, yükünü axirətdə də daşıya biləsən. ” –  Altay Məmmədov

 Hər dəfə adı cəkiləndə qəribə bir kövrəklik vicudumu bürüyür. Çünki bu ad mənə daha çox doğmadır. Bu da səbəbsiz deyil. Səbəb isə məhz çox yaxın ailə dostluğu və onun insani səmimiyyətidir. Hətta bu dostluq mərhum atam, Respublikanın xalq artisti Məhəmməd Bürcəliyevin vəfatından sonra da sona qədər davam edib. Altay Məmmədov hər zaman ona xas olan xüsusiyyətləri ilə seçilməyi sevirdi.

Dostluq məvhumu onun üçün vacib amillərdən biri idi. Hər dəfə zəng edəndə ilk deyəcəyi kəlmə bu idi: “ Oğul Altay əmindir. Anan evdədir ? ”. O, hər zaman zəng edər, atamın həyatda yoxluğunu sanki bizə unutdururmuş kimi problemlərimiz ilə maraqlanar və ailəmizə olan dostluq, qardaşlıq hisslərini bildirərdi. Onunla birgə mərhum həyat yoldaşı Almaz xanım da hər zaman yanımızda olar və sevincimizlə, kədərimizlə bölüşərdi.

Altay Məmmədov ədəbiyyata nasir kimi gəlmiş, 1950-ci ildən başlayaraq hekayələrini müxtəlif mətbuat olqanlarında çap etdirmiş və bu yazıları ilə ədəbi ictimaiyyətin diqqətini özünə cəlb edə bilmişdir. O, həm də ədəbiyyatşünaslıq elmimizin, ədəbi tənqidin, ədəbiyyat tariximizin mükəmməl bilicisi kimi də mühüm fundamental fikirləri, mülahizələri ilə diqqət mərkəzində olamğı bacarmışdır.

Altay Yusif oğlu Məmmədov 1930-cu il mayın 15-də Gəncə şəhərində anadan olmuşdur. O, 4 saylı fəhlə-gənclər məktəbini bitirmiş, 1943-1949-cu illərdə saatsaz şagirdi, usta köməkçisi və usta peşələrində calışmışdır. 1949-cu ildə Həsən bəy Zərdabi adına Gəncə Pedaqoji İnstitutun dil-ədəbiyyat fakültəsinə daxil olmuş və  oranı fərqlənmə diplomu ilə bitirmiş, həmin institutun “ Azərbaycan ədəbiyyatı tarixi ” kafedrasında baş müəllim vəzifəsində saxlanılmışdır. İstedadı və bacarığı ilə hər zaman diqqət cəlb etməyi bacaran Altay Məmmədov hələ tələbəlik illərində “ Kirovabad fəhləsi ” qəzeti redaksiyasında korrektor, “ Gəncə kommunisti ” qəzeti redaksiyasında ədəbi işçi vəzifələrində çalışmışdır. 1950-ci ildə “ Ədəbiyyat qəzeti ”ndə dərc edilən “ Fəhləlikdən alimliyə ” oçerki ilə ədəbi aləmə qədəm qoyan Altay Məmmədov özü artıq belə bir işıqlı ömür yolunun yolçusuna çevrilmişdir.

O, Filologiya elmləri namizədi (1964), dosent (1965), əməkdar mədəniyyət işçisi (1971) idi. 1957-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olmaqla yanaşı, 1962-ci ildə Azərbaycan Yazıçılar Birliyinin Gəncə filialına rəhbərlik etmişdir. Məhz onun rəhbərliyi ilə Gəncənin neçə-neçə sayılıb-seçilən, bu gün də hekayələri, oçerqləri ilə maraqla izlənilən şair və publisistləri yetişdirilmiş, Altay Məmmədov dühasından bəhrələnmişlər.

Bir sözlə, Altay Məmmədov doğma Gəncəmin əsl nüfuz sahibi, mərd kişisi, Xan çinarı idi. Onun sadəliyi, təvəzökarlığı isə bir başqa aləm idi. Hər zaman qamətində Gəncəmin Xan çinarını xatırladan Altay Məmmədov həm də dərs dediyi tələbələrinin mənəvi atası və yaxın dostu idi. Onun dərs dediyi tələbələrin əksəriyyətinin 10-15 ildən sonrakı düşkün, əzgin görkəmi bir insan olaraq qəlbini hər zaman sızladırdı. Altay Məmmədov həssas bir sənətkar, həm də şox kövrək bir insan idi. Kamil bir şəxsiyyət olaraq o yaxşı bilirdi ki, bu düşkünlük, əzginlik sovet həyat tərzinin yerlərdə ziyalılara olan təpkisindən qaynaqlanır. Elə ona görə də məhz bu təpkilərə sinə gəlmək üçün hər zaman dostlarının, tələbələrinin yanında idi.

Altay Məmmədov yaşadığı mühitin qanunlarına üstüörtülü ironiyaları ilə yanaşmaqla hekayələri, oçerqləri, məqalələri və dram əsərləri ilə diqqət mərkəzində idi. Qələmə aldığı hər bir əsər Altay Məmmədov dühasında süzülərək sovet idarə sisteminin dəmir mancanağını, onun puc bir idarə sisteminin ifşası demək idi. Belə olmasa idi nə “ Həmyerlilər ”, nə “ Kişilər ”, nə də ki “ Dəli Domrul ” yaranmazdı.

“ Həmyerlilər ”in maraqlı taleyi və ya Altay Məmmədov dramaturgiyası …

Əslində Altay Məmmədovun nəsrinə bələd olmadan onun dramaturgiyasını duymaq və ona şərh vermək də cətindir. Altay Məmmədov dramaturgiyası teatrın tələblərini dərindən duyan, səhnə effektlərinə deyil, aktyor ifasına güvənərək hər bir personajın isti münasibətindən doğan rejissor traktofkası ilə eynilik təşkil edən həyat həqiqətləridir. Onun ilk dram əsəri olan 1954-cü ildə çap etdirdiyi “ Haralısan əmioğlu ” hekayəsi əsasında qələmə aldığı “ Həmyerlilər ” pyesinin də maraqlı tarixcəsi var. Müəllif  ilk dram əsərinin qələmə alınmasının maraqlı tarixçəsini öz xatirələrində bu çür bölüşür: “ Bir gün dostlarımızla birlikdə yeni tamaşanın ilk baxışından sonra oturub yeyib-içirdik. Söhbət əsnasında çox yaxın ailəvi dostum olan, xalq artisti Məhəmməd Bürcəliyev qəfil mənə dedi:

– Altay, deyirəm bəlkə bir dram əsəri yazasan. Hə ?…

– Nə ? Mən ? Dram əsəri ? Nə danışırsan ay Məhəmməd ? Heç düşünmə.

– Niyə ? Çox duzlu və məzəli qələmin var. Elə hekayələrin, oçerklərin bir dünyadır. Sən gəl bir düşün.

– Yaxşı,baxarıq – dedim. Bu söhbətdən bir müddət keçsə də Məhəmməd Bürcəliyev yenə də öz fikirlərində israrlı idi və mənə dram əsəri yazmağımı təklif edirdi. Bir gün isə o, mənə “ Həmyerlilər ”in ideyasını verdi. Mən bu mövzu ətrafında bir xeyli düşündüm və qərara gəldim ki, “ Haralısan əmioğlu ” hekayəmin motivləri əsasında bir özümü sınayım. Belə də oldu. “ Həmyerlilər ”i yazdım və pyesi Gəncə Dövlət Dram teatrının bədii şurasına təqdim etdim. Pyes oxundu və qəbul edildi. Tamaşanın quruluşçu rejissoru isə elə xalq artisti Məhəmməd Bürcəliyev özü oldu. İlk dram əsərimin səhnə taleyi çox uğurlu oldu.”

Xalq  artisti  Məhəmməd  Bürcəliyev “ Həmyerlilər ” pyesi haqqında “ Ədəbiyyat və İncəsənət ” qəzetinin  28 sentyabr  1990-cı il tarixli  37 (2432)  sayında  “ Həqiqət duyğusu ”  məqaləsində  yazırdı: “Etiraf edirəm ki, biz əsasən əsərdəki bürokratizmin ifşası xəttini qabartmağa çalışmışdıq. Təbii ki, bunu cəmiyyətin ən yaralı yeri hesab etdiyimiz üçün. Biz daha böyük mətləbə, daha böyük dərdə toxunduğumuza əvvəlcə o qədər də əhəmiyyət verməmişdik. Xalqımızı incidən, didib-parçalayan yerlipərəstlik mərəzinə. O zaman gənc Altay ictimaiyyətin diqqətini bu virusa-xalqımızı monolitləşməyə qoymayan, müxtəlif əcayib-qərayib formada təzahür edən, bəzən səmimiyyət donuna bürünməyi bacaran bu yırtıcı qurda-yerlipərəstliyə yönəldə bilmişdi. ”

Qeyd etmək lazımdır ki, müəllifin zəngin həyati müşahidələri əsasında yazdığı “ Həmyerlilər ” pyesi öz janrına görə, vəziyyətlər komediyasına daha çox yaxındır. İctimai təminat idarəsinin müdiri Balvaz Balvazovun (aktyor Ağa Məmmədov) yerliçilik xəstəliyinə məruz qalaraq düşdüyü gülünc vəziyyət, baş mühasib Gümüş Gümüşovun (aktyor Məmməd Cəfər) “ ölü canların ” hesabına yaşaması və yaxud da onlarla “ pəncələşməsi ”, yelbeyin və yüngülxasiyyət  Zərrinin (aktrisa Fəridə Əliyeva) nazir müavini axtarmaq sərgüzəşti komik ünsürlərlə zəngindir və əsərin daha çox vəziyyətlər komediyası şəklində meydana çıxmasına kömək edir.

1964-cü ildən sonra yeni və cəsarətli söz demək imkanın get-gedə məhdudlaşdığı bir dövrdə, müəllifin 1966-cı ildə qələmə aldığı “ Yadındamı ? ” (quruluşçu rejissor Tofiq Kazımov) lirik-psixoloji pyesi də ictimaiyyət tərəfindən böyük maraqla qarşılandı. 1937-ci il represiya qurbanlarının acı taleyi, bu qəbildən olan ailələrin sanki fırtınalı bir dənizə düşmüş həyatı pyesin əsas personajı olan yüksək mənəviyyatlı Zaurun timsalında göstərilir. Xalq artisti Ələddin Abbasov “ Yadındamı ? ” pyesi haqqında öz xatirələrində yazırdı: “ Bu həmin dövr idi ki,mətbuat müvəkkilliyi şəxsiyyətə pərəstişin törətdiyi cinayətlərə həsr olunmuş əsərlərin çapına qəti icazə vermir, ayrı-ayrı əsərlərdə bu məsələyə toxunulan cümlələri də silib atırdı. Bu dövrdə Altay Məmmədovun “ Yadındamı ? ” lirik-psixoloji dramı sözün əsl mənasında cəsarətli söz, addım, inqilab idi. ”

Müəllifin Mirzə Fətəli Axundzadənin “ Aldanmış kəvakib ” pyesinin motivləri əsasında 1974-cü ildə qələmə aldığı “ Ulduzlar görüşəndə ” (quruluşçu rejissor respublikanın əməkdar incəsənət xadimi Yusif Bağırov) qəhrəmanlıq komediyası da dövrünün maraqlı səhnə əsərlərindən biri hesab edilir. Bu illərdə keçmiş sovet post məkanının tüğyan etdiyi Brejnev hakimiyyətinin lap mənəm-mənəm dediyi vaxtda səhnədən deyilən “ Məmləkətdə ən böyük soyğunçu, quldurbaşı elə qibleyi-aləmin özüdür ” çümləsinin qeyri adi bir vəclə, bir uğultu ilə qarşılanması tamaşaçıların hər bir anı böyük inçəliklə anladıqlarının göstəriçisi idi. Xalq artisti Zülfüqar Baratzadə “ Ulduzlar görüşəndə ” pyesi haqqında öz xatirələrində yazırdı: “ Yaxşı yadımdadır, bir ədəbi geçədə Zaman xanın dili ilə deyilən “ Xəzinədə çoxlu pul olması vacibatdandır. Bəlkə şahənşah müharibə eliyəsi oldu, bəlkə bir Əfqanıstana hücum elədik ” sözləri burada iştirak edən o zamankı şəhər rəhbərliyini şok vəziyyətinə saldı, cünki qonşularımız artıq Əfqanıstanda vuruşurdular. Xoşbəxtlikdən bu sözlərin başına o zaman ip salan olmadı, sanki heç eşitməmişdilər. ”

Altay Məmmədovun 1980-ci illərdə qələmə aldığı maraqlı səhnə əsərlərindən biri də “ Dədə Qorqud ” dastanının motivləri əsasında yazmış olduğu “ Dəli Domrul ” qəhrəmanlıq komediyasıdır. Əsasən həyatla Domrul (xalq artisti Ələddin Abbasov) ölüm Əzrayıl (əməkdar artist Faiq Qasımov) arasındakı dialoq əsasında yazılmış bu əsərində içtimai yükü və zamana baxışı ağırdır. Həyatı bəzəmək, əminamanlıq icərisində yaşamaq eşqi ilə ürəyi döyünən Domrulun şər qüvvə olan Əzrayıl tərəfindən ram edilməsi, hər an onun arzularının puc olmasına calışması zaman və məkan baxımından insan ömrünün nə qədər az, əlcatmaz olduğunu diqtə edir. Bir-birini tamamlayan mizanlar, işıq və musiqi tərtibatı obrazların rejissor traktofkası ilə eynilikdə uğurlu səhnə taleyindən xəbər verirdi. Xalq artisti Məhəmməd Bürcəliyev “ Dəli Domrul ” pyesi haqqında öz xatirələrində yazırdı: “ İndi teatrın texniki imkanları elə inkişaf edib ki, protokolu da səhnələşdirib göstərmək olur. İşıq, səs effektləri və.s. Ancaq protokolu səhnədən ayıran kimi adi kağıza çevrilir. Əsl pyes isə səhnədən ayrılanda da müstəqil bədii əsər kimi yaşamaq iqtidarı olan əsərdir. Altay Məmmədovun dram əsərləri xüsusi ilə də “ Dəli Domrul ” qəhrəmanlıq komediyası məhz bu xüsusiyyətlərə malikdir. “ Dəli Domrul ”un obrazları həyati, canlı, mükəmməl fərdi xüsusiyyətlərə malik olması ilə fitri dramaturgiyadır. Ümumiyyətlə nəyinki “ Dəli Domrul ”da eləçə də Altay Məmmədovun bütün əsərlərində böyüklüyündən, kiçikliyindən asılı olmayaraq obrazlar aktyora öz istedadını nümayiş etdirmək, müəllif fikrini sərrast çatdırmaq imkanı yaradır. ”

Altay Məmmədovun dram əsərləri Azərbaycanda, eləcə də Rusiyada, Tacikistanda, Bolqarıstanda, Türkiyə və İranda tamaşaya qoyulub, bir sıra əsərləri ispan, ingilis, ərəb, fars, macar, eston, tacik və tamil dillərinə tərcümələrdə çap edilib.

“ İlk busə ”, “ Araba hələ aşmayıb ” və ya“ Diribaş adamlar ”…

Altay Məmmədov eyni zamanda tərcümə ilə də məşğul olmuş, Əbdüqəhhar İbrahimovun “ İlk busə ”, Otar İoselianinin “ Araba hələ aşmayıb ”, Vasili Şukşinin “ Diribaş adamlar ” pyeslərini rus dilindən doğma dilimizə Azərbaycan dilinə çevirmişdir. Həmçinin Altay Məmmədov 1958-ci ildə çapdan çıxan “ On birinci açar ” adlı ilk hekayələr kitabı ilə ədəbiyyata istedadlı bir nasir kimi daxil ola bilmişdir. Onun yaradıcılığında hekayə janrı mühüm yer tutur. “ Narınc ”, “ Anam qocalmışdı ”, “ Uvertüra ”, “Məhəbbətin səsi ”, “ Gülab nəfəsli ” və.s. hekayələri bu janrın gözəl nümunələrindəndir. Xüsusilə, “Məhəbbətin səsi ” və “ Gülab nəfəsli ” hekayələri o illərdə oxucuların ən çox sevdiyi nəsr əsərlərindən hesab edilirdi. Bu iki hekayədə müəllif saf, təmiz məhəbbətin əbədiliyi ideyasını irəli sürürdü.

Altay Məmmədov Gəncədə yaşayırdı, amma onun əsərləri ispan, ingilis, ərəb, fars, macar, eston, tacik və başqa dillərə tərcümə edilirdi, Moskvada üç kitabı çapdan çıxmışdı, “ Mahnı ” povesti Şri-Lankada, Hindistanda ayrıca kitab şəklində oxuculara çatdırılmışdı. Qeyd etmək lazımdır ki, Altay Məmmədov iki görkəmli Azərbaycan yazıçısı – İlyas Əfəndiyevdən və Ənvər Məmmədxanlıdan sonra lirik hekayə janrının gözəl nümunələrini yaradıb, bu iki görkəmli yazıçının yolunu, şərəflə, uğurla davam etdirib. Altay Məmmədov “ Azərbaycan hekayəsi ” adlı çox sanballı bir monoqrafiyanın da müəllifi olub. Müəllif bu əsərində Azərbaycan hekayəsinin qaynaqlarına üz tutur, realist hekayənin yaranmasına qədərki mərhələni çox geniş bir formada araşdırır. Realist hekayələrin yaranma tarixini geniş şəkildə şərh edir. Burada heç şübhəsiz, şifahi xalq yaradıcılığı-dastanlar, qaravəllilər, zərbi-məsəllər, rəvayətlər, daha sonra epik poeziyamızda mənzum hekayələri mühüm rol oynayır.

Altay Məmmədov ədəbiyyatşünaslıq elmimizin, ədəbi tənqidin, ədəbiyyat tariximizin də mükəmməl bilicisi idi. Həm klassik, həm də çağdaş ədəbi prosesi dərindən mənimsəməklə yanaşı bu prosesləri daha dərindən təhlil etməklə araşdırmış və böyük oxuçu kütləsinin diqqətinə təqdim edə bilmişdir. “ Dədə Qorqud ”u, Nizamini, Füzulini, Vaqifi, Mirzə Cəlili, Əbdürrəhim bəy Haqverdiyevi hansı elmi səriştəliklə şərh edirdisə, S.Vurğunu, R.Rzanı, B.Vahabzadəni, İ.Şıxlını, M.Arazı, Y.Səmədoğlunu, Anarı, Elçini, M.Süleymanlını, R.Rövşəni, Ə.Salahzadəni, İ.Ismayılzadəni də eyni duyum və fikir aydınlığı ilə təhlil edir, maraqlı mülahizələrini, fikirlərini bölüşürdü.

Onunla son görüşümü xatırlayıram. Bu Gəncədə 2002-ci ilin mart ayına təsadüf edir. Novruz bayramı ərəfəsi idi. Gəncəmin Xan çinarı olan Altay Məmmədovun görüşünə getmişdim. Yenə də əzəmətli boyu və gözəl nitqi ilə hər kəsi valeh edirdi. Onu dinlkədikcə sanki ruhum dincəlirdi. Söhbət əsanasında maraqlı bir fikri diqqətimi çəkdi və onun bu fikirlərini öz cib dəftərçəmə yazdım. Bu gün yenidən o fikirləri oxuyuram: “ Mən Sabir Əhmədlinin “ Qanköçürmə stansiyası ” əsəri və ümumiyyətlə bu mövzunun dəfələrlə böyründən ötüb keçmişəm, ancaq bu mövzuda belə gözəl bir əsər yazmağın mümkünlüyü heç ağlıma da gəlməyib. ”

Yazımın əvvəlində olan fikrə bir daha qayıtmaq istəyirəm. Altay Məmmədov üçün  dostluq məvhumu vacib amillərdən biri idi. O, dostluğu baçarırdı. Adına və əzəmətinə görə. Dost onun üçün əvəzsiz varlıq idi. Deyirdi ki, gərək dostu elə qazanasan ki, yükünü axirətdə də daşıya biləsən. Elə bu yükü, bu dünyadan axirətinəcən də daşıdı. Öz dövrünün gəncliyinin sevimli şairi Əli Kərimin ən yaxın dostu, sirdaşı idi. Əli Kərim haqqında qəzet-jurnal səhifələrində olan unudulmaz xatirələrini hər zaman böyük şövqlə çap etdirərdi. Çünki onun yaradıçılığı Altay Məmmədov üçün çox əziz idi. Əli Kərim itkisi onu çox ağrıdırdı, bu niskili daim ürəyində gəzdirirdi. Bu gün biz də Altay Məmmədov itgisini, ağrısını və nisgilini qəlbimizdə gəzdiriik. Ruhun hər zaman şad olsun, Gəncəmin Xan çinarı.

Anar Bürcəliyev

 teatrşünas

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.