Gəncə İdman Liseyində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram şənliyi keçirilib. Gəncə şəhər Ağsaqqallar Şurasının, veteran və qazilərin, KİV təmsilçilərinin iştirak etdiyi şənlikdə liseyin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiyalar, milli və xarici rəqslər, səhnəciklər nümayiş olunub, vətənpərvərlik ruhunda mahnılar ifa olunub.Uşaqlar Şaxta baba və Qar qızla birgə rəqs edib, mahnılar səsləndirib, öz bacarıqlarını nümayiş etdirdilər. Şagirdlərin göstərdikləri səhnəciklər bütün tədbir iştirakçılarının alqışına səbəb oldu. Şagirdlər bir-birindən rəngarəng çıxışları ilə bayram əhval-ruhiyyəsi yaratdılar.
İlk öncə çıxış edən liseyin direktoru Mehman Allahverdiyev tədbirin keçirilməsində başda Gəncə idman liseyinin fizika müəllimi, GDU-nun fizika kafedrasının baş müəllimi, ADAU- nun doktorantı Xavəri Xavər Ələmxan qızı olmaqla zəhməti olan bütün müəllim və şagirdlərə öz minnətdarlığını bildiridu. O, müəllim və şagirdləri bayram münasibətilə təbrik etdi, yeni ildə hər kəsə uğurlar arzuladı.
Digər çıxışçılar da öz ürək sözlərini söyləyərək, hər kəsin bayramını təbrik etdilər.
Tədbir iştirakçıları çıxışlarında Respublikamızın Prezidenti, Ali Baş Komandan İlham Əliyevi doğum günü münasibətilə təbrik edib, ona can sağlığı və işlərində ən böyük uğur və nailiyyətlər arzuladılar. Şagirdlər bu təbrikə vətənpərvərlik ruhunda söylədikləri şeirlər, ifa etdikləri mahnılar və rəqslər ilə qoşuldular. İfalar tədbir iştirakçılarının sürəkli alqışları ilə müşayiət olundu.
Sonda tədbir iştirakçıları birlikdə xatirə şəkilləri çəkdirdilər.
Onu da qeyd edək ki, Gəncə İdman liseyi respublikamızda tanınmış təhsil ocaqlarından biridir.
Lisey adından göründüyü kimi idman yönümlü təhsil ocağıdır. Son illər liseyin perspektivli və yüksək nəticələr qazanan çoxlu sayda yetirmələri vardır. Liseydə təhsil alan uşaqlara xüsusi diqqət yetirilir, uşaqların təhsili, dünyagörüşlərinin zənginləşdirilməsi və sağlamlıqlarının qorunması istiqamətində əhəmiyyətli işlər görülür. Uşaq – gənclər siyasəti uğurla həyata keçirilir, uşaqların hər birinə xüsusi diqqət və qayğı göstərilir.









