Gəncə Şəhər İcra Hakimiyyətinin və YAP Gəncə şəhər təşkilatının birgə təşkilatçılığı ilə görkəmli oftolmoloq alim, akademik Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş “Nura qərq olan ömür” adlı dəyimi masa keçirilib.
YAP Gəncə şəhər təşkilatının inzibati binasında keçirilən tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, millət vəkili Pərvin Kərimzadə, Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov, Gəncə Tibb Kolleci PHŞ-nin direktoru, Əməkdar həkim Mehman Rzayev, bələdiyyə sədrləri, idarə, müəssisə, təşkilat rəhbərləri və ziyalılar iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra görkəmli oftolmoloq alimin mənalı həyat yolundan və zəngin elmi fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Niyazi Bayramov çıxışında bildirib ki, Azərbaycan elminin və səhiyyəsinin inkişafında müstəsna xidmətləri olan görkəmli alim, akademik Zərifə Əliyeva parlaq zəkası, yüksək insani keyfiyyətləri və vətəninə olan sonsuz məhəbbəti ilə elmi irsimizdə silinməz iz qoymuş nadir şəxsiyyətlərdən biridir. Onun adı bu gün də Azərbaycan səhiyyəsində yüksək hörmətlə çəkilir, tədqiqatları hələ də aktualdır və aktual olaraqda qalacaqdır.
Çıxış edən natiqlər Zərifə Əliyevanın əsl Azərbaycan xanımı kimi mənəvi dəyərlərimizin layiqli daşıyıcısı, həmçinin sadiq və fədakar həyat yoldaşı, qayğıkeş ana kimi xarakterizə ediblər. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin mənəvi dayağı olan Zərifə xanım Əliyeva, eyni zamanda Vətən üçün layiqli övladlar bəxş edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsiyyətində bu dəyərlərin yaşadığı və inkişaf etdiyi diqqətə çatdırılıb.
















