Gəncədə “Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərimizin rolu” adlı tədbir keçirilib

Gəncədə “Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərimizin rolu” adlı tədbir keçirilib.
Gəncə İmamzadə Dini Kompleksində baş tutan tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Siyavuş Heydərov, QMİ-nin Qazilər Şurasının üzvü Hacı Tahir Abbasov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, DQİDK-nin Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, Kəpəz Bələdiyyəsinin sədri Yaşar Abdullayev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşı, şəhid ailələri və qazilər iştirak ediblər. Tədbir Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub.
Əvvəlcə 44 günlük Vətən Müharibəsində torpaqlarımızın azadlığı uğrunda canından keçən vətən oğullarının əziz xatirəsi İmamzadə Dini Kompleksinin ziyarətgahında anılıb, onların ruhuna dualar oxunub.
Hacı Tahir Abbasov qonaqları salamlayaraq bildirib ki, tarixin süzgəcindən keçib gələn milli-mənəvi dəyərlərimiz xalqımızın formalaşmasında, öz milli dövlətini qurmasında ən önəmli faktorlardandır. Ulu Öndər Heydər Əliyevin “Bizim mənəvi, islami dəyərlərimiz nəsillərdən, nəsillərə keçib, yaşayıb, gəlib bu günlərə çatıb. Bunlar bu gün də xalqımızın, millətimizin ən böyük sərvətidir” fikirlərini tədbir iştirakçılarının diqqətinə çatdıran Hacı Tahir Abbasov tolerantlığa əsaslanan multikultural dövlət siyasətinin təməlinin də elə məhz Ümummilli Liderimiz tərəfindən atıldığını vurğulayıb.
DQİDK-nin sədr müavini Siyavuş Heydərov çıxış edərək milli-mənəvi dəyərlərin ictimai şüurun formalaşmasında və həmrəyliyin təmin olunmasında mühüm rol oynayır. Siyavuş Heydərov 44 gün davam edən ikinci Qarabağ müharibəsində qazanılan böyük zəfərdə bu ali dəyərlərin də əhəmiyyət kəsb etdiyini bildirib. Diqqətə çatdırıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, uzaqgörən daxili və xarici siyasəti,Rrəşadətli Ordumuzun gücü, xalqımızın milli ruh yüksəkliyi və milli-mənəvi həmrəyliyimizin vəhdəti nəticəsində 30 ilə yaxın müddət ərzində düşmən işğalı altında qalmış Qarabağ öz doğma sahiblərinə – xalqımıza qaytarıldı. Siyasi, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, hər kəs Vətənimiz uğrunda bənzəri olmayan həmrəylik nümayiş etdirdi.
Təbirdə iştirak edən qonaqlar da öz növbələrində milli birliyin möhkəmlənməsində mənəvi dəyərlərin rolu barədə danışaraq bildiriblər ki, tarixin ən çətin dövrlərində belə xalqımız öz milli-mənəvi dəyərlərini qoruyub saxlamağı, müqəddəs məqsədləri uğrunda birləşməyi, vəhdət olmağı bacarıb.
Daha sonra Vətən Müharibəsində qəhramanlıq yazaraq xalqımızın mənəvi dəyərlərini bir daha zənginləşdirən şəhidlərimiz haqqında danışılıb, onların ailələrinin təklifləri dinlənilib.
Sonda görüş iştiakçılarına müqəddəs Quran kitabı təqdim edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.