Gəncədə “V Beynəlxalq Kənd Təsərrüfatı və Qida Texnologiyalarının Tədqiqi Konfransının (I-CRAFT 2025)” açılış mərasimi keçirilib

Konfrans Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) və Türkiyənin Çukurova Universitetinin birgə təşkilatçılığı ilə Gəncə şəhər Heydər Əliyev Mərkəzində baş tutub.

Tədbirin məqsədi kənd təsərrüfatı və qida texnologiyaları sahəsində elmi tədqiqatların müzakirəsi, innovativ yanaşmaların təşviqi və beynəlxalq əməkdaşlığın genişləndirilməsidir.

İştirakçılar əvvəlcə Mərkəzin önündə yerləşən Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər.  

Beynəlxalq konfransda əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Ardınca  Dövlət Himni səsləndirilib, ADAU-nun tanıtım videoçarxı nümayiş etdirilib.

ADAU-nun rektoru Zəfər Qurbanov konfransın əhəmiyyətindən danışaraq qeyd edib ki, tədbir aqrar elmdə bilik və təcrübə mübadiləsi üçün mühüm platformadır. O, ADAU-nun beynəlxalq uğurlarını, Ege Universiteti ilə ikili diplom proqramını və ASIIN institutu tərəfindən verilən akkreditasiyanı diqqətə çatdırıb.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov, Elm və Təhsil Nazirliyinin müşaviri Nicat Məmmədəli, Milli Məclisin deputatı Musa Quliyev və FAO-nun Azərbaycandakı rəhbəri Muhamməd Nasar Hayat çıxış edərək konfransın elmi əməkdaşlıq və innovasiyaların təşviqi baxımından əhəmiyyətini vurğulayıblar.

Türkiyənin Ege Universitetinin rektoru Nəcdət Budak tədbirin elmin inkişafında rolunu qeyd edib, Çukurova və Macarıstan universitetlərinin rektorlarının videomüraciətləri nümayiş olunub.

Konfrans çərçivəsində elmi məruzələr, panel müzakirələr və beynəlxalq əməkdaşlıq görüşləri keçirilib.

Qeyd edək ki, üç gün davam edəcək konfransın ikinci günündə bölmə iclasları, üçüncü günündə isə iştirakçıların Şuşa-Xankəndi səfəri nəzərdə tutulub.

Gəncədə “V Beynəlxalq Kənd Təsərrüfatı və Qida Texnologiyalarının Tədqiqi Konfransının (I-CRAFT 2025)” açılış mərasimi keçirilib
Gəncədə “V Beynəlxalq Kənd Təsərrüfatı və Qida Texnologiyalarının Tədqiqi Konfransının (I-CRAFT 2025)” açılış mərasimi keçirilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.