Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Atletika Federasiyası (AAF) və “Zəfər” Qaçış Klubunun birgə təşkilatçılığı ilə Gəncə şəhərində Gəncə, Göygöl, Daşkəsən, Samux, Şəmkir, Ağstafa, Gədəbəy, Qazax, Tovuz və Kəlbəcər rayon səhiyyə işçiləri və Tibb kolleci tələbələrinin iştirakı ilə “Sağlamlığa Doğru Qaç!” adlı növbəti mərhələ yarışı keçirilib.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası sədr müavini, Dövlət İşçiləri Həmkarlar İttifaqı Komitəsinin sədri Hikmət Osmanov, Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Elnarə Muradova, Gəncə Tibb Kolleci PHŞ-nin direktoru, Əməkdar həkim Mehman Rzayev, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi v.m.i.e. Elvin Quliyev və digər rəsmilər iştirak ediblər.
Tədbir Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyularaq, onun əziz xatirəsinin dərin ehtiramla yad edilməsi ilə başlayıb.
Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bildirilib ki, 17 İyun – Tibb işçilərinin Peşə bayramına həsr edilən layihənin əsas məqsədi tibb işçilərinin fiziki sağlamlığının təşviqi, onların asudə vaxtlarının səmərəli təşkili, həmkarlar arasında həmrəyliyin möhkəmləndirilməsi və yeni dostluqların qurulmasıdır.
Gəncə şəhərində uğurla keçirilən “Sağlamlığa Doğru Qaç!” layihəsi iştirakçılar arasında böyük sevinc və bayram əhval-ruhiyyəsi yaradıb. Belə ki, 5 km məsafə 150 nəfərə yaxın rayon Səhiyyə İşçiləri Həmkarlar İttifaqı (SİHİ) şuralarından olan iştirakçılar və tələbələr arasında uğurla sonlandırılıb.Yarışın yekununda ilk üçlükdə yer alan qadın və kişi iştirakçılara diplom, medal və hədiyyələr təqdim olunub.
Tədbirin bədii hissəsində Gəncə Tibb Kollecinin tələbələrindən ibarət “Lalələr” rəqs qrupunun ifası və flaşmob tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Tədbirin sonunda qonaqlara və iştirakçılara çay süfrəsi təqdim edilib.













