44 günlük Zəfər yürüşündə öz şücaəti ilə seçilən, Vətən uğrunda canını fəda edən şəhid, baş leytenant Elgün Fuad oğlu Xıdırovun xatirəsi anılıb.
29 aprel 2022-ci il tarixdə Gəncə şəhər Mərkəzi Kitabxananın oxu zalında şəhid, baş leytenant Elgün Xıdırovun xatirəsinə həsr olunmuş “Zəfər salnaməsinin qəhrəmanları-Şəhidlər” adlı görüş keçirildi.
Tədbirdə Gəncənin yazarları: Azərbaycan Yazıçılar Birliyi Gəncə Bölməsinin sədri, şair Xəzangül Hüseynova, nasir, şair, publisist, dramaturq Qərib Mehdi, şairlərdən: Aləmzər Əlizadə, Sahib İbrahimli, İmamverdi Məmmədov, Saleh Qurbanov, Zahir Şirani, İnqilab İshaq, İqbal İsmayılov, Fatimə İman, Eldar Usta, Minayə Abdullayeva, Elton Türkel, yazıçı Kənan Yusifoğlu, Əməkdar mədəniyyət işçisi, şair-publisist Bəxtiyar Muradov , “Gəncənin səsi” qəzetinin baş redaktoru Rəfiqə Sadıqova, “Новости Гянджи”qəzetinin müxbiri Mahir İsayev, GDU-nun Ekologiya kafedrasının müdiri Sevda Əliyeva, şəhidin atası Fuad Xıdırov, anası Xumar Kazımova, bacısı. xalası, digər qohumları, şəhid Orxan Namazovun anası Nailə Məmmədova döyüş yoldaşları, orta məktəb yoldaşları, ali məktəb yoldaşları, Goranboy rayon şəhid Mübariz Fərmanov adına Xoylu kənd tam orta məktəbin direktoru Sarvan Bayramov, tarix müəllimi Sübhi Novruzov, ziyalılar, 4 və 6 №li tam orta məktəbin şagirdləri, 31 saylı bağçanın uşaqları, kitabxana işçiləri, fəal oxucular iştirak ediblər.
Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə açan MKS-nin direktor əvəzi Fəridə Qədimova bildirdi ki, xalqımızın qəhrəmanlıq tarixində özünəməxsus yeri olan Azərbaycan Ordusu 44 günlük müharibədə milli birlik simvolu göstərdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın azad olunması uğrunda gedən 44 günlük Vətən müharibəsində böyük igidlik və şücaət, rəşadət göstərən ordumuz gücünü bütün dünyaya göstərdi. Goranboy rayon
Xoylu kənd orta məktəbinin direktoru Sarvan Bayramov və tarix müəllimi Sübhi Novruzov Qarabağda qəhrəmanlıq dastanı yazan Elgün Xıdırovun təhsil illərindən bəhs edərək, bildiriblər ki, Elgün Xıdırov əxlaqı və tərbiyəsi ilə həmişə seçilib. Onun vətənpərvərliyi hər kəsə nümunə olub. Elgün Xıdırov kimi qəhrəmanlar Azərbaycan xalqı var olduqca qəlblərdə daim yaşayacaq və heç vaxt unudulmayacaq. Döyüş yoldaşları Elgün Xıdırovun qısa, lakin şərəfli ömür və döyüş yolundan, göstərdiyi şücaətlərdən danışıblar.
Tədbirdə digər çıxış edənlər Elgün Xıdırovun vətənə bağlılığından və Azərbaycanın qəhrəmanlıq tarixində qoyduğu silinməz izdən söz açıblar. Bildirilib ki, Azərbaycan Ordusunun baş leytenantı olan Elgün Xıdırov 2020-ci il sentyabrın 27-də Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıq göstərərək qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün “Vətən uğrunda”,“İgidliyə görə”,”Füzulinin azad olunmasına görə” medalları və 3 cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunmuşdur. Nümunəvi xidmətinə görə “Azərbaycan Ordusunun 100 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmişdir. Tədbirdə qeyd edilib ki, Elgün Xıdırov kimi şəhidlərin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnək olacaqdır. Tədbir iştirakçıları vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizə dərin ehtiram olaraq minnətdarlıqlarını bildirib və qarşılarında baş əydiklərini, həyatlarını qurban vermiş şəhidlərə borclu olduqlarını qeyd ediblər. Bildirilib ki, vətən, torpaq uğrunda şəhid olan oğullarımızla fəxr etməliyik.
Gəncə şəhər 4 və 6 saylı məktəbin 7-ci sinif şagirləri Ağayeva Səma, Cəfərova FidanƏliyeva Banu, Abdullazadə Müjdə Vətənə və şəhidlərə həsr edilmiş şeirlər səsləndiriblər. 31 saylı bağçanın uşaqları şəhidlərə həsr edilmiş kompozisiya ilə çıxış edibıər.
Tədbirdə şəhidin həyatını əks etdirən video-çarxlar nümayiş etdirilib.
Tədbir iştirakçıları ölkəmizdə şəhid ailələrinə diqqət və qayğıya, hərtərəfli dəstəyə görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse – prezident hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər. Xalqımızın şanlı tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Zəfər yürüşünün şəhidləri heç vaxt unudulmayacaq, xalqımız var olduqca onların qəhrəmanlıqları həmişə anılacaq, xatirələri əziz tutulacaqdır!