Türk dünyasının dahi liderlərindən olan Mustafa Kamal Atatürkün vəfatından 86 il ötür. Bununla əlaqədar olaraq Türkiyənin Gəncədəki Baş konsulluğunda anım mərasimi keçirilib. Anım mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki Baş konsulu Qaxaber Abdaladze, hüquq-mühafizə orqanlarının, habelə idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Tədbir Azərbaycan və Türkiyən Respublikalarının dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Daha sonra Mustafa Kamal Atatürkün xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Recep Öztop çıxışında bildirib ki, Qazi Mustafa Kamal Atatürkün təşəbbüsü ilə 29 oktyabr 1923-cü il tarixdə Türkiyə Cümhuriyyəti elan edilib. Dahi şəxsiyyət Atatürkün apardığı bir sıra islahatlar nəticəsində ölkə sürətlə inkişaf edib. Bu gün Türk xalqı böyük Atatürkün miras qoyduğu qayda-qanunlara hörmətlə yanaşır və ideyalarını həyata keçirir.
Niyazi Bayramov bildirib ki, Atatürk türk xalqı üçün olduğu qədər, Azərbaycan milləti üçün də dəyərli şəxsiyyətdir. Onun “Sevinciniz sevincimiz, kədəriniz kədərinizdir” fikri Azərbaycan və Türkiyə arasında olan tarixi qardaşlıq əlaqələrinin ən gözəl ifadəsidir. O, öz ömürünü türk xalqının inkişafına və müasirləşməsinə hərs edib, bu yolda yorulmadan, böyük səylə çalışıb. Türkiyə Cümhuriyyəti Atatürkün özündən sonraki nəsillərə miras qoyduğu ən önəmli sərvətdir.
Sonda Mustafa Kamal Atatürkün xatirəsinə həsr olunmuş videoçarx izlənilib.