Azərbaycan Dövlət Aqrar Universitetində Gəncə Şəhər İcra Hakimiyyətinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin Gəncə-Daşkəsən Regional Filialının birgə təşkilatçılığı ilə “Himayədar ailə” uşaq alternativ qayğı modeli mövzusunda növbəti ictimai dinləmə keçirilib.
Tədbirdə Sosial Xidmətlər Agentliyinin Gəncə-Daşkəsən Regional Filialının müdiri Hikmət Əmiraslanov, Gəncə Şəhər İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Xalidə Mete, Sosial Xidmətlər Agentliyinin Valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin müdiri Cavid Şahmalıyev, filialın aparıcı mütəxəssisi Cavanşir Ələkbərov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, qeyri-hökumət təşkilatlarının nümayəndələri və təhsil işçiləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Hikmət Əmiraslanov Sosial Xidmətlər Agentliyinin fəaliyyət istiqamətləri, həssas əhali qruplarına göstərilən sosial xidmətlər, bu sahədə operativliyin, əlçatanlığın və şəffaflığın təmin olunması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.
Daha sonra çıxış edən natiqlər “Himayədar ailə” qayğı modelinin mahiyyəti, üstünlükləri, müraciət qaydaları və mövcud hüquqi çərçivə barədə iştirakçıları məlumatlandırıblar. Həmçinin himayədar valideyn olmaq istəyən şəxslərin qiymətləndirilməsi prosesi və bu sahədə praktiki məsələlər təqdimatlar vasitəsilə izah olunub.
Tədbirin sonunda mövzu ətrafında geniş müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.

